Dağlı Qədir Sumqayıtın erməni oğrularını necə sındırmışdı – İşverən Surenin müəmmalı ölümü


12:44     27 Sentyabr 2018 2018/09/dagli-4614092907_1538037974.jpg


Əllinci illlərin Sumqayıtı adi bir kənd, əhalisinin əksəriyyəti isə Xruşşov aministiyasından buraxılan məhbuslar idi. “Cəmiyyətin yarasının qaysağı” adlandırılan bu insanlar dəstə-dəstə, vaqon-vaqon hələ yaşamağa heç bir şəraiti olmayan, küləklər vıyıldayıb, ilanlar mələşən, qum qasırğası oynayan çöllərə tökülür və şəhər salınırdı. Çoban pəyələrini andıran daxmaların yanında hər gün bir neçə beşmərtəbəli binalar ucalırdı.

Tezliklə burada SK (sintetik kauçuk), “Aliminium” və “Boru-prokat” zavodları, “940-cı müəssisə” tikildi. Həmin arada “Kolxoz bazarı” və iki restoran da əhalinin istifadəsinə verildi.

Əllinci illərin ortalarında həm Bakı, həm də Sumqayıtda erməni oğrular çoxluq təşkil edirdi. Cinayət aləmini dəblə geyinib, axşamdan başlayaraq, gecədən xeyli keçmişə qədər restoranların uzaq künclərindəki stolların arxasından qalxmayan, cibləri pulla dolu Avsvasatur (“Çornıy Vanik”), Suren (“Yaponets”), Rafik (“Koleso”), Rantik (“Payalnik”), Armo (“Malış”), Karo (“Volk”) və başqaları idarə edirdilər.

Şöhrət dəbdəbəsi ilə əhatə olunmuş və özlərini keçmiş qoçular kimi aparan ermənilər heç kimdən, heç nədən qorxmur, əksəriyyəti məhbəs məzlumu olan adamların başında qoz sındırırdılar. Hərəsinin əlində gündə minlərlə manat qazanc gətirən sexlər, qastronomlar, pivəxanalar, bazar piştaxtaları cəmləşmişdi.

O dövrün azərbaycanlı avtoritetləri tez-tez ermənilərlə toqquşurdular. Onlardan biri də Dağlı Qədir idi.

Dağlı Qədir 1925-ci ildə Bakının dağlı məhəlləsində anadan olmuşdu. 1971-ci ildə dünyasını dəyişib. Lotu deyildi, oğru da olmayıb. Cayıl idi – dağlı camaatının ən istəkli, ən hörmətli cayıllarından biri. Onu bu gün də yaşadan, tanıdıqlarına sevdirən, çoxlarının pafosla dediyi kişilik əlamətləri idi. Müşkülə düşmüş bütün işlərində Qədirin qapısına gələn elə bir adam tapılmazdı ki, təskinlik almamış, sakitləşməmiş geri qayıtsın.

“Muğan” mehmanxanasının qarşısında “Çornıy Vanik”in sağ əli sayılan “Zimbala” Karo və “Payalnik” Rantiki döyərək, maşının altına iməkləməyə məcbur edəndən sonra Qədir “dibə oturaraq” Qubadakı dostu Əlibalanın evinə getmişdi.

İki gün sonra həyətdəki armud ağacı altında quraşdırılmış stolun arxasına yenicə əyləşmişdilər ki, qapı döyüldü. Bu vaxtlar heç bir qonaq gözləmədiyinə görə, Əlibala him-cimlə dostunun otağa girməsinə işarə verərək, qapıya çıxdı və hündürdən:
- Alə, qayınanon səni nə çox istəyirmiş, ay Şükür, - deyib, onun əlindəki iki onlitirlik çəlləklərdən birini alaraq, stol başına gətirdi.
Qədir oturduğu yerdən tərpənməmişdi.

