Məktəbdə məhərrəmlik tədbiri keçirildi - Qanun buna icazə verirmi?


15:08     17 Sentyabr 2018 18_09_17_1537182159.jpg


Mingəçevir şəhər 13 saylı orta məktəbdə Məhərrəmlik ayı ilə bağlı tədbir təşkil olunub. Femida.az bu haqda reportyor.info-ya istinadən xəbər verir.

Belə ki, sentyabrın 6-da məktəbdə Mingəçevirin axundunun müavini Cavid Ələmdarın rəhbərliyi altında “Məhərrəm ayının gəlişi, İmam Hüseyn ağanın şəhid olmasının səbəbləri, matəmin mənası” mövzusunda müəllim və valideynlərə mühazirə oxuyub.

C.Ələmdar tədbirlə bağlı fotoları öz feysbuk səhifəsində paylaşıb və bu sözləri yazıb:

"Bu gün Mingəçevir şəhəri 13 saylı orta məktəbdə məhərrəm ayının gəlişi, imam Hüseyn ağanın şəhid olmasının əsas səbəbləri, matəm keçirməyin mənası kimi mövzularda müəllim və valideynlərlə birgə tədbir keçirildi. Məktəbin direktoru Tünzalə müəlliməyə dəvət üçün təşəkkür edirik".


Məlum olub ki, məktəbdə dini tədbirin təşkili Mingəçevir şəhər icra hakimiyyəti və təhsil şöbəsi ilə razılaşdırılmayıb.

Məktəbin direktoru Tünzalə Əfəndiyevanın açıqlaması olmasa da, Mingəçevir Şəhər Təhsil Şöbəsinin müdiri Sahib Məmmədov tədbirin keçirilməsini təkzib edib.

Lakin fotoların olduğunu nəzərinə çatdıranda həqiqəti etiraf edib. Onun sözlərinə görə, görüş keçirilib və bundan Prezident Adminstrasiyasının, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin xəbəri var.

Komitənin mətbuat xidmətindən isə bildirilib ki, belə bir tədbirdən məlumatsızdırlar. Təhsil Nazirliyinin mətbuat xidməti də məsələdən xəbərsiz olduğunu bildirib.





Azərbaycan dini tolerantlıq baxımından nümunəvi ölkədir. Lakin bu o demək deyil ki, təhsil müəssisələrində təhsil proqramından kənar, hər hansı məqsədli dini, etnik və s. xarakterli tədbirlər keçirmək olar. Ölkədə kifayət qədər dini təhsil olcaqları var və dini maarifləndirmə yalnız bu müəssisələrdə aparılır. Odur ki, dövlət təhsil müəssisələrində bu cür dini mərasimlərin keçirilməsi qanuna ziddir.

Hüquq yüklü xəbər portalı olaraq Femida.az Azərbaycan Qanunvericiliyindən bəzi müddəaları diqqətinizə çatdırır.

Təhsil Haqqında Qanun

Maddə 2. Təhsil sahəsində dövlət siyasətinik əsas prinsipləri

Azərbaycan Respublikası fasiləsiz təhsil sistemi yaratmaq siyasəti yeridir. Dövlətin təhsil siyasəti aşağıdakı prinsiplərə əsaslanır:

hüquqi baxımdan hamının dövlət standartı çərçivəsində təhsil almaq imkanına malik olması; bilik, bacarıq və istedadı reallaşdırmaq üçün hamıya bərabər şərait yaradılması; təhsilin demokratikləşdirilməsi və dövlət-ictimai xarakter daşıması; təhsil müəssisələrinin müstəqilliyinin artırılması; təhsilin humanistləşdirilməsi; ümumbəşəri dəyərlərin, insan həyatı və sağlamlığının, şəxsiyyətin azad inkişafını üstün tutulması; təhsilin humanitarlaşdırılması; təhsildə milli zəminin və bölgə komponentinin gücləndirilməsi; təhsilin fərdiləşdirilməsi və differensiallaşdırılması; təhsilin məzmununun inteqrasiya edilməsi; təhsilin elmi-dünyəvi xarakter daşıması; elm, istehsalat, xarici ölkələrin təhsil müəssisələri və orqanları ilə sıx əlaqə təhsil müəssisələrinin partiyalardan, ictimai-siyasi və dini təşkilatlardan, hərəkatlardan asılı olmaması; təhsildə azadlıq və plüralizm; yaradıcılıq; tamlıq; varislik; çeviklik; təhsilin dünya standartları səviyyəsində olması.

Maddə 4. Təhsil prosesi və ictimai-siyasi fəaliyyət

Təlim-tərbiyə prosesi pozulmazdır. Siyasi partiyalar, ictimai-siyasi cəmiyyətlər və təşkilatlar, dini və digər qurumlar təhsil müəssisələrinin fəaliyyətinə və təlim-tərbiyə prosesinə müdaxilə edə bilməzlər.

Əmək Məcəlləsi

Maddə 21. Müəssisələrdə siyasi partiyaların, dini qurumların fəaliyyətinə yol verilmir.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #din   #məktəb   #təhsil   #qanun   #məcəllə   #şagird   #islam   #Mingəçevir  

Oxunub: 2620