"Samur" Gömrük Postunda bir gün - İt "narkotik" tapdı (REPORTAJ)


11:00     27 Sentyabr 2018 2018/09/42576107_1780273898761092_6463841873998905344_n_1538031555.jpg

Sentyabrın 26-da kütləvi informasiya vasitələrinin nümayəndələri Azərbaycan Respublikasının Rusiya Federasiyası ilə dövlət sərhədində yerləşən Şimal Ərazi Baş Gömrük İdarəsinin "Samur" gömrük postuna səfər etdi.

Burada jurnalistlər Gömrük Orqanları əməkdaşlarının apardıqları işlə əyani şəkildə tanış oldu, hətta bir saatlıq müddətdə onlar gömrükçü kimi işlədilər.



Posta səfər zamanı diqqət çəkən bir sıra məqamları qeyd edək:

Keçid məntəqəsinə girən kimi ilk olaraq nəzərə çarpan yoxlanış otağında yığılıb qalmış mallar idi. Bu malların kimə aid və nə üçün burada olduğunu soruşanda bildirildi ki, bu mallar başqasının malını daşıyan və içində nə olmadığını bilməyən şəxsə aiddir. Hansı ki, həmin şəxs bağlamaların içində nə olduğunu bilmədiyi üçün malları bəyan edə bilməyib və onun malları burada saxlanılıb. Az sonra mallar sənədləşdirilərək, anbara göndəriləcək. Sahibi özü nə vaxt gəlib bəyan etsə, o vaxt mallar veriləcək.



"Samur" Gömrük Postunun baş inspektoru Nicat Muxtarlı bildirdi ki, ən sıx yaşanan problemlərdən biri mobil telefonlarla bağlıdır:

"İnsana baxırsan ki, çox kasıb biridir. Amma əlində 1500 manatlıq telefonla gəlir. Qanun icazə verdiyi üçün ona heç nə demirik. Amma ardınca eyni marka, eyni telefonla başqa bir adam gəlir. Bu zaman aydın olur ki, hansısa işbaz Rusiya Gömrüyünün qapısında dayanıb və gələn adamlara kiçik məbləğ qarşılığında telefonları qarşı tərəfə keçirməyi təklif edir. Əlbəttə ki, biz bu cür oyunları yaxşı başa düşürük və qarşısını alırıq.

Müşahidələrimiz zamanı qarşılaşdığımız ən qeyri-adi məqamlardan biri də vətəndaşlardan birinin özü ilə az qala mini zavodu xatırladan bir qurğunu keçirmək cəhdi idi. Söhbət araq çəkilməsi üçün nəzərdə tutulan motorlu aparatdan gedir. Belə ki, vətəndaş ağır çəkili, böyük balonlar, vannalar, motor, eləcə də digər metal qurğulardan ibarət olan bu texnikanı fərdi şəkildə Gömrükdən keçirmək istəyirdi. Lakin bu cür mallar açıq – aşkar kommersiya məqsədlidir, eyni zamanda gömrükdən əllə keçirilməsi məqsədəuyğun deyil. Belə böyük mallar karqo vasitəsilə ölkəyə gətirilməli və müvafiq rüsum ödənlməldir.



Praktiki iş zamanı bir qadının gətirdiyi sumkada nəzərdə tutulandan artıq ərzaq olması ilə bağlı şübhə yarandı. Postun əməkdaşları sumkaya yerindəcə baxış keçirdi və 25 kiloluq bağlamada qarışıq tipli ərzaqlar olduğu aşkar etdi. Bundan sonra qadın sərbəst şəkildə gömrük ərazisindən buraxıldı.
Eləcə də digər vətəndaşlar da bildirdilər ki, hər hansı qanundan kənar davranış olmadığı təqdirdə gömrükdə yubanma və ya incidilmə halları olmur. Onlar sərbəst şəkildə postdan keçə bilirlər.



Son olaraq Nicat Muxtarlı Femida.az–a açıqlamasında narkotik qaçaqmalçıları ilə mübarizədən danışdı:

“Posta narkotiklə tutulan şəxs olarsa, dərhal təhqiqat qrupu dəvət olunur, araşdırma başlanır. Tutulan narkotik əməkdaşlar tərəfindən müvafiq idarəyə, oradan isə məhv olunmağa aparılır. Eyni zamanda avtomobillərdə olan narkotik vasitəsinin tapılması üçün Kinoloji Xidmətin təlim keçmiş itlərində istifadə olunur".

Prosesin necə baş verdiyini jurnalistlərə əyani şəkidə göstərmək üçün avtomobillərdən birinə narkotik qoxulu maddə yerləşdirildi və axtarış aparıldı. Kinoloji Xidmətin iti bir neçə saniyə ərzində narkotik qoxulu maddənin yerləşdirildiyi hissəyə reaksiya verdi.










Amin Nəzərli
SDK, Qusar


Femida.az

Açar sözlər: #gömrük   #DGK   #komitə   #kinoloji   #it   #reportaj   #femida   #Samur   #Qusar  

Oxunub: 3441