Sahil Babayev 4 rayon və şəhərin sakinləri ilə görüşdü

Sahil Babayev 4 rayon və şəhərin sakinləri ilə görüşdü


14:55     21 Sentyabr 2018 2018/09/babayev_210918_01_1537527395.jpg

Prezident İlham Əliyevin tapşırıqlarına uyğun olaraq, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin 2018-ci ilin sentyabr ayında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə əsasən, əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Göygül rayonunda həmin rayonun, Daşkəsən, Samux rayonlarının və Gəncə şəhərinin sakinlərini fərdi qaydada qəbul edərək, müraciətlərini dinləyib.

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən Femida.az-a verilən məlumata görə, qəbuldan əvvəl S.Babayev və Göygöl şəhər İcra Hakimiyyətinin başçısı Arif Seyidov xalqımızın ümummilli lideri Heydər Əliyevin abidəsi önünə gül dəstələri düzüb, xatirəsini dərin ehtiramla yad ediblər.

Qəbula gələn vətəndaşların müraciətləri əsasən əmək hüquqlarının müdafiəsi, sosial təminat, sosial sığorta münasibətləri, tibbi-sosial ekspertiza və reabilitasiya, məşğulluq, şəhid hərbi qulluqçuların vərəsələrinə birdəfəlik yardımların verilməsi, müharibə əlilləri və şəhid ailələrinin mənzillə təmin olunması və s. məsələlərlə bağlı olub.

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində aparılan işlərdən bəhs edən S.Babayev bildirib ki, dövlət başçısının tapşırığına əsasən, sosial təminat və əlilliyin qiymətləndirilməsi sistemlərinin bütün həlqələrində şəffaflığın və ünvanlılığın tam təmin edilməsi, bu sistemlərin ilk növbədə sosial ədalət prinsipi üzərində formalaşdırılması hazırda Nazirliyin əsas məqsədlərindən biridir.

Aparılan islahat tədbirlərinin bu məqsədə xidmət etdiyini vurğulayan nazir Göygöl, Daşkəsən, Samux rayonlarında və Gəncə şəhərində yaşayan Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzillə təminatı, aztəminatlı ailələrin özünüməşğulluq proqramı çərçivəsində kiçik ailə təsərrüfatlarının yaradılmasına dəstəyin göstərilməsi və digər sahələrdə görüləcək işlər barədə də məlumat verib. S.Babayev Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda həlak olmuş, ölmüş və hərbi əməliyyatlarla əlaqədar xəbərsiz itkin düşdüyünə görə ölmüş elan edilmiş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması ilə bağlı əlavə tədbirlər haqqında” 19 aprel 2018-ci il tarixli Fərmanının icrası ilə əlaqədar bildirib ki, aidiyyəti qurumlar tərəfindən nazirliyə təqdim edilmiş siyahılar üzərində dəqiqləşdirmə işləri artıq yekunlaşıb. Bu yaxınlarda vərəsələrinə birdəfəlik ödəmələr verilməli olan şəhid hərbi qulluqçuların ümumiləşdirilmiş siyahısı nazirliyin saytında təqdim olunacaq.

Qəbul zamanı S.Babayevin tapşırığı ilə aidiyyəti məsələlər elə yerindəcə həll olunub. Potensial imkanları nəzərə alınaraq vətəndaşlardan bir qisminin özünüməşğulluq proqramına cəlb ediməsi, peşə bacarıqlarına uyğun iş yerləri ilə təmin olunmaları üçün yaşadıqları ərazi üzrə vakant iş yerlərinə göndərişlər verilməsi tapşırılıb. Həmçinin sorğu xarakterli müraciətlərlə bağlı vətəndaşlara ətraflı hüquqi izahatlar verilib.

Qəbul zamanı vətəndaşlar əhalinin sosial müdafiəsinin gücləndirilməsinə, məşğulluq imkanlarının artırılmasına göstərilən diqqət və qayğıya, həmçinin bölgələrdə vətəndaşlarla belə görüşlərin keçirilməsinə görə Azərbaycan Prezidenti İlham Əliyevə minnətdarlıqlarını ifadə ediblər.



Femida.az

Açar sözlər:

Oxunub: 251