Xaricdə öldürülən azərbaycanlı iş adamları - ARAŞDIRMA

Xaricdə öldürülən azərbaycanlı iş adamları - ARAŞDIRMA


12:14     20 Sentyabr 2018 18_09_20_1537431164.jpg

19 sentyabr 2018-ci ildə azərbaycanlı iş adamı Etimad İsmayılov Türkiyədə öldürüldü. Nə qədər üzücü olsa da, bu ilk belə hal deyildi. Xaricdə yaşayan azərbaycanlı iş adamlarına qarşı sui-qəsdlər barədə xəbərlər alırıq. Xüsusilə də iş dünyasındakı kriminal ab-havanın hələ də yüksək olduğu bəzi postsovet ölkələrindən.

Femida.az son illər xaricdə yaşayan azərbaycanlı iş adamlarına qarşı törədilən cinayətləri araşdırıb.

Fəzail İlyasov
Ötən ilin avtqustunda Rusiyanın Tümen vilayətində azərbaycanlı iş adamı Fəzail İlyasov vəhşicəsinə qətlə yetirilmişdi. Əvvəlcə itkin düşən İlyasovun daha sonra dükanı yandırıldı. Hadisə yerinə gələnlər onun öz dükanında yanmış meyitini görüblər. Dəhşətli qətlin səbəbi hələ də naməlum qalır.



İlqar Aşurov
2016-cı ilin iyununda Ukraynanın Donetsk vilayətində naməlum şəxslər azərbaycanlı iş adamını oğurlayaraq öldürmüşdülər. Söhbət əslən Dəvəçi rayonundan olan, Ukrayna vətəndaşı İlqar Aşurovdan gedir. O, avtomobili ilə birgə naməlum şəxslər tərəfindən oğurlanmış, bir neçə gün sonra meyiti şəhərdə istifadəyə yararsız zavodların birinin həyətində tapılmışdı. Meyitin üzərində ağır işgəncə əlamətləri var idi. Onun döyülərək öldürüldüyü ehtimal edilir.
Aşurovu öldürən şəxslər xarici markalı avtomobilini və maşındakı külli miqdarda pulu oğurlamışdılar.



İlqar Abdullayev
2016-cı il mayın 8-də Donetskdə daha bir azərbaycanlı öldürülmüşdü. Qorlovka şəhərində meyvə-tərəvəz biznesi ilə məşğul olan iş adamı İlqar Abdullayev yaşadığı evin zirzəmisində ölü tapılmışdı. Onun qətlindən qardaşları 5 gün sonra xəbər tutmuşdular. Tarix fakültəsi məzunu olan Abdullayev vaxtilə taekvondo üzrə tanınmış idmançı olub. 2 nəfər onu küt alətlə qətlə yetirib, pul və qızıllarını oğurlayaraq avtomobilini də qaçırmışdılar. İddialara görə, iş adamını yanında iş verdiyi rusların öldürmüşdü.



Rövşən Şirinov
Əslən Gəncə şəhərindən olan 1971-ci il təvəllüdlü Rövşən Yusif oğlu Şirinov da Ukraynada öldürülən azərbaycanlı iş adamları arasındadır. 2015-ci ilin martında onun Krasnıy Luç şəhərinin mərkəzindəki evinə 4 maskalı şəxs hücum etmişdi. Maskalılar iş adamının və onun həyat yoldaşının əl-qolunu bağlamış, mənzildən 40 min dollar götürərək, iş adamını da özləri ilə aparıblar. Səhəri gün şəhər kənarında R. Şirinovun meyiti tapılmışdı.

Rəşad Qafarov
Ötən ilin iyulunda azərbaycanlı iş adamı, “Tern Transport & Trading CZ” şirkətinin rəhbəri Rəşad Qafarov Praqada maşınında ölü tapılmışdı. Çexiyanın “Nova TV” televiziyasının xəbərinə görə, hadisə gündüz baş vermişdi. Tapılanda onun üzərində bıçaq xəsarətləri olub.
Qeyd edək ki, Rəşad Qafarovun şirkəti beynəlxalq yükdaşımalarla məşğul olurdu. 2008-ci ildə yaradılan şirkət hava, dəniz, dəmiryolları və avtomobil daşımaları ilə loqistik xidmətlərin tam kompleksini təklif edirdi.



Abdulla Abdullayev
2016-cı ilin iyununda Ukraynanın Pokrovsk şəhərində azərbaycanlı iş adamı Abdulla Abdullayevi öldürərək 40 min dollarını aparmışdılar. Xaçmaz rayonundan olan Abdullayev Ukraynanın bir neçə şəhərində valyutadəyişmə məntəqələrinə sahib idi. İş adamının meyiti yararsız hala salınmış avtomobilində tapılmışdı. Onun başında güllə yarası var idi. Yaşadığı şəhərdə dəfn olunan iş adamının qatilləri hələ də axtarılır.

İlham Tağıyev
Ukraynanın Xerson vilayətində yerli azərbaycanlı icmasının rəhbərlərindən biri, tanınmış biznesmen İlham Tağıyev vəhşicəsinə qətlə yetirilənlər arasındadır. Biznesmeni öz qarajında öldürmüşdülər. Qatillər əvvəlcə Tağıyevin başına küt alətlə zərbələr endirmi., daha sonra qabırğalarını sındırmışdılar, Biznesmeni öldürəndən sonra cibindən evinin açarını götürüb biznesmenin evinə daxil olaraq hər şeyi alt-üst etmişdilər. Evdəki pul və qiymətli zinət əşyalarını aparmışdılar.
Qeyd edək ki, Tağıyev ət fabrikatlarının satışı ilə məşğul olan iri firmanın regional şəbəkəsinin təmsilçisi olub. Həftənin sonunda bütün Xerson vilayəti üzrə ticarət nöqtələrindən hasilatı toplayıb və pulları firmanın hesabına köçürməyə hazırlaşırmış. Biznesmen pulları avtomobilinin baqajında daşıyırmış. İstirahət günü isə o, pulları evdə qoyub.
İlham Tağıyev Xerson vilayətində yaşayan azərbaycanlıların ictimai-mədəni fəaliyyətində yaxından iştirak edib. Krımdan qaçqın düşmüş tatarların yerləşdirilməsinə kömək göstərib.



Əli Həmidov
Türkiyədə belə hallar az olsa da, yox dərəcəsində deyil. 2013-cü ildə Başakşehirdə yerləşən lüks kompleksə hücum edən silahlı şəxslər azərbaycanlı iş adamı 41 yaşlı Əli Həmidovu öldürüb, onun rəfiqəsi 29 yaşlı Rusiya vətəndaşı Asiyat Alaşevanı yaralamışdılar. Hadisə iş adamı hovuza girərkən baş vermişdi. Şəxsiyyətləri naməlum olan altı nəfər kompleksə hücum edərək əvvəlcə iş adamını və rəfiqəsini dəyənəklə döymüş, daha sonra güllələmişdilər. Həmidov aparıldığı Esenyurt Dövlət xəstəxanasında vəfat etmişdi.

Məcid Nuxiyev
Antalyada azərbaycanlı iş adamı yataq otağındakı şkafda ölü vəziyyətdə tapılmışdı. Hadisə bu ilin iyununda Antalyanın Finike bölgəsində baş vermişdi. Türkiyədə portağal ticarəti ilə məşğul olan 64 yaşlı azərbaycanlı Məcid Nuxiyev evinin yataq otağında şkafda elektrik naqili ilə boynundan asılı vəziyyətdə aşkar edilmişdi. Araşdırmalara görə, o tapılanda artıq 5-6 gün idi öldürülmüşdü. Əslən Kürdəmir rayonundan olan Məcid Nuxiyev Ukraynanın Lvov şəhərində yaşayıb və burada Azərbaycan diasporunun rəhbəri olub.



Ənvər İbrahimov
16 aprel 2014-cü ildə Rusiyada - Krasnoyarskda daha bir azərbaycanlı iş adamı- “Mustanq” Səhmdar Cəmiyyətinin rəhbəri, “Yujnıy” bazarının və “Yemelyanovo cıdırı”nın sahibi, 60 yaşlı milyonçu Ənvər İbrahimov qətlə yetirilmişdi. Qətl onun evinin qarşısında baş vermişdi. “TT” tipli tapançadan açılan atəş nəticəsində öldürülən İbrahimovun qətlinin başqa bir iş adamı ilə bağlı olduğu deyilir. Belə ki, onun ölümündən 3 gün əvvəl Krasnoyarskda odlu silahla digər azərbaycanlı, Tovuz rayon sakini, 35 yaşlı Qaryağdı Nağıyev öldürülmüşdü.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #işadamı   #cinayət   #qətl   #Rusiya   #Ukrayna   #Çexiya   #Azərbaycan   #araşdırma   #femida   #Türkiyə   #biznesmen   #kriminal  

Oxunub: 13233