İkinci Mikayıl Müşfiqimiz - Ülvi Bünyadzadənin doğum günüdür


13:52     23 Sentyabr 2018 2018/09/7A458F9B-0F1B-4928-9AF7-AABC4E4E9045_1537696586.jpeg

Bu gün 20 Yanvar şəhidi Ülvi Bünyadzadənin doğum günüdür.

Femida.az xəbər verir ki, Ülvi Bünyadzadə 23 sentyabr 1969-cu ildə Göyçə mahalının Basarkeçər rayonunun Kəsəmən kəndində ziyalı ailəsində dünyaya göz açmışdı. 1978-ci ildə Ülvinin valideynləri Kəsəmən kəndindən Daşkəsən şəhərinə köçmüşdür.

Beş yaşından yazıb-oxumağı bacaran Ülvi altı yaşında ilk şeirini yazmışdı. 12-13 yaşlarından sonra, ümumiyyətlə, bütün şagirdlik həyatı boyunca vaxtaşırı olaraq şeirləri, müxtəlif səpgili bədii və publisistik yazıları ilə "Daşkəsən" qəzetində çıxış edir. Eyni zamanda rayonda fəaliyyət göstərən "Qoşqar" ədəbi birliyinin üzvlüyünə qəbul edilir.Orta məktəbdə oxuduğu illərdə Ülvi həm də yeddillik musiqi təhsili alır. O, qarmon, tar, saz, piano, kamança kimi musiqi alətlərində çalmağı bacarırdı.

Ülvi Bünyadzadə ibtidai təhsilini Kəsəmən kəndində, orta təhsilini (1986) isə Daşkəsən şəhərində almışdı. 1987-ci ildə SSRİ-nin 50 illiyi adına APXDİ-nin ingilis dili fakültəsinə daxil olmuşdu.

Ülvi ərəb, fars, latın, özbək dillərində (sərbəst öyrənməklə) yazıb-oxumağı, ingilis, rus dillərini isə mükəmməl bilirdi. 1987-1989-cu illər Ülvi Bünyadzadənin qısa ömrünün ən məhsuldar dövrü oldu. 1988-ci ilin iyunundan 1989-cu ilin sentyabrına qədər hərbi xidmətdə olmuşdu.

O, 10 sentyabr 1989-cu ildə Ana torpağı, doğma xalqı qarşısında övladlıq borcunu şərəflə, ləyaqətlə yerinə yetirəcəyini vicdan borcu bilərək ölü­mün­dən 4 ay 10 gün əv­vəl o “And”ında ya­zır­dı: “Mən, Bün­yad­za­də Ül­vi Yu­sif oğ­lu öz vic­da­nım qar­şı­sın­da and içi­rəm: bir elin, bir mil­lə­tin adı­nı təm­sil et­di­yi­mi heç za­man unut­ma­ya­ca­ğam. Azər­bay­can tor­pa­ğı­mın qü­rur­dan, qey­rət­dən yoğ­rul­muş adı­nı mü­qəd­dəs tu­ta­caq, bu ada lə­kə vur­maq is­tə­yən bü­tün ün­sür­lə­rə qar­şı du­ra­ca­ğam; öz azər­bay­can­lı var­lı­ğı­ma, vic­da­nı­ma, məs­lə­ki­mə, əsil - nə­ca­bə­ti­mə, da­mar­la­rım­da axan azər­bay­can­lı qa­nı­na la­yiq oğul ola­caq, qor­xaq­lı­ğı, al­çaq­lı­ğı, yal­taq­lı­ğı özü­mə ya­xın bu­rax­ma­ya­caq, nə­yin ba­ha­sı­na olur­sa-ol­sun, öz Azər­bay­can­lı “Mən­”i­mi təs­diq edə­cə­yəm.

Ə­gər Və­di­mə xi­laf çıx­sam, qoy ana­mın sü­dü, eli­min çö­rə­yi mə­nə ha­ram ol­sun, Və­tən üzü gör­mə­yim.
10.09.89”

1989-cu ilin sentyabr ayında SSRİ Müdafiə Nazirinin həmin dövrdəki qərarına əsasən o, tələbə olduğu üçün vaxtından 9 ay əvvəl hərbi xidmətdən tərxis olunur və APXDİ-nin II kursunda təhsilini davam etdirmək üçün sentyabr ayının əvvəllərində Kanskdan Bakıya qayıdan Ülvi həmin gün mitinqdə iştirak edir və uydurma "Dağlıq Qarabağ probleminin" xalqı üçün yaratdığı sıxıntıların, iztirabların, gərginliklərin daha da dərinləşdiyinin şahidi olur.

Ülvi, 19 yanvar 1990-cı ildə gecə Bakıya girən Sovet ordusunun yolunu kəsmiş, dinc piketin gülləbaran edilməsinə dözməyərək, sinəsini gülləyə sipər etmiş və həlak olmuşdu. Yanvarın 20-də axşamüstü dostları, tələbə yoldaşları və müəllimləri onun meyitini xəstəxanadan tapmışdılar.

Ülvi Bünyadzadə Bakıda Şəhidlər Xiyabanında dəfn olunub.

Ülvi Bünyadzadənin əsərlərinə 200-dən çox şeiri, "Ömür yolu" poeması və "Qansızlar" povesti (Hər iki əsər Əfqanıstanda döyüşən həmvətənlərimizə həsr olunub), 40-a yaxın hekayəsi, 5 pyesi, 20-yə yaxın dünya ədəbiyyatından original tərcümələr (ingilis və rus dillərindən), 7 ədəbi və ictimai məzmunda məqaləsi, bibisi Almaza, dostları Məhəbbət və Cavidə yazdığı xeyli məktubları və s. yazıları daxildir.

Ülvinin son illər yaşadığı küçəyə (babasının evi yerləşən küçəyə) "Ülvi Bünyadzadə küçəsi" adı verilib. Həmin evin (babasının evinin) divarına "Burada 20 yanvar şəhidi, şair Ülvi Bünyadzadə yaşamışdır" yazılı barelyef-lövhə vurulmuşdur.

"20 Yanvar Şəhidi" fəxri adının təsis edilməsi haqqında Azərbaycan Respublikasının Prezidenti 31 mart 1998-ci il tarixdə fərman imzalayıb.
29 dekabr 1998-ci ildə "20 Yanvar şəhidi" fəxri adi haqqında Əsasnamə təsdiq edilib.



Femida.az

Açar sözlər:

Oxunub: 4901