Əlibalanın gətirdiyi yarımlitirlik parçlara birbaşa çəlləkdən pivə süzən Şükür:
- İki gündür Sumqayıtdan bir oğlan qarabaqara axtarır səni, - bas səslə dilləndi. - Fındığandandu. Dili-dodağı söz tutmur. Gündə dörd-beş kərəm gəlib səni soruşur. Dünən ona dedim ki, alə, bacıoğlu, sən gəl dərdüvü danışginən, mən çatdıraram Qədirə. Danışmadı. “Sabah yenə gələrəm”,- deyib, kor-peşiman uzaqlşdı. Gördüm halı üstündə dögül, yapışdım qolundan, zorla evə apardım. Allah verəndən qoydum qabağımıza, bir butıl da odlu su... Day heç nə soruşmadım. Araqdan bala-bala gillətdikcə açdı sandığını, tökdü pambığını... Deyir, Sumqayıtda çəkməçi sexində işləyirdim. Dörd aydır Komidən “sanatoriyadan” gəldiyim. Üç ay əvvəl “Spartak” kinoteatrının qarşısında “Yaponets”lə rastlaşdım. Hələ Bayıl “pansionatında” birlikdə dincəlmiş, “turbazadan” (peresılka, paylama məntəqəsi) eyni vaqonda “səyahətə” yollanmışdıq.

- Tanıyıram “Yaponets”i. Suren Qalustyan... Qorotdelə işverənin yekəsidir... Bir dəfə “Araz” restoranında arvad-uşağı saya salmadan çox hündürdən danışırdı. Pencəyin ətəyini yana itələyib puşkanın dəstəyini göstərdim, it kimi quyruğunu qısıb aradan çıxdı, - Qədir pivədən bir qurtum alıb, - Hə, sonra nə danışdı findiğanlı balası? – soruşdu.

- Deyir ki, üç ay əvvəl həmin bu Suren Yaponets məni özü ilə restorana apardı. Yeyib-içən əsnada dedi ki, bəs Sumqayıtda ayaqqabı sexim var. Mən hələ Bayılda oturarkən bir az xrom-dəri tapıb Sümük Böyükağaya sapoq tikmişdim. Suren görmüşdü çəkmələri, nə qədər pul təklif eləsə də, ona satmamışdım. Mənə dedi ki, gəl səni işə götürüm, yaxşı məvacib verərəm, indi Sumqayıta axındır, ittifaqın hər yerindən minlərlə adam gəlir, qururlar, tikirlər... Sonra kömək edərəm mənzil də alarsan. Üç ay işlədim. Düzdü, yaxşı maaş verirdi mənə, hətta orada çalışan ermənilərdən də çox pul alırdım...

- Alə, çaqqalın nə isə bir fırıldağı olubmuş yəqin... – dilləndi Qədir.



- Bir həftə əvvəi uçastkoviy gəlib xirtdəkləyib məni, aparıb otdeleniyaya, ordan da qorotdeldəki kapitan Markaryanın kabinetinə... Belimə beş ay bundan əvvəl baş vermiş oğurluğu yükləmək istəyirlər. Markar deyir ki, oğurlanan malların üstündə sənin barmaq izlərin var. Ya dörd il yükləyəcəm belüvə, göndərəcəm Komiyə, ya da on gün vaxt verirəm sənə. Günü min manatdan Surenin çəkdiyi zərəri ödəməlisən. Ödədün - barmaq izləri səninki dögül, ödəmədün - göndərirəm Sıvtıvkarda maral otarmağa.

Şükür yarızarafat-yarıciddi danışdıqca Qədirin üzündəki ifadə qəzəbə çevrilirdi. O, əlindəli balıq tikəsini nimçəyə atıb:
- Saat on birdir, iki saata Sumqayıta çatarıq,- dedi.- Pivə qalsın axşama. Əlibala, “Pobeda”nı təşkil eləginən, axşam səkkizdə buradayam. Bu işi aşırmasam, boğazımdan pivə də keçməz. Beş ay bundan əvvəl oğurlanmış malda oğlanın “çertyoju” (əl izləri) hardan peyda olub? Suren xırda balığı balinanın ağzına verib.

