Ermənistan Azərbaycana müharibə elan edib?


16:48     13 Sentyabr 2018 2018/09/10374-1536827424_1536828577.jpg

Bu gün bəzi erməni KİV-ləri Ermənistan parlamentinin Azərbaycana müharibə elan etməsi barədə rezonans doğuran xəbər tirajlayıb. Məlumatda qeyd olunub ki, sentyabrın 12-də Ermənistan parlamenti özünün fövqəladə yığıncağında Azərbaycana müharibə elan edilməsi barədə qərar qəbul edib.


“Ermənistan hökumətinin sentyabrın 12-də “Müharibə elan edilməsinin dəstəklənməsi barədə” təklifini əsas götürərək, Ermənistan Konstitusiyasının 118-ci maddəsini rəhbər tutaraq və “Ermənistan Milli Məclisinin Nizamnaməsi”nin 105-ci bəndinə əsaslanaraq Ermənistan Milli Məclisi Azərbaycan Respublikasına müharibə elan etməyi qərara alır”- qərarda bildirilib.

Qərar sentyabrın 11-də başlayan “Şant-2018” komanda-qərargah təlimləri çərçivəsində çıxarılıb. Belə ki, “Şant-2018” hərbi təlimləri çərçivəsində Ermənistanda hərbi vəziyyət elan edilib. Bu, ümumdövlət təlimləri “planlı xarakter daşıyır” və dövlətin müdafiəyə hazırlığını, səfərbərlik orqanlarının və hərbi idarəetmə strukturlarınn təcavüz zamanı səfərbərlik hazırlığını yoxlamaq, bütün dövlət strukturlarının yüksək hazırlıq vəziyyətinə gətirilməsi imkanlarını yoxlamaq üçündür.

Erməni KİV-lərinin qəsdən təfərrüatları açıqlamadan yaydığı xəbər Azərbaycanda ictimaiyyət arasında çaşqınlıq yaradıb və sözügedən qərar Ermənistanın Azərbaycana rəsmən müharibə elan etməsi kimi başa düşülüb.

Əslində qeyd olunan faktlar “Şant-2018” hərbi təlimlərinin ssenarisinə daxildir. Belə ki, ssenariyə əsasən, Ermənistanda fövqəladə vəziyyət elan olunur və parlament Azərbaycana qarşı rəsmən müharibə elan edir. Bütün bunlar sadəcə poliqonda nümayiş olunması nəzərdə tutulan plandır. Yəni, Azərbaycan təlim meydanında Ermənistanın şərti düşməni seçilib. Ermənistan parlamenti isə ötən günkü icasında hərbi təlimlərin ssenarisini təsdiqləyib. Azərbaycana qarşı real müharibənin olunması kimi xəbərlərin yayılması isə düşmən tərəfin növbəti provakasiyasıdır.

Açar sözlər: #ermənistan   #Azərbaycan    

Oxunub: 1375