Ərzaq təhlükəsizliyimiz necə qorunur? ARAŞDIRMA


16:58     14 May 2015 gida.jpg

“Ərzağa olan təminatın yerli istehsal sahəsində ödənilməsi, yəni idxaldan asılılığın aradan qaldırılması ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində yeritdiyi iqtisadi siyasətin təməlidir”

Tarixən zamandan və məkandan, ictmai-siyasi quruluşundan və idarəetmə sistemindən asılı olmayaraq, hər bir dövlətin qarşısında duran ən vacib vəzifələrdən biri əhalinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı olub. Bu məsələ müasir dövr üçün də öz aktuallığını itirməyib, əksinə, daha da ciddiləşib. Əminliklə demək olar ki, istənilən dövlətin qarşısında duran çoxsaylı vəzifələr arasında ölkə əhalisinin təhlükəsiz ərzaq məhsulları ilə etibarlı təminatı məsələsi xüsusi yer tutur.
Artıq bəzi ölkələrdə ərzaq qıtlığı problemi real təhlükəyə çevrilmiş və ərzaq ehtiyatları minimum həddə çatmışdır. Etibarlı ərzaq təminatı isə hər bir ölkənin iqtisadi sabitliyinin və sosial dayanıqlığının başlıca şərti, dövlətin iqtisadi təhlükəsizliyinin əsas komponentlərindəndir.

Dünya Səhiyyə Təşkilatının məlumatlarında qeyd olunur ki, planetimizdə təxminən 3,7 milyard insan lazımi və balanslı səviyyədə qidalana bilmir. Həmin hesabatda dünya əhalisinin yarıdan çoxunu əhatə edən bu rəqəmin ildən-ilə artdığı göstərilir və buna səbəb kimi ərzaq təklifinin tələbə adekvat olmadığı vurğulanır.

BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatı (FAO) tərəfindən aparılan son araşdırmaya əsasən, dünyada aclıq həddində yaşayan insanların sayı 925 milyon nəfəri ötüb.

Bu baxımdan Azərbaycanda əhalinin ərzaqla etibarlı təminatına dair çoxyönlü tədbirlər həyata keçirilirmi?

Femida bu sualı iqtisadçı ekspertlərə ekspert Natiq Cəfərli:

“Ərzaq təhlükəsizliyinin tam olaraq təmin olunduğu dövlət demək olar ki yoxdur. Ölkəmizdə ərzaq təhlükəsizliyi sahəsində ən böyük problem xarici idxalın milli istehsalı üstələməsidir. Hər bir ölkənin xarici idxaldan müyyən asılılıqları olur. Azərbaycanda bəzi məhsulların təhlükəsizli təmin olunsa da, bütün bazarı nəzərdə tutsaq, təhlükəsizliyin tam olaraq təmin olunmadığını görərik. Ölkəmizdə ərzaq təhlükəsizliyi ilə bağlı müəyyən proqramlar qəbul edilməsinə baxmayaraq, bunun ciddi effektini görmədik. Rəsmi məlumatlara əsasən, Azərbaycan istifadə etdiyi ərzağın 40-45 %-ni xaricdən idxal edir. Baxmayaraq ki, ölkədə kənd təsərrüfatı məhsullarının istehsalı üçün münbit şərait var. Sadəcə olaraq təşfiq proqramlarının düzgün aparılmaması, stimullaşdırıcı proqramların zəif olması, fermerlərə məhsulun keyfiyyətinə görə yox, hektara görə subsidiyaların verilməsi son məhsulun keyfiyyətinə mənfi təsir göstərir. Nəticədə xarici bazarlardan asılılığımız artır. Hazırda ərzaq buğdasının 70 % -ni xaricdən idxal edirik. Digər bir tərəfdən ölkəyə xaricdən gətirilən məhsulların keyfiyyətində bəzi problemlər var.
Geni dəyişdirilmiş məhsulların satışı ilə bağlı qərar qəbul olunsa da, bu qərarın yerinə yetirilməsində böyük problemlər var. Bir çox marketlərdə geni dəyişmiş məhsullara tez-tez rast gəlirik. Ölkədə istehsal olunan məhsullara nəzarət də çox zəifdir. Bu məhsulların keyfiyyəti ilə bağlı müstəqil araşdırma aparan qrumlar yoxdur. Kənd Təsərrüfatı Nazirliyinə tabe olan qurumların bu sahədə araşdırmalar aparması kifayət etmir”

“Ərzağa olan təminatın yerli istehsal sahəsində ödənilməsi, yəni idxaldan asılılığın aradan qaldırılması ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində yeritdiyi iqtisadi siyasətin təməlidir” – deyə iqtisadçı ekspert Vüqar Bayramlı vurğulayıb.
“Hazırda ölkəmizin ərzaq təhlükəsizliyi sahəsində yeritdiyi iqtisadi siyasətin təməlində əhalinin keyfiyyətli və yetərli ərzaqla təmin olunmasıdır. Azərbaycanın ərzaq təhlükəsizliyi sahəsində yeritdiyi iqtisadi siyasətə nəzər salsaq, görərik ki, ərzağa olan tələbatın ödənilməsində xarici idxaldan olan asılılığın ödənilməsində xeyli işlər görülüb. Ölkəmiz ərzağa olan tələbatın təxminən 80%-ni yerli istehsal hesabına ödəyir. Qalan 20% məhsul isə xarici ölkələrdən idxal olunur. Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı daim dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biri olub. « 2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı»nın vaxtında və uğurla həyata keçirilməsi ölkədə ərzaq məhsullarının istehsalında artıma və hər bir ölkə vətəndaşının keyfiyyətli və təhlükəsiz ərzaq məhsullarına tələbatının tam ödənilməsinə şərait yaradır. Aqrar sahənin inkişafında Sahibkarlığa Kömək Milli Fondunun xətti ilə verilən güzəştli kreditlərin rolu xüsusi qeyd edilməlidir.

Femida iqtisadçı Məhəmməd Talıblının da fikirlərini öyrəndi. Onun fikrincə, ərzaq təhlükəsizliyi sahəsində ən böyük problem geni dəyişdirilmiş məhsulların ölkəyə idxalı ilə bağlıdır.

“Ölkəmizdə ərzaq təhlükəsizliyi idxal asılılığı ilə müşaiyyət olunur. İdxal asılılığının artması ölkədə milli istehsalının kifayət qədər olmaması ilə bağlıdır. Bəzi hallarda xaricdən çox keyfiyyətsiz məhsullar idxal olunur. İdxalatçı qurumlar bir çox hallarda ölkəyə çox keyfiyyətsiz və ucuz başa gələn məhsullar gətirirlər.

Vətəndaşların seçim imkanının zəif olması onların bu məhsulları alıb istifadə etməsinə gətirib çıxarır. Geni dəyişdirilmiş məhsulların ölkəyə gətirilməsi və həmin məhsulların ölkəmizdə də istehsal olunması hazırda qida təhlükəsizliyi sahəsində ən böyük problemdir. Buna genetik modifikasiya olunmuş məhsullar da deyilir. Düşünürəm ki, geni dəyişdirilmiş məhsulların Azərbaycana idxalına nəzarət mexanizmi daha da gücləndirilməlidir. Elə etmək lazımdır ki, ölkədə bu məhsullardan deyil, öz təbii məhsullarımızdan istifadə olunsun.”
Azərbaycan qanunvericiliyində geni modifikasiya edilmiş məhsulların satışı və ya istehsalı ilə məşğul olanlara qarşı cəza tətbiqi müəyyən edilmişdir.
Milli Məclisin 2015-ci il aprelin 28-də keçirilən iclasındaAzərbaycanda geni dəyişdirilmiş məhsulların idxalı, istehsalı və satışı ilə məşğul olanların cəzalandırılması ilə bağlı Cinayət Məcəlləsinə və İnzibati Xətalar Məcəlləsinə əlavə və dəyişikliklər edilib. Dəyişikliyə əsasən, elmi tədqiqat, sınaq və sərgilərdə nümayiş etdirilmək məqsədləri üçün nəzərdə tutulmayan genetik modifikasiya olunmuş bitkiləri, yaxud müasir biotexnoloji və gen mühəndisliyi metodları ilə yaradılmış kənd təsərrüfatı bitki materiallarını və ya genetik modifikasiya olunmuş bitkilərin genetik materiallarından istifadə edilərək istehsal olunan yeyinti məhsullarını bilə-bilə idxal edən və satanlar, bu əməllər xeyli miqdarda törədildikdə 3 000 manatdan 5 000 manatadək miqdarda cərimə və ya iki ilədək azadlıqdan məhrumetmə cəzaları ilə cəzalandırılacaqlar. Belə yeyinti məhsullarını istehsal edənlər 4 000 manatdan 6 000 manatadək cərimələnəcək, yaxud 3 ilədək azadlıqdan məhrum ediləcəklər. Qeyd edilən əməllər (idxal etmə, satma və istehsal etmə) külli miqdarda törədildikdə 7 000 manatdan 9 000 manata kimi cərimə tətbiqi olunacaq, yaxud belə şəxslər 2 ildən 5 ilədək azadlıqdan məhrum ediləcəklər. Sadalanan əməllər bu cinayətə görə məhkum edilmiş şəxs tərəfindən törədildikdə isə onlar 3 ildən 7 ilədək azadlıqdan məhrum olunacaqlar.

Ceyhun Əhmədli

Femida.az


Açar sözlər:

Oxunub: 4653