"Azərbaycanla Xəzərdə birgə layihələr icra edəcəyimizə inanıram" - Putin


17:40     27 Sentyabr 2018 2018/09/48158-1538054820_1538055748.jpg

“İnanırıq ki, Rusiya və Azərbaycan şirkətləri Xəzər dənizi regionunda ilk növbədə, nəqliyyat, yük daşınması, neft və qaz hasilatı, ekologiya və sözsüz ki, bioresurslar sferasında perspektivli layihələrin həyata keçirilməsilə fəal şəkildə məşğul olacaqlar.”

Femida.az “TASS”a istinadən xəbər verir ki, Bakıda işgüzar səfərdə olan Rusiya prezidenti Vladimir Putin IX Azərbaycan-Rusiya regionlararası Forumunda çıxışında belə deyib.

“Xəzərin hüquqi statusuna dair Konvensiya ölkələrimiz arasında qarşılıqlı faydalı əməkdaşlıq üçün yeni imkanlar açıb. Bu, sözsüz ki, böyük sıçrayışa səbəb olan qərardır. Əlbəttə ki, bu sazişin tammiqyaslı tətbiqinə nail olmaq üçün hələ çox işlər görülməlidir. Amma imzalanması artıq baş tutan bu sənəd bizim Xəzər dənizi regionunda əməkdaşlığımız üçün artıq yaxşı baza yaradır.”

Putin onu da bildirib ki, Rusiyanın enerji şirkətləri Azərbaycan bazarında uğurla fəaliyyət göstərirlər. Xüsusən də “Rosneft” şirkəti yaxın zamanda SOCAR-la birlikdə neft-qaz yatağının kəşfiyyatı və istismarına başlayacaqlar.

“LUKOYL Azərbaycandakı enerji layihələrinə 4 milyard dollar sərmayə yatırıb, bizim neft daşınmasında aparıcı monopoliyamız olan “Transneft” isə Bakı-Novorossiysk neft kəməri ilə Azərbaycan neftinin təhlükəsiz ixracını təmin edir” – deyə, Putin vurğulayıb.

Rusiya prezidenti həmçinin, avtomobil sənayesi və kənd-təsərrüfatı obyektlərinin tikintisi sahəsində də ölkələrimiz arasında əməkdaşlığın dərinləşdirilməsi üçün yaxşı imkanların mövcud olduğunu bildirib. Vurğulayıb ki, Azərbaycan bazarında Rusiyanın da birgə iştirakilə 700 şirkət fəaliyyət göstərir. Azərbaycan iqtisadiyyatına yatırılan birbaşa rus investisiyalarının ümumi həcmi isə 1,5 milyard dollardan çoxdur:

“2017-ci ildə Azərbaycandan Rusiyaya kənd-təsərrüfatı məhsullarının ixracı əhəmiyyətli dərəcədə, demək olar ki, 12% artıb. Bizim tərəfdaşlarımız bu sahəyə böyük