İlahiyyat İnstitutu əlaqələrini genişləndirir

İlahiyyat İnstitutu əlaqələrini genişləndirir

20:36     14 Sentyabr 2018 2018/09/15369-1536926781_1536929165.jpg

Azərbaycan İlahiyyat İnstitutunun (Aİİ) rektoru Ceyhun Məmmədov Alban-Udi Xristian dini icmasının sədri Robert Mobili ilə görüşüb.


Aİİ-dən Femida.az-a verilən məlumata görə, rektor rəhbərlik etdiyi ali məktəbin yaranması, tədris standartları barədə ətraflı məlumat verib. O, institutda İslamla yanaşı, digər dünya dinləri, xüsusən də yəhudilik və xristianlıq haqqında fənlərin tədris ediləcəyini bildirib, gələcəkdə Azərbaycanda mövcud olan dinlərin tarixi və mədəniyyəti ilə bağlı tədqiqat mərkəzlərinin, həmçinin yəhudilik və xristianlıqla bağlı ixtisasların açılmasının planlaşdırıldığını söyləyib. C.Məmmədov gələcəkdə institutun tələbələrinin Nic kəndinə ekskursiyasının təşkilinin, alban-udi icması ilə birlikdə seminar və konfransların keçirilməsinin, Qafqaz alban irisinin araşdırılması istiqamətində dini ədəbiyyatın nəşrinin nəzərdə tutulduğunu bildirib. Eyni zamanda, rektor bu sahədə dünyanın qabaqcıl elmi müəssisələri ilə əməkdaşlığa hazır olduqlarını vurğulayıb.

Azərbaycanda tarixən dinlərarası münasibətlərdə tolerant mühitin mövcud olduğunu qeyd edən rektor ölkəmizdə dini icmalara dövlət tərəfindən böyük qayğı göstərildiyini, bu siyasətin əsasının ümummilli lider Heydər Əliyev tərəfindən qoyulduğunu və Prezident İlham Əliyevin həmin siyasəti bu gün uğurla davam etdirdiyini, dövlətin dini qurumlara mütəmadi olaraq maliyyə vəsaiti ayırdığını, Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondunun bu sahəyə xüsusi diqqət göstərdiyini, bir çox dini ibadət ocaqlarının təmir və ya bərpa olunduğunu, dini təhsil müəssisələrinin yaradıldığını vurğulayıb.

R.Mobili Azərbaycanda qeyri-müsəlman dini icmaların nümayəndələrinin təhsil almaları üçün yaradılan şəraitdən danışıb. İcma sədri Azərbaycan İlahiyyat İnstitutunun yaradılmasından məmnunluğunu ifadə edib və bu sahədə öz vətəninə bağlı milli mütəxəssislərin hazırlanmasına ciddi ehtiyac olduğunu vurğulayıb. Təmsil etdiyi icma ilə İlahiyyat İnstitutu arasında əməkdaşlığa hazır olduqlarını qeyd edən Robert Mobili alban-udi xristianlığına aid birlikdə kitab nəşr etdirməyin mümkünlüyünü bildirib.

Femida.az

Açar sözlər:

Oxunub: 22