Hökumət kredit borcları ilə bağlı dəyişiklik etdi


12:10     27 Sentyabr 2018 kreditgh.jpg

Azərbaycanda borclunun əmlakı üzərində mülkiyyət hüququnun kreditora (kreditorlara) verilməsi qaydası müəyyən edilib.



Femida.az xəbər verir ki, bu, Nazirlər Kabinetinin təsdiqlədiyi "Borclunun sağlamlaşdırılması planının məzmunu”nda əksini tapıb.

Sənədi Baş nazir Novruz Məmmədov imzalayıb. Sənədə əsasən, borclunun sağlamlaşdırılması planı borclu tərəfindən hazırlanır, kreditorların yığıncağı tərəfindən qəbul edilir və məhkəmə tərəfindən təsdiqlənir. Həmin planda aşağıdakılar göstərilir:

1. borclunun sağlamlaşdırılmasında iştirak edən kreditorun (kreditorların) tələblərinin ödənilməsi üçün tələb olunan pul vəsaitlərinin məbləğləri, bu tələblərin icrası qaydası və müddəti,

2. borclunun sağlamlaşdırılması planının icrası və icrasına nəzarət ilə bağlı tədbirlər,

3. borclunun sağlamlaşdırılması planının xitamı üçün əsaslar və onun nəticələri.

Borclunun sağlamlaşdırılması planında bunlar göstərilə bilər:

1. müxtəlif kreditorlar qrupuna aid olan kreditorların tələblərinin fərqli ödəmə şərtləri,

2. kreditlərin alınması üçün tədbirlər,

3. hər hansı digər şərtlər və ya tədbirlər.

Borclunun sağlamlaşdırılması planında borclunun pul öhdəliklərinin aşağıdakı tədbirlərdən biri və ya bir neçəsi vasitəsilə sağlamlaşdırılması nəzərdə tutula bilər:

1. hissə-hissə ödənişlər, habelə ödəniş müddətlərinin, öhdəliklərin valyutasının, faiz dərəcələrinin dəyişdirilməsi, o cümlədən cəlb edilmiş vəsaitlərin qiymətindən aşağı səviyyədə müəyyən edilməsi və faizlərin hesablanmasının tamamilə dayandırılması, kreditlə və ya kreditin təminatı olan ipoteka və ya girov ilə bağlı müqavilələrin şərtlərinin dəyişdirilməsi,

2. borc öhdəliklərinin şərtlərinin dəyişdirilməsi,

3. Girovda və ya ipotekada olan əmlakın özgəninkiləşdirilməsindən əldə edilən vəsaitlər bu girovla və ya ipoteka ilə təmin edilən tələblər çərçivəsində həmin əmlakın girovsaxlayanın və ya ipoteka saxlayanın tələblərinin ödənilməsinə yönəldilir,

4. Tələblərin tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququnun kreditora (kreditorlara) verilməsi. Bu zaman kreditorun (kreditorların) tələbləri girov və ya ipoteka qoyulmuş əmlakın satışından sonra qismən ödənildiyi təqdirdə, əlavə tələb hüququ qüvvədə qalır. İddiaların tamamilə və ya qismən ödənilməsi məqsədi ilə borclunun əmlakı üzərində mülkiyyət hüququ kreditora (kreditorlara) yalnız həmin kreditorun (kreditorların) razılığı ilə verilir,

5. borclunun girov və ya ipoteka qoyulmamış əmlakına tutmanın yönəldilməsi,

6. borcun tam və ya qismən bağışlanılması,

7. borclunun iştirakçısı olduğu müqavilələrin ləğv edilməsi və ya şərtlərinin dəyişdirilməsi,

8. girov və ya ipoteka hüquqlarından imtina edilməsi,

9. borclu və ya üçüncü şəxslər tərəfindən əlavə girovun və ya ipotekanın, o cümlədən qarantiya və zəmanətlərin verilməsi,

10. borcun kapitala çevrilməsi,

11. borclunun nizamnamə kapitalında yeni payın əldə edilməsi,

12. borclu tərəfindən qiymətli kağızların buraxılışı,

13. borclunun yenidən təşkili (birləşmə, qoşulma, bölünmə, ayrılma, çevrilmə),

14. təsisçilər (iştirakçılar) istisna olmaqla, borclunun digər idarəetmə və nəzarət orqanlarının üzvlərinin kreditorlar qrupunun müəyyən etdiyi şəxslərlə əvəz edilməsi,

15. borclunun korporativ idarəçiliyində dəyişikliklər edilməsi,

16. borclunun sağlamlaşdırılması ilə bağlı hər hansı digər tədbirlər.

Borclunun sağlamlaşdırılması planına ləğvetmə təhlili əlavə edilir. Həmin təhlildə borclunun ləğv edilməsi ilə müqayisədə kreditor (kreditorlar) üçün borclunun sağlamlaşdırılması planının həyata keçirilməsi ilə bağlı üstünlüklər əks olunur. Borclunun sağlamlaşdırılması planına borclunun bu planın şərtlərini yerinə yetirmək imkanını və qabiliyyətini təsdiqləyən maliyyə təhlili də əlavə olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 2217