Paşinyan hökumətinin aqibəti necə olacaq? - Hatəm Cabbarlı yazır


21:16     26 Sentyabr 2018 2018/09/8BBDA0DE-7677-4724-9485-96A0997D51DC_1537982783.jpeg


Paşinyan Ermənistan parlamentinə etdiyi şantajla özünü baş nazir təyin etdirdikdən, (bəli, bəli, seçilmədi, təyin etdirdi…) sonra Ermənistan qısır döngüdə hər gün onsuz da az olan potensialını tükədir. Ermənistan bu hökumətlə hara qədər gedə bilər?

Ermənistan hökumətinin son 7-8 ayda həyata keçirdiyi siyasət dövlətin yaxın perspektivi üçün yaxşı heç nə vəd etmir. Xüsusilə sattaleti olduğu Rusiya ilə də münasibətləri pozması Paşinyan hökumətinin sonunu gətirə bilər. Rusiyanın Ermənistana və Paşinyan hökumətinə qarşı hansı təzyiq mexanizmləri var?

1. Yumuşaq təzyiq mexanizmləri.

-Rusiya Ermənistana satacağı təbii qazın qiymətini dünya bazarı standartlarına qaldıra bilər. İl sonuna doğru Ermənistan Rusiyadan alacağı təbii qazın qiymətlərini razılaşdırmalı olacaq. Təbii qazın qiymətinin artması ölkə daxilində narazılığı artıra bilər.
-Qışın oğlan çağında Ermənistan gedən təbii qaz boru xəttində hər hansı bir “texniki problem” və ya terror aktı səbəbilə boru xəttinin 2 həftə təmirə dayanması Paşinyan hökumətini silkələyər.
-Rusiyanın mülkiyyətində olan strateji sənaye müəssisələrin istehsal gücünü bu və ya digər səbəblə aşağı səviyyəyə çəkə bilər. Qeyd edim ki, bu sənaye təsisləri onsuz da tam istehsal gücü ilə işləmir.
-Rusiya Ermənistanı Gürcüstan üzərindən birləşdirən Yuxarı Lars gömrük qapısında süni problemlər yaradaraq erməni yük avtomobillərin gömrüyü vaxtında keçməsinə əngəl ola bilər.
-Rusiya erməni miqrantların ölkəsinə girməsini məhdudlaşdıra bilər, qeyri-qanuni gələnləri və qalanları isə deportasiya edər. 2-3 min nəfərin deportasiya edilməsi Ermənistanda narahatçılığın başlamına yetərlidir.

2. Sərt təzyiq mexanizmləri.

-Rusiya Ermənistana satdığı silahların göndərilməsini texniki bəhanələri önə sürərək gecikdirə bilər.
-Rusiya Ermənistanın yeni silah partiyaları alınması üçün borç verməyə bilər və başqa dövlətlərdən silah almasını əngəlləyə bilər. Ermənistanın başqa dövlətlərdən silah alması üçün pulu da yoxdur əslində.
-Rusiyanın Ermənistandakı 102-ci hərbi bazası Paşinyana qarşı müxalifətinin meydanlara çıxacağı təqdirdə onları lojistik olaraq dəstəkləyə bilər. Keçmiş iqtidar - Ermənistan Respublika Partiyasının küçəyə çıxmayacağını iddia etmək sadəlöhvlük olardı. Robert Koçaryanın son günlərdəki bəyanatı sərtləşib.

-Ermənistanın ölkə daxilində və işğal altında olan hərbi hissələrində Rusiya xüsusi xidmət orqanları tərəfindən “VERBOVKA” edilmiş zabitlərin olmaması mümkün deyil. Rusiya, Azərbaycan-Ermənistan sərhəddində və işqal altında olan bölgələrdə “VEBOVKA” etdiyi erməni zabitləri vasitəsilə Ermənistanın ən zəif müdafiə xəttində təxribat yaradaraq Azərbaycanı da işin içinə çəkə bilər. Burada Azərbaycanın bu məsələdə maraqlı olub olmamasi heç nəyi dəyişmir. Cəbhə xətti boyunca hər hansı bir yerdə Ermənistan ordusu atəşkəsi pozaraq 100-200 metr olsa belə irəliləməsinə Azərbaycan avtomatik olaraq cavab verəcək.
Atəşkəsin ən zəif müdafiə xəttində pozulması Azərbaycan ordusunun qısa zamanda içəriyə doğru irəliləməsinə imkan yarada bilər və yaxud bu imkan yaradıla bilər. Yəni aprel 2016-cı il hadisəsinə bənzər bir hadisə yaşana bilər. Azərbaycan müəyyən qədər irəliləyə bilər, Rusiya tərəfindən Ermənistanın daxili ictimai-siyasi dinamiklərinin Paşinyana verdiyi reaksiyalar ölçülərək daha sonra Azərbaycan ordusunun irəliləməsinə və yaxud dayanmasına qərar verilə bilər.

Qeyd: Ermənistanda Levon Ter-Petrosyandan sonra xalq heç bir siyasətçiyə Paşinyan qədər güvən oyu verməyib. Paşinyan ağıllı olsaydı bu güvən oyundan istifadə edərək ölkəsi qarşısında “ÇİN SƏDDİ” kimi duran Dağlıq Qarabağ problemini həll edə bilərdi. Paşinyan bunu etmədi. Etməməsinin əsas səbəbi isə özünü legitim hökumət olaraq görməməsidir. Parlamenti nəzarət altına almadan bunu etmək imkansızdır. Paşinyan parlament problemini də həll etməkdə acizdir. Hüquqi olaraq bunun yolu yoxdur. Qalır bir yol! Paşinyan yeni inqilaba başlayır, parlamenti qovur, yeni parlament seçkisi keçirir. Buna Paşinyanın siyasi gücü yetmir və nəticəsinin necə olacağını əvvəlcədən təxmin etmək mümkün deyil.

Hatəm Cabbarlı
Siyasi elmlər doktoru

Femida.az

Açar sözlər:

Oxunub: 1058