...Yol boyu Qədir fındığanlı balası haqqında Şükürə suallar verir, onun davranışı barədə öyrənməyə çalışırdı...

O vaxtlar Sumqayıtın mərkəzi sayılan “Kottec” bazarı və ya raykomun binası qarşısındakı “Abşeron” restoranında toplaşardılar surengil. Sureni nə bazarda, nə restoranda, nə də milis şöbəsində tapdılar... Növbətçi milis kapitanı dedi ki, əgər idarənin qarşısında Kamal Mirzəyevin “Pobeda”sı dayanmayıbsa, deməli qalan xırda rəislər haralardasa “obyektdə”dirlər. Suren də işini Markaryanla aparan adamdır... “Ceyran” restoranına, Novxanı yolundakı kababxanaya baxın, ən dadlı balıq kababını orada verirlər.

...Novxanı pavilyonunda maşından düşəndə burnu qıcıqlandıran osetrin kababının ətri ətrafı bürümüşdü. Qədir bir az kənarda günəş şüaları altında bərq vuran maşını Şükürə göstərib:
- Ermənilərin kenti, qorotdelin naçalniki də buradaymış, - dedi.
Kababxanadan çıxan cavan, şıx geyimli oğlan iki əlini də irəli uzadaraq:
- Xoş gəlmisən, Qədir qədeş! – görüşdü. – Həmişə sən gələsən!
- Sureni, “Yaponets”i axtarıram, buralarda yoxur ki?

Qədir, Şükür və Əlibala kababxanaya girəndə şaqqıldayan nərd səsi kəsildi, hamı qapıya doğru qanrıldı. Üstü ləziz yeməklərlə dolu stol arxasında oturmuş kapitan Vartan sıçrayıb ayağa qalxdı, nə isə demək istədisə də dili topuq vurdu. Qədir əlindəki tapançanın lüləsini onun sinəsinə tuşlamışdı.
- Ya tebya ne videl, Kadir. Spryaç pojaylusta iqruşku, sadis, bud qostem (mən səni görməmişəm, Qədir, tapançanı gizlət, əyləş, qonağımız ol), - klapitan kəkələdi.
Qədir sol li ilə havada dairəvi halqa cızdı, ətrafda dayanan erməniləri göstərərək:
- Ya s takimi qnidami za stol ne syadu.

Qədir bir neçə dəfə tapançanın lüləsini Vartanla üzbəüz əyləşib stola dirsəklənmiş Surenin peysərində taqqıldatdı:
- Alə, vələdüzina, otuz nəfər işçinin arasında baqaja qoymağa başqa adamun yoxdur? Qurumsaq, üstünə oğurluq yazmaq istədiyüvüz dağlı balası haçandan sizün sexdə işləyir? O boydana sexdə vur-tut bircə nəfər azərbaycanlı var, Sumqayıtda elədiyüvüz bütün oğurluqları onun boynuna yükləyirsüz?



