Gəncənin icra başçısı “fəxri vəkil” oldu


23:15     12 Sentyabr 2018 2018/09/5DABF0A3-47A0-477A-A771-38D5CD1099A5_1536765474.jpeg

“Azərbaycan Respublikasında vəkilliyin inkişafı ilə bağlı əlavə tədbirlər haqqında" Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 22 fevral tarixli Sərəncamının qəbulundan sonra ölkəmizdə vətəndaşların yüksək keyfiyyətli hüquqi yardım almaq hüququnun həyata keçirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi və ədalət mühakiməsinin səmərəli fəaliyyəti üçün güclü və nüfuzlu vəkillik təsisatının qurulması istiqamətində Azərbaycan Respublikası Vəkillər Kollegiyası tərəfindən ardıcıl tədbirlərin həyata keçirilməsi davam etdirilir.

Vəkillər Kollegiyasından Femida.az-a verilən məlumata görə, qeyd edilən tədbirlərin davamı olaraq bu günlərdə respublikanın qərb regionunda fəaliyyət göstərən vəkillər üçün “Vəkillik etikası: müasir çağırışlar” mövzusunda elmi-praktik seminar keçirilir. Səksənədək vəkilin, habelə regionun məhkəmə hakimiyyəti nümayəndələrinin də qatıldığı seminar Azərbaycan Respublikası Vəkillər Kollegiyası və Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyətinin (GİZ) birgə təşkilatçılığı ilə Gəncə şəhər Nizami Rayon Məhkəməsinin yeni inzibati binasında təşkil olunub. Seminarda Gəncə, Mingəçevir şəhərlərində, Qazax, Tovuz, Tərtər, Goranboy, Bərdə, Samux, Şəmkir, Ağstafa və Göygöl rayonlarında fəaliyyət göstərən vəkillər iştirak edirlər.

Gəncəyə səfər çərçivəsində Vəkillər Kollegiyası rəhbərliyinin şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramovla görüşü olub.

Görüşdə Kollegiyanın sədri Anar Bağırov respublikamızda vəkillik institutunun müasirləşdirilməsi üzrə görülən tədbirlər, Gəncə şəhərində vəkilliyin maddi-texniki vəziyyətinin yaxşılaşdırılması istiqamətində atılan addımlar, habelə yerli vəkillərin Gəncə sakinlərinə yüksək keyfiyyətli hüquqi yardım göstərməyə hazır olmaları barədə məlumat verilib.

Eyni zamanda, görüş çərçivəsində icra hakimiyyəti başçısının öz peşə həyatına 1980-ci ildə məhz vəkil kimi başlaması, 1986-ci ildə dövlət qulluğuna keçdiyi dövrədək qüsursuz fəaliyyəti nəzərə alınaraq, Vəkillər Kollegiyası Rəyasət Heyətinin qərarına əsasən, Niyazi Bayramovun “Azərbaycan Respublikası Vəkillər Kollegiyasının fəxri vəkili” adı ilə təltif olunması üzrə diplom və rəmzi vəkil mantiyası ona təqdim olunub. Niyazi Bayramova yeni məsul vəzifəsində uğurlar arzu edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 420