Toz-dumanlı hava ilə bağlı səbəblər açıqlandı - Türkmənistan, İran, İraq, Suriyada...

Toz-dumanlı hava ilə bağlı səbəblər açıqlandı - Türkmənistan, İran, İraq, Suriyada...


18:09     21 Sentyabr 2018 duman.jpg

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) 168 nömrəli Qaynar xəttinə toz-dumanlı hava ilə bağlı müraciətlər olur.



Femida.az Trend-ə istinadən xəbər verir ki, bu barədə ETSN-də keçirilən mətbuat konfransında nazirliyin ekoloji maarifləndirmə və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Umayra Tağıyeva deyib.

O, bildirib ki, bu mövzuda ayrı-ayrı insanlar öz fərziyyələrini səsləndirirlər: "Əlbəttə, hər bir insanın öz fikrini söyləmək hüququ var, lakin elmi əsaslara söykənən mütəxəssis rəyi məsələyə aydınlıq gətirə bilər. Buna görə də toz-dumanın səbəblərini araşdıranda yanaşmalar obyektiv olmalıdır. İlk növbədə Abşeronun yarımsəhra landşaft şəraiti, torpaq-bitki örtüyü və arid, quraq iqlim şəraiti nəzərə alınmalıdır".

U.Tağıyeva deyib ki, bu prosesə bir neçə amil səbəb ola bilər: "Bu həm regionda, yəni qonşu ölkələrdə olan meteoroloji-sinoptik şəraitlə bağlı ola bilər, həm də yerli, lokal xarakter daşıya bilər. Təbii proseslər zamanı ölkə ərazisinə səhralardan hava axınları ilə tozun daxil olması müşahidə edilir. Bu proseslər adətən quraq keçən ilin isti dövrü üçün səciyyəvidir. Orta Asiyada, Türkmənistanda, ya da İranda, İraqda, Suriyada güclü toz burulğanları müşahidə olunduqda toz-duman orta troposferdə davamlı olaraq şərq, cənub-şərq və cənub axınları ilə Azərbaycana daxil olur.
Burada söhbət yer səthində müşahidə olunan küləyin istiqaməti və sürətindən getmir, orta troposferdə hava axınlarının istiqaməti və sürəti yer səthində olan küləklərin istiqamətindən fərqli ola bilər.
Mütəxəssislərimiz bu prosesləri vizuallaşan peyk sistemi vasitəsi ilə izləyərək səbəbləri açıqlayırlar. Azərbaycanda ən çox bu hadisələr Abşeron yarımadasında qeydə alınır və maraqlı bir fakt ondan ibarətdir ki, görünüşün pisləşməsi birinci açıq dənizdə yerləşən Neft Daşları hidrometeoroloji stansiyamızda, sonra isə quruda yerləşən stansiyalarda qeydə alınır.

Təbii toz-duman proseslərindən fərqli olaraq antropogen səbəblərdən yaranan hadisələrin əhatəsi daha lokal olur, yerli xarakter daşıyır. Çirklənmə mənbəyinə yaxın olan ərazilərdə tozların təsir dairəsi daha çox olur".

Mütəxəssis bildirib ki, hazırda yerli toz-duman hadisələri insan fəaliyyəti nəticəsində həm tikinti, həm də daş karxanalarının fəaliyyətləri zamanı ekoloji və tikinti qaydalarının pozulması nəticəsində baş verir".

Femida.az

Açar sözlər:

Oxunub: 890