Bir qədər kənarda nərd stolu arxasında oturmuş “Payalnik” Rantik ayağa qalxdı, əlini pencəyinin cibinə soxmaq istərkən Şükürün iri ovucu onun üzündə şappıldadı. Rantik indicə qalxdığı stula bələşdi və onunla birlikdə döşəməyə yıxıldı.
Payalniklə üzbəüz oturub hələ də ovcundakı zərləri qarışdıran Armo:
- Bu xereketlerine qöre cavaf verməli olacaqsan, Şukyur, - indicə bir qapaz yeyəcəyini gözləyən uşaq kimi gözlərini qırpa-qırpa dilləndi. –Ara, vurduqun oqlan bilirsen kimdir?! Ara, bu sizin maxladakı Çopur Yadullaxın dostu, xlebnikidir.
- Ala, yum qnilovka qoxusu gələn pastuvu. Aduvu zakonnik qoymysan, özün krısa kimi öz kentlərindən oğurlayırsan, sonra da haqq verib günahsız adamı mentlərin pəncəsinə itələyirsən, - Şükür Armonun başı boyda olan yumruğunu onun sifəti qarşısında silkələdi, - bir qoyaram gicgahuva, başun çürük qarpız kimi partlayar. Tı ne vmeşivaysya v mujskoy razqovor! - bağırdı.
- Ara, yani deyirsen...
- Həri, elə arvad da varsan! Otur!!
- Mujiki, tovarişi eto delo v moem proizvodstve (yoldaşlar, bu iş mənim icraatımdadır). Dəlillərin qarışmaması üçün işi bağlayıram. Bunu bandotdelin naçalniki kimi mən sizə deyirəm... Barışın! – Markaryan qalib kimi döşünü irəli verdi.
- Elə şey yoxdur, naçalnik. Kişi tüpürdüyünü yalamaz. On kusok istəmisən, puluvi da vədəsində alıceysən. Ancaq pulu fındığanlı balasına bu, - Qədir tapançanın dəstəsi ilə Surenin peysərini taqqıldatdı, - bu verəcey. Sabah tapırsan şərlədüyün Gülhüseyni, verirsən ona on mini, naçalnik də haqqını alır və cırır işi. Bağlamaq yox... cırmaq!!
- Oldu, oldu Kadır! Çopur Yadullaxa cavabı ozun vereceysen! - Suren altdan yuxarı gözünün birini qıyaraq, ayağa qalxmaq istədisə də, Qədir tapançanı tutduğu əli ilə çiynindən basıb, oturtdu onu.
- Mumla alə, ambrazurovu! Mənə hədə-qorxu gələnə baxginən. Bəgəm Yədulla deyib ki, otuz işçinin içindən bircə nəfər müsəlmanı seçib, mentlərə təhvil verəsən? Çopurla tonlarla vobla yemişəm, sisternlərlə pivə sümürmüşəm. Əgər o da dörd ay əvvəl “azadlığın mübarək” kəlmələrini eşidən, heç nədən xəbərsiz yazığın fitvasını veribsə, tüpürrəm sifətinə. Amma bilirəm ki, eləməz, çünki o, erməni dögül!!

Sumqayıtın ilk sakinlərinin danışdıqlarına görə, fındığanlı Gülhüseyn Surenin verdiyi on min publu aparıb qorotdelə.
Markaryan:
- Bu bağlamanı sənə bağışlayıram, - deyib, - gəl səni Bakıda ayaqqabı fabrikinə işə düzəldim, mənzil almağına da köməklik götərəcəm.
Vartanın israrına baxmayaraq, Gülhüseyn pulu götürməyib, Qədirə alqışlar oxuyaraq, otaqdan çıxıb.

Surenin mentovkaya işlədiyindən xəbər tutan lotular 1956-cı ildə (Qədir həbs olunundan üç gün sonra) sxodka keçirərək, onu “vne zakona” elan ediblər.

Yığıncaqda Armo da Surenin əleyhinə bir neçə epizod danışıb, amma Şükürün onu “arvad” adlandırdığı barədə bir kəlmə də deməyib.

Sxodkadan iki həftə sonra işverən Surenin Sumqayıtda maşın altında qaldığı barədə müəmmalı xəbər yayılıb. O vaxt Sumqayıtda vur-tut yeddi-səkkiz maşın vardı... Deyilənə görə, sxodkanın qərarı ilə onu öz dostlarından biri qətlə yetirmişdi.


Bəhram Çələbi

Xüsusi olaraq AzVision.az üçün
Femida.az

Açar sözlər: #qanuni_oğru   #Vor   #Rusiya   #Kriminal_aləm  

Oxunub: 3617