Sərab sülh müqaviləsindən 400 il ötür


14:28     26 Sentyabr 2018 2018/09/serab_1537958533.png

Bu gün Sərab sülh müqaviləsindən 400 il ötür.

XVI əsrin II yarısında Osmanlı imperiyasının Azərbaycan Səfəvi dövlətinin bir hissəsini işğal etməsi Səfəvi-Osmanlı münasibətlərinin inkişafına ciddi zərbə vurdu. Şah I Abbas hakimiyyətinin ilk dövrlərində ölkə ərazilərini işğaldan azad etmək üçün atdığı hərbi-siyasi addımlar lazımi nəticə vermədi. Çünki dövlətin hərbi-siyasi qüdrətinin zəiflədiyi bir vaxtda iki cəbhədə - osmanlılara və özbəklərə qarşı eyni vaxtda mübarizə aparmaq olduqca çətin idi. Bu baxımdan Səfəvi dövlətinin hərbi qüdrətini bərpa etmək üçün osmanlılarla sülh müqaviləsi bağlamaq olduqca vacib idi.

Sülh müqaviləsi bağlamaq üçün 1589-ci ilin sentyabr ayında Səfəvi hakimiyyəti Ərdəbil hakimi Mehdiqulu xan Ustaclunun rəhbərliyi ilə İstanbula bir elçi heyəti göndərdi. Osmanlı hakimiyyətinin tələbi ilə elçi heyəti ilə birlikdə Həmzə Mirzənin 9 yaşlı oğlu Heydər Mirzə də girov kimi İstanbula göndərildi .

Şah I Abbas elçi heyəti ilə Fərhat Paşaya Qızılbaş türkcəsində yazılmış bir məktub da göndərmişdir. Məktubda deyilirdi:

“…Bizim razılıq və fərmanımıza əsasən vəkilimiz Mürşüd Qulu xanı fitnəni aradan qaldırmaq üçün sizin hüzurunuza ezam etmiş və qərara gəlmişik ki, aliməqamlı şahzadənin sözü və əhalinin tələbinə əsasən İslam padişahının (Osmanlı sultanı) hüzuruna yetişsin… və bu xan şahzadənin (Heydər Mirzə) göndərilməsi haqqında bəzi məsələləri hüzurunuzda bəyan edəcəkdir. Öz məmləkətinə və Padişahına xidmət etdiyin və fədakarlıq göstərdiyin kimi bizimlə də dostluq edib, iki məmləkət arasında ədalətin möhkəmlənməsi üçün səy göstərməlisən ki, etdiyin bu iş dünya durduqca əbədi qalsın….İnşaallah –Təala”

Səfəvi elçi heyəti Fərhat Paşanın yanına çatdıqdan sonra onunla birlikdə 1590-cı ilin yanvar ayında İstanbula gəldi. Yanvar ayının 24-də Divan-i Hümayunda sülh təklifləri müzakirə olundu. Nəhayət, İstanbulda aparılan danışıqlar nəticəsində 1590-cı il mart ayının 21-də tərəflər arasında 12 illik Osmanlı-Səfəvi müharibəsinə (1578-1590) son qoyan sülh müqaviləsi bağlandı. 4 bənddən ibarət olan bu müqavilənin 2-ci bəndində Osmanlı imperiyasına qatılan Səfəvi dövlətinin əraziləri əks olunmuşdu. Bu bənddə deyilirdi:

“H. 98 Nevruzi-firuzi (21 mart 1590) tarixinədək, Qızılbaşların əlindən alınaraq Osmanlı dövlətinin tabeliyinə keçən bu ərazilər Osmanlı mülkiyyəti sayılmalıdır: Təbriz, Qaracadağ və ətrafı, Gəncə, Qarabağ və ətrafı, Şirvan, Gürcüstan, Nihavənd, Luristan...”



Göründüyü kimi, bu müqavilənin şərtlərinə görə, Səfəvi dövlətinin böyük bir hissəsi Osmanlı imperiyasının tərkibinə daxil edildi.

Səfəvi dövləti ilə Osmanlı dövləti arasında bağlanan İstanbul sülh müqaviləsi Səfəvi hakimiyyətinin məcburiyyətdən imzaladığı bir müqavilə idi. Çünki Səfəvi hökmdarı I Şah Abbas üçün dövlətin hərbi və iqtisadi gücünü, mərkəzi hakimiyyəti möhkəmləndirmək məqsədilə bu müqavilə olduqca vacib idi.

Osmanlı hökmdarı III Mehmet (1595-1603) zamanında da Səfəvi dövləti ilə Osmanlı imperiyası arasında elçilik mübadiləsi və diplomatik yazışmalar davam etməkdə idi. Sultan III Mehmetin taxta çıxdığı ərəfədə Səfəvi elçisi Kərəm xan Osmanlı sarayına göndərilmişdi. Elçinin məqsədi hər iki dövlət arasında diplomatik münasibətləri inkişaf etdirmək və şahzadə Heydər Mirzənin vəziyyəti ilə maraqlanmaq olmuşdur. Eyni zamanda elçi İraqda şiələr üçün müqəddəs hesab olunan yerlərdə kasıblara nəzarət olunması üçün bu yerlərə iki nəfər Şəfəvi nümayəndəsinin təyin olunmasını istəmişdir .

XVII əsrin əvvəllərində (1603-1612) Səfəvi-Osmanlı müharibələrinin yeni mərhələsinin başlanması siyasi və diplomatik münasibətləri arxa plana keçirdi. 1603-1612-ci illərdə osmanlılara qarşı səfəvilərin həyata keçrdiyi hərbi əməliyyatlar nəticəsində osmanlıların ələ keçirdiyi əksər Səfəvi torpaqları azad edildi. Səfəvi dövlətinin bu qələbələrindən sonra Osmanlı hakimiyyəti yenidən sülh danışıqlarına başladı.

