Çindən Azərbaycana təklif - Birgə elektron ticarət platforması yaradılması barədə


12:40     20 Sentyabr 2018 2018/09/DSC_3763_1537433056.jpg


Çinlə birgə elektron ticarət platformasının yaradılması təklif olunub.

Femida.az xəbər verir ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Azərpoçt” MMC-də Çin Xalq Respublikası Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancunun başçılıq etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.

Məqsəd iki ölkə arasında müvafiq sahədə gələcək əməkdaşlıq perspektivlərini müzakirə etmək, planlaşdırılan layihələrin həyata keçirilməsi üçün razılaşma imzalamaq olub.
İkitərəfli görüşdə Çinin Sənaye və Kommersiya Federasiyasının sədri Donq Yancun Azərbaycanda Çinlə birgə yeni e-ticarət platformasının yaradılması ilə bağlı təkliflərlə çıxış edib.

Sözügedən platforma Azərbaycan vətəndaşlarına e-ticarət portalı üzərindən operativ xidmətlərin göstərilməsinə hesablanıb.

Müasir dövrdə e-ticarətlə məşğul olan şirkətlərin və xidmətlərin çoxluğunu nəzərə alaraq, birgə yaradılacaq platforma vasitəsilə daha rahat, operativ ticarət bazarının qurulması təklif olunub.

Eyni zamanda, Çin Xalq Respublikasından sifariş olunan e-ticarət məhsullarının bu ölkədə fəaliyyət göstərən yerli kuryer şirkətlərindən "Silk Way" aviaşirkəti vasitəsilə qəbul olunaraq Azərbaycana gətirilməsi məsələsi də müzakirə olunub.

Hon Konqun Quanzhou şəhərinin innovasiya layihələri və yüksək texnologiya şirkətlərinin, eləcə də Hesablama-Ticarət Palatasının nümayəndələrinin qatıldığı görüşdə planlaşdırılan yeni layihələrin həyata keçirilməsi üçün ikitərəfli razılaşma imzalanıb.

Qeyd edək ki, “Azərpoçt” MMC, “Silk Way” və Çinin “Aerotrans” şirkəti ilə ölkələrarası elektron ticarətin həyata keçirilməsi üçün Azərbaycanın regional tranzit poçt mərkəzi (HUB) rolunu oynadığı layihədə də birgə əməkdaşlıq edir.

Sonda qonaqlar “Şəbəkə” xidmət mərkəzinin fəaliyyəti ilə tanış olublar.





Femida.az

Açar sözlər: #NRYTN   #Azərpoçt   #Çin  

Oxunub: 569