İş hansı halda digər məhkəməyə göndərilə bilər? - Vəkildən ŞƏRH


20:48     14 Sentyabr 2018 18_09_14_1536929217.jpg

Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində məhkəmə işinin bir rayon məhkəməsindən digərinə keçirilməsi ilə bağlı yazını təqdim edir. Hansı hallarda məhkəmə işi başqa rayon məhkəməsinə göndərilə bilər?

Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 32-ci maddəsində aidiyyat məsələlərindən şikayət verilməsi və işin başqa məhkəməyə dəyişdirilməsi nəzərdə tutulur. Bu barədə vəkil Tural Süleymanov Femida.az-a mövzunu şərh edərkən deyib:

“İşdə iştirak edən şəxs, mübahisənin bu və ya başqa məhkəməyə aidiyyәtinin dəyişdirilməsi barədə ərizə verə bilər. İşdə iştirak edən şəxs məhkəmə aidiyyatı ilə razılaşmamasını əsaslandırmalı və bu barədə işə mahiyyəti üzrə baxılmağa başlanana qədər bildirməlidir. Hakimin özü də mübahisənin məhkəməyə aidiyyatı olmamasını aşkara çıxara bilər. Aidiyyat haqqında məsələ qalxdıqda, hakim işin aidiyyatı üzrə göndərilməsi və ya aidiyyat haqqında ərizənin rədd edilməsi barədə əsaslandırılmış qərardad çıxarır. Aidiyyat haqqında qərardaddan işdə iştirak edən şəxslər, qərardad onlara təqdim olunduğu (onlar tərəfindən alındığı) gündən 10 gün müddətində bu Məcəllənin 21-ci fəsli ilə müəyyən edilmiş qaydada şikayət verə bilərlər. [İş bir məhkəmədən başqa məhkəməyə aidiyyət haqqında qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra göndərilir. Bir məhkəmədən digərinə göndərilən iş onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında məhkəmə aidiyyətına dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir”.



Vəkilin sözlərinə görə, birinci instansiya məhkəməsi qismində işlərə ərazi üzrə baxılır:

“MPM-in 35-ci maddəsinə görə, qanunla başqa hal nəzərdə tutulmamışdırsa, iddia cavabdehin rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Qarşılıqlı iddia, aidiyyatından asılı olmayaraq, ilkin iddianın baxıldığı yerin məhkəməsinə verilir.

36-cı maddə isə iddiaçının seçməsinə görə aidiyyatı tənzimləyir. Yaşayış yeri məlum olmayan, yaxud Azərbaycan Respublikasında yaşayış yeri olmayan cavabdehə iddia onun əmlakının olduğu yerə görə və ya məlum olan axırıncı yaşayış yerinə görə verilə bilər. Rəsmi yaşayış yeri, olduğu yer və ya hüquqi ünvanı müxtəlif olan bir neçə cavabdehə iddia cavabdehlərdən birinin rəsmi yaşayış yeri və ya hüquqi ünvanı üzrə verilə bilər. Alimentin alınması və atalığın müəyyən edilməsi haqqında iddialar iddiaçı tərəfindən özünün yaşadığı yerə görə də verilə bilər. Azadlıqdan məhrum etmə növündə cəza çəkən şəxslərə qarşı nikahın pozulması haqqında iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. İddiaçının yanında yetkinlik yaşına çatmayan uşaqlar olduqda və ya iddiaçı səhhətinə görə cavabdehin yaşadığı yerə getməyə çətinlik çəkdikdə də nikahın pozulması haqqındakı iddialar iddiaçının yaşadığı yerə görə verilə bilər. Şikəstetmə və ya səhhəti sair şəkildə zədələmə ilə, habelə ailəni dolandıranın ölümü ilə vurulan ziyan haqqında iddialar ziyan vuranın yaşadığı yerə görə və ya ziyan vurma yerinə görə verilə bilər. Qanunsuz olaraq məhkum edilməklə, cinayət məsuliyyətinə cəlb edilməklə, qətimkan tədbiri kimi həbsə alınmaqla, başqa yerə getməmək haqqında iltizam almaqla, yaxud həbs şəklində inzibati tənbeh verilməklə fiziki şəxsə vurulmuş zərərin ödənilməsi ilə əlaqədar olaraq əmək, pensiya və mənzil hüquqlarının bərpa edilməsi, əmlakın və ya onun dəyərinin qaytarılması haqqında iddialar həmçinin iddiaçının yaşayış yerinə görə verilə bilər.



İnzibati orqanların inzibati xətalar haqqında işlərə baxmağa səlahiyyətli olan vəzifəli şəxslərinin cərimə və yaxud başqa tənbehlər tətbiq etmələri haqqında qərarlarına dair iddialar iddiaçının yaşadığı yerə görə də verilə bilər. İstehlakçının hüququnun müdafiəsi haqqında iddialar iddiaçının yaşadığı yerə görə, yaxud müqavilənin bağlandığı və ya icra edildiyi yerə görə verilə bilər. Gəmilərin toqquşması nəticəsində vurulan zərərin ödənilməsinə dair, habelə dənizdə kömək göstərilməsinə və xilas etməyə görə mükafat alınması haqqında iddialar cavabdehin gəmisinin olduğu yerə görə və ya gəminin aid olduğu yerə görə də verilə bilər. İcra yeri göstərilən müqavilələrdən əmələ gələn iddialar müqavilənin icra yerinə görə də verilə bilər. Azərbaycan Respublikasının vətəndaşı və yaxud hüquqi şəxsi olan və başqa dövlətin ərazisində yerləşən cavabdehə qarşı iddia iddiaçının olduğu yerə və ya cavabdehin əmlakının olduğu yerə görə verilə bilər”.

Qeyd edək ki, MPM-in 44-cü maddəsində məhkəmənin öz icraatına qəbul etdiyi işi başqa məhkəməyə verməsi məsələsinə aydınlıq gətirilir. Aidiyyat qaydalarına riayət edilməklə məhkəmənin öz icraatına qəbul etdiyi iş, sonradan başqa məhkəməyə aid olsa da, mahiyyəti üzrə həmin məhkəmədə həll edilməlidir. Məhkəmə işi aşağıdakı hallarda başqa məhkəmədə baxılmağa verir:

- əvvəlcə yaşayış yeri məlum olmayan cavabdeh işi onun yaşadığı yerin məhkəməsinə vermək haqqında vəsatət verərsə;
- iş həmin məhkəmədə baxıldığı zaman onun aidiyyət qaydalarının pozulması ilə icraata qəbul edildiyi aşkar olarsa;
- hakimlərdən birinə və ya bir neçəsinə edilmiş etiraz təmin edildikdən sonra, eləcə də digər ciddi səbəblərdən həmin məhkəmədə onları əvəz etmək və ya işə baxmaq mümkün olmazsa;
- iddia həmin məhkəməyə qarşı qaldırılmışdırsa;
- hər iki tərəf işə sübutların əksər hissəsinin olduğu yerin məhkəməsində baxılması barədə vəsatət vermişdirsə;
- Bu Məcəllənin 43-cü maddəsində nəzərdə tutulmuş hallarda.




45-ci maddəyə görə, işlərin başqa məhkəməyə verilməsi və aidiyyət məsələlərindən şikayət vermə qaydası isə belədir:

- Mübahisənin məhkəməyə aidiyyatı ilə əlaqədar məsələlər ərizənin məhkəmənin icraatına qəbul edilməsi və ya işin hakim tərəfindən baxılmağa hazırlanması mərhələsində, yaxud da işdə iştirak edən şəxsin əsaslandırılmış vəsatəti üzrə həll oluna bilər.
- Mübahisənin məhkəməyə aid olmaması və ya işin başqa məhkəməyə verilməsi məsələləri barədə hakim bu Məcəllənin 21-ci fəslinin qaydalarına uyğun olaraq qərardad çıxarır. Həmin qərardaddan işdə iştirak edən şəxslər tərəfindən qərardadın alındığı (verildiyi) andan 10 gün ərzində şikayət verilə bilər.
- İşin bir məhkəmədən başqa məhkəməyə verilməsi həmin qərardaddan şikayət verilmə müddəti başa çatdıqdan sonra icra edilir.
- Bir məhkəmədən digərinə göndərilən iş, onun göndərildiyi məhkəmə tərəfindən baxılmağa qəbul edilməlidir. Məhkəmələr arasında ərazi aidiyyәtinә dair mübahisələrə yol verilmir. Məhkəmələr arasında fikir ayrılığı olduğu hallarda apellyasiya instansiyası məhkəməsi tərəfindən iş bir məhkəmədən başqasına verilir.
- Fövqəladə vəziyyətin tətbiq edildiyi ərazidə ədalət mühakiməsinin birinci instansiya məhkəməsi tərəfindən həyata keçirilməsi qeyri-mümkün olduqda bu səlahiyyət Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən başqa birinci instansiya məhkəməsinə verilə bilər.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #vəkil   #qanun   #hüquq   #hüquqçünas   #maariflənidirmə   #məcəllə   #məhkəmə   #femida   #hakim   #qərar   #Tural_Süleymanlı  

Oxunub: 2494