Bu dövrdə sülh danışıqları aparmaq üçün Azərbaycan Səfəvi dövlətindən Osmanlı sarayına bir neçə elçilik heyəti göndərilmişdir. Bu elçilik heyətlərindən biri 1612-ci ilin sentyabr ayında Qazıəskər Qazı xanın rəhbərliyi ilə İstanbula gələn elçi heyəti olmuşdur. Bu elçilik heyətinə İsfahan və Qəzvin qazıları Müizzi İsfahani və Hüseyn Yezdi də daxil idi. Bu elçilik heyətinin apardığı uğurlu sülh danışıqları nəticəsində tərəflər arasında II İstanbul sülh müqaviləsi (20 noyabr/1612) bağlandı .

1612-ci ildə Osmanlı və Səfəvi dövlətləri arasında bağlanan İstanbul müqaviləsinə əsasən Amasya sülhünün şərtləri bərpa olundu. Osmanlı dövləti Azərbaycanın, Şərqi Gürcüstanın Səfəvi dövlətinə məxsus olmasını rəsmən tanıdı.

II İstanbul sülh müqaviləsi üç il qüvvədə qalsa da, 1615-ci ildə yeni Səfəvi-Osmanlı müharibəsi başlamışdır.

1616-cı ildə Sultan I Əhmədin əmri ilə Osmanlı ordusu Təbriz istiqamətində yürüşə başladı.

1618-ci ildə Osmanlı taxtına çıxmış II Osman (1618-1622) I Şah Abbasa elçisi Çavuş Həsən ağa vasitəsilə bir dostluq məktubu göndərmişdir. 1618-ci ilin may ayında Qəzvində I Şah Abbasın hüzuruna gələn Osmanlı elçisi çox soyuq qarşılanmış və Səfəvi hökmdarı tərəfindən bu cavabı almışdır:

“Məktubun heç bir faydası yoxdur. Əgər Osmanlı dövlət adamları adilanə şərtlərlə və xoş niyyətli sülhə hazır olsalar, mən də dostluq əlimi uzadaram. Əgər siz türklər savaşıb qan tökərək biçarə və günahsız insanları öldürmək niyyətində olsanız, günah sizin boynunuzda qalacaq və mən bu vəziyyətdə Səvəfi ordusunu döyüş meydanına göndərəcəyəm” . Səfəvi hökmdarı Osmanlı elçisi ilə birlikdə Mirzə Məhəmməd Hüseyn Əbhəri adlı elçisini Diyarbəkrdən olan sərdar Xəlil paşanın yanına göndərmiş və Nasuh paşa (II İstanbul) müqaviləsinə uyğun bir razılaşmanın bağlanmasını istəmiş, əks halda savaşa hazır olduğunu bildirmişdir.

Hərbi əməliyyatların mənasız olduğunu görən Osmanlı tərəfi yenidən danışıqlara başlamışdır. 1618-ci il avqust ayının 31-də Xəlil paşanın elçisi Dəftərdar Həkim Osman Ərdəbilə gələrək osmanlıların sülh təkliflərini Səfəvi hökmdarına çatdırdı. Osmanlıların sülh təklifi şərtlərindən biri də Səfəvi hökmdarının oğullarından birinin İstanbula göndərilməsi idi. Bu şərtə cavab olaraq I Şah Abbas əlindəki qılıncı hüzurunda olan Osmanlı elçisinə göstərərək demişdir:

“Mənim oğlum budur və bunun xaricində sizin üçün bir şeyim yoxdur. Gücünüz yetirsə bunu əlimdən alın. Türk əsgəri hara qədər gəlmək istəyirsə, mən sağlam bir şəkildə onları gözləyəcəyəm”.


Şahın bu sözlərinə Osmanlı elçisi günahsız insanların qanı töküləcəyini və bunun günahının Şahın boynuna düşəcəyini söyləmişdi. Səfəvi şahı elçinin bu sözlərinə belə cavab vermişdi:

“Mən öz evimdə oturmuşam və osmanlılar hər il gəlib evimə hücum edirlər. Qan tökür və pislik gətirirlər. Mən və xalqım ölkəmizi qorumayaqmı?”.

Tərəflər arasında aparılan ardıcıl danışıqlardan sonra 1618-ci ildə Sərab sülh müqaviləsi bağlandı.

Səfəvi hökmdarı I şah Abbasla Osmanlı dövlətinin ordu komandanı Xəlil paşanın imzaladığı sazişə əsasən, iki dövlət arasında 1612-ci ildə əldə olunmuş sülhün əsas şərtləri bir daha təsdiqlənib.

Tarix elmində səhvən Sərab sülhü adlanan sülh müqaviləsi Mərənddə tərtib edildi və imzalandı (hicri zülqədə 1027-ci il-1618-ci il sentyabr). Bu müqavilə ilə 1612-ci il müqaviləsinin şərtləri bir daha tanınırdı.

Həmin şərtlərə əsasən, Səfəvi dövləti XVI sonunda Osmanlı ilə müharibədə (1578-1590) itirdiyi torpaqların böyük hissəsini geri almışdı.

Yadigar Əli Sultanın rəhbərlik etdiyi Səfəvi elçi heyəti Sərab sülh müqaviləsini təsdiq etmək üçün 1619-cu il sentyabr ayının 29-da İstanbula gəldi və bu müqavilə təsdiq edildi. Lakin bu sülh də uzun sürmədi və beş il sonra (1625) tərəflər arasında yeni müharibə başlandı.

Femida.az

Açar sözlər:

Oxunub: 3514