“Buta Airways”in donanmasına “Embraer E-190” əlavə olundu


16:59     18 Sentyabr 2018 18_09_18_1537275719.jpg


Azərbaycanın aşağı büdcəli aviadaşıyıcısı “Buta Airways”ə məxsus yeni “Embraer E-190” təyyarəsinin qarşılanma mərasimi olub.

Şirkətdən Femida.az-a verilən məlumata görə, sözügedən təyyarə birbaşa olaraq Braziliyadakı istehsalçı zavoddan gətirilib.

Yeni təyyarə loukosterin donanmasında sayca yeddincidir və aviaşirkətin uçuş cədvəlində daha çox tələbat olan istiqamətlərə əlavə reyslər yerinə yetirməyə imkan verəcək.

“Buta Airways”in yeni təyyarəsi Naxçıvan Muxtar Respublikasının bu yaxınlarda erməni işğalından azad olunan Günnüt kəndinin şərəfinə adlandırılıb.

Ənənəyə uyğun olaraq, Heydər Əliyev Beynəlxalq Aeroportunda yeni təyyarə “su arkası” ilə qarşılanıb. Qarşılama mərasiminin xüsusi qonağı işğaldan azad olunan Günnüt kəndinin sakini oldu.

Günnüt təyyarəsinin qarşılanması haqqında videoçarxı ilə aşağıdakı linkdə tanış olmaq olar:



Qeyd edək ki, yaxın zamanda “Buta Airways”in donanmasına bu tip daha bir yeni təyyarənin əlavə olunması gözlənilir. Hava gəmisi parkına yeni təyyarələrin əlavə olunması aviaşirkətin marşrut şəbəkəsini genişləndirməyə imkan verəcək.

“Buta Airways” Azərbaycanın ilk aşağı büdcəli aviaşirkətidir və "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) struktur bölməsidir. 2016-ci ilin dekabrında əsası qoyulmuşdur. İlk reys 2017-ci il sentyabrın 1-də yerinə yetirilmişdir. Aviaşirkətinin donanması müasir “Embraer E-190” təyyarələrindən ibarətdir.

Aviaşirkət Bakıda, Heydər Əliyev Beynəlxalq Aeroportunda yerləşir və ən çox tələb olunan istiqamətlər üzrə uçuşlar yerinə yetirir.





Femida.az

Açar sözlər: #Buta   #Airways   #AZAL   #təyyarə  

Oxunub: 632