"Xətai" metrosu 1 illik təmirə bağlanır


11:00     19 Sentyabr 2018 18_09_19_1537340788.jpg


Bakı metropoliteninin 1968-ci ildə istismara verilmiş "Xətai" stansiyasında istismar müddəti başa çatan eskalatorların yeniləri ilə əvəzlənməsi zərurəti yaranıb. Həmçinin 50 illik istismar dövründə stansiyanın köhnəlmiş qurğu və avadanlıqları müasir tələblər səviyyəsinə çatdırılmalı, ümumilikdə, stansiya kompleksi əsaslı şəkildə yenidən qurulmalıdır.

Bu barədə Femida.az-a "Bakı Metropoliteni" QSC-dən məlumat verilib. Qeyd edək ki, "Xətai" stansiyasında təmirin birinci mərhələsi 2016-cı ilin dekabr ayında yekunlaşıb.

Yenidənqurma işlərinin ikinci mərhələsi əsaslı təmir sayılır. Eskalatorların dəyişdirilməsi və vestibülün təmiri ilə bağlı hazırlıq tədbirlərinə cari ilin fevral ayında başlanılıb.

Təmir dövründə "Xətai" stansiyasında 1968-ci ildən istifadədə olan 3 eskalator söküləcək. Onların əvəzinə Almaniya istehsalı olan 4 eskalator quraşdırılacaq. Həmçinin "Xətai" stansiyasının 2-ci baş yolunun və “Xətai-Cəfər Cabbarlı” mənzilinin 2-ci yolunun sağlamlaşdırılması, əsaslı təmiri və yenidən qurulması da başa çatdırılacaq.

"Xətai" stansiyası birçıxışlı olduğu üçün təmir dövründə onun bağlanması zərurətə çevrilib. Bunu nəzərə alaraq, “Bakı Metropoliteni” QSC sərnişinlərə xəbərdarlıq edir ki, “Xətai” stansiyası 2018-ci il sentyabr ayının 27-dən sərnişinlərin giriş-çıxışı üçün bağlanacaq. Həmçinin "Cəfər Cabbarlı-Xətai" istiqamətində və əksinə olmaqla, sərnişin qatarlarının hərəkəti dayandırılacaq. Bütün təmir-bərpa və quraşdırma işlərinin 2019-cu il avqust ayının 10-da başa çatdırılması nəzərdə tutulub.

“Bakı Metropoliteni” QSC yaranmış narahatlığa görə sərnişinlərindən üzr istəyir.

Femida.az

Açar sözlər: metro  

Oxunub: 1346