Tapşırıqları vicdanla yerinə yetirin! - Komitə sədri

"Tapşırıqları vicdanla yerinə yetirin!" - Komitə sədri


17:14     22 Sentyabr 2018 2018/09/B0B12A52-C510-41CD-ACBD-8DA70D9142D2_1537622256.jpeg

Sentyabrın 22-də Dövlət Gömrük Komitəsində "Gömrük orqanlarında həyata keçirilən islahatların 1-ci mərhələsinin yekunları"na dair müşavirə keçirilib.

Komitədən Femida.az-a verilən məlumata görə, müşavirədə Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, Komitə sədrinin müavinləri, Baş İdarə rəisləri, ərazi və ixtisaslaşmış gömrük idarələrinin rəhbərləri və əməkdaşları iştirak edib.

Tədbirdə çıxış edən Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev bildirib ki, ümummilli lider Heydər Əliyevin yüksək idarəçilik qabiliyyəti sayəsində formalaşan gömrük xidməti qısa zaman kəsiyində ölkəmizin iqtisadi təhlükəsizliyini təmin edən, fiskal siyasətin həyata keçirilməsində mühüm rol oynayan önəmli dövlət təsisatlarından birinə çevrilib. Ulu öndərin uzaqgörən siyasətinin davamçısı Prezident İlham Əliyev tərəfindən dövlət idarəçiliyinin təkmilləşdirilməsi məqsədilə həyata keçirilən islahatların gömrük işinin təşkilinin müasir standartlar səviyyəsində qurulmasına, gömrük xidmətinin dinamik inkişafına və Azərbaycan gömrüyünün beynəlxalq arenada etibarlı yer tutmasına şərait yaratdığını diqqətə çatdıran Səfər Mehdiyev gömrük sistemində aparılan son islahatların da bu siyasətin davamı olduğunu vurğulayıb.



Səfər Mehdiyev bildirib ki, Prezident İlham Əliyevin gömrük orqanları qarşısında qoyduğu tapşırıqlar şəffaflığın tam təmin olunması, korrupsiya və rüşvətin tamamilə aradan qaldırılması, sahibkarlııq mühitinin daha da yaxşılaşdırılması, vətəndaş məmnunluğunun təmin edilməsi, beynəlxalq ticarətin sadə və asan şəkildə reallaşdırılması üçün bütün tədbirlərin həyata keçirilməsindən ibarətdir. DGK sədri vurğulayıb ki, gömrük sistemindəki islahatların məqsədi də qarşıya qoyulan tapşırıqların sürətli və səmərəli şəkildə həyata keçirilməsini təmin etməkdir. Bu məqsədlə istər gömrük orqanlarının maddi-texniki bazasının yaxşılaşdırılması, istər əməkdaşların sosial problemlərinin həlli istiqamətində zəruri addımlar atılıb və gömrük sistemi hərtərəfli dövlət dəstəyi ilə təmin olunub.

Aparılan struktur islahatları nəticəsində artıq respublikamızın gömrük sistemində beynəlxalq təcrübədə özünü doğruldan ən müasir modelin tətbiq edildiyini bildirən Səfər Mehdiyev bununla da təkrarçılığın aradan qaldırılacağına, əməkdaşların məhsuldarlıq səviyyəsinin artacağına, vətəndaş-məmur təmasının minimuma endiriləcəyinə, xidmət səviyyəsinin və vətəndaş məmnuniyyətinin yüksələcəyinə əminliyini ifadə edib.

Komitə sədri bütün gömrük əməkdaşlarına verilən tapşırıqları vicdanla yerinə yetirməyi, vətəndaşlara qarşı nəzakətli davranmağı, onların problem və şikayətlərini səbrlə dinləyib operativ şəkildə həllinə nail olmağı tövsiyə edib.

Daha sonra tədbirdə çıxış edən komitə sədrinin müavinləri, Baş İdarə rəisləri və digər gömrük əməkdaşları həyata keçirilən islahatların məqsədi, gedişi və səmərəliliyi barədə məlumat verib, təklif və tövsiyələrini dilə gətiriblər.

Femida.az

Açar sözlər:

Oxunub: 2021