Zakir Qaralov göstəriş verdi - Müraciətlərə baxılacaq


15:58     21 Sentyabr 2018 2018/09/qaral-1537529793_1537531354.jpg

Prezident İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılaraq vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.


Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq Baş prokuror Zakir Qaralov sentyabrın 21-də Quba rayon prokurorluğunun inzibati binasında Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror və Quba rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edib, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad edib.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 17 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapıb, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Femida.az

Açar sözlər:

Oxunub: 794