İkili vətəndaşlığı olan kişilər üçün Azərbaycanda HƏRBİ XİDMƏT MƏCBURİDİRMİ?


19:10     13 Sentyabr 2018 18_09_13_1536836717.jpg


Məlum olduğu kimi 2014-cü il iyulun 1-dən etibarən Azərbaycan Respublikası ikili vətəndaşlığı qəbul etmir. Lakin bu tarixə qədər Azərbaycan vətəndaşlığından imtina etmədən başqa ölkələrin vətəndaşlığını qəbul etmiş şəxslər var. Belə vətəndaşlardan biri saytımıza müraciət edib. Adının açıqlanmasını istəməyən şəxs uzun illərdir xaricdə yaşayır. 2004-cü ildə 18 yaşı olarkən, Azərbaycanı tərk edib. 2009-u ildə isə əcnəbi ölkənin vətəndaşlığını alıb. Amma eyni zamanda Azərbaycan vətəndaşıdır. Ailə üzvlərindən birinin toy mərasimində iştirak etmək üçün Azərbaycana gəlmək istəyir. Lakin Azərbaycana gələrsə, hərbi mükəlləfiyyətli olub-olmadığını bilmir. Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində bu mövzunu işıqlandıracaq.

Qeyd edək ki, 2014-cü il iyulun 1-nə kimi Azərbaycan vətəndaşlığından imtina etmədən xarici ölkə vətəndaşlığı qəbul edən şəxslər heç bir cinayət məsuliyyətinə cəlb edilmir. Həmin müddətdən sonra qəbul edənlər isə, mütləq bir ay ərzində Azərbaycanda müvafiq qurumlara məlumat verməlidir. Əgər məlumat verməyibsə, Cinayət Məcəlləsinin 318-2 maddəsinə əsasən cinayət məsuliyyətinə cəlb edilir.

Lakin bu o demək deyil ki, 2014-cü ilədək ikili vətəndaşlığı olan şəxslərin dövlət qarşısında heç bir öhdəliyi yoxdur. Konstitutsiyamızın 76-cı maddəsinə əsasən əsas hər bir kişi vətəndaşın həqiqi hərbi xidmət keçmə öhdəliyi var.



Xarici dövlətin vətəndaşlığını qəbul etmiş, lakin Azərbaycan Respublikasının vətəndaşlığına xitam verilməmiş çağırışçılar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağırılırlar. Bu, Hərbi xidmət və hərbi vəzifə haqqında qanunun 12-ci maddəsində göstərilib.

Hərbi xidmətdən azad olunma faktı yalnız üzrlü səbəblər varsa, baş verə bilər. Üzrlü səbəb dedikdə azadlıqdan məhrum edilmiş, yaxud da sağlamlığı yerində olmayan şəxslər nəzərdə tutulur.

Vəkil Absələddin Əliyev mövzu ilə bağlı Femida.az-a danışıb:

“Qeyd olunan məsələ "Hərbi vəzifə və hərbi xidmət haqqında" AR Qanunu ilə tənzimlənir. Qanunun 23-cü maddəsi Müddətli həqiqi hərbi xidmətə çağırışdan azadetmənin əsaslarını müəyyən edir.

23.0. Dinc dövrdə aşağıdakı vətəndaşlar müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər:

23.0.1. fəlsəfə doktoru və elmlər doktoru elmi dərəcəsi olan vətəndaşlar;
23.0.2. sağlamlıq vəziyyətinə görə dinc dövrdə həqiqi hərbi xidmətə yararsız, müharibə dövründə məhdud yararlı, yaxud həm dinc dövrdə, həm də müharibə dövründə hərbi xidmətə yarasız sayılmış çağırışçılar;
23.0.3. 35 yaşı tamam olanadək müxtəlif səbəblərdən müddətli həqiqi hərbi xidmət keçməmiş çağırışçılar;
23.0.4. alternativ xidmət keçməyə göndərilmiş çağırışçılar;
23.0.5. Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkənin qanunvericiliyinə əsasən müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər.


Qanundan görünür ki, 23.0.5-ci maddəyə əsasən, Azərbaycan Respublikasının vətəndaşlığına qəbul edilmiş və əvvəllər vətəndaşı olduğu ölkədə müddətli həqiqi hərbi xidmət keçmiş və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilmiş şəxslər Azərbaycanda da müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilirlər. Bu məsələnin bir tərəfidir. Odur ki, ikili vətəndaşlığı olan şəxslər bu kateqoriyaya şamil olunmur və onlar ümumi əsaslarla müddətli həqiqi hərbi xidmətə çağılırlar”.



Vəkil bildirib ki, cinayət məsuliyyətinə gəldikdə isə həmin Qanunun 12.4-cü maddəsinə əsasən, vətəndaşların müddətli həqiqi hərbi xidmətə çağırılması haqqında müvafiq icra hakimiyyəti orqanının aktı qüvvəyə mindikdən sonra müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışa möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməyən çağırışçılar yaşayış yeri və ya olduğu yer üzrə hərbi qeydiyyatda olduğu, hərbi qeydiyyatda olmayan çağırışçılar isə yaşayış yeri üzrə müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər:

“Cinayət Məcəlləsinin 321-ci maddəsi şəxslər üçün həqiqi hərbi qulluğa növbəti çağırışa gəlmək kimi öhdəliklər müəyyən edir. Həmin qanun (Hərbi vəzifə və hərbi xidmət haqqında) 23 dekabr 2011-ci il tarixdən qüvvədədir. Ona görə də CM-nin norması həmin tarixə gədər çağırışa gəlməmiş şəxslərə şamil olunacaq. Yəni vətəndaş xaricə bu tarixdən əvvəl getmişsə, o məsuliyyətə cəlb olunmayacaq. Yox əgər sonra ölkəni tərk etmişsə, AR Prezidentinin çağırışla bağlı müvafiq sərəncamından sonra çağırış üzrə müvafiq icra hakimiyyəti orqanına (yəni Səfərbərlik Xidmətinə) gəlməli idi. Artıq onun məsuliyyət məsələsi CM ilə müəyyən olunur və işin faktiki hallarına uyğun araşdırma tələb edir. Hərbi komissarlığın çağırış vərəqinə qol çəkib çəkməməsi əsas götürülür. Lakin nəzərə alaq ki, praktikada ata-ana da çağırış vərəqini imzalayırlar. Zənnimcə vətəndaş 2009-cu ildən öncə getiyinə görə, çox güman ki, məsuliyyət məsələsi real görünmür”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #əsgər   #hərbi   #ordu   #qanun   #vəkil   #hüquq   #vətəndaş   #femida  

Oxunub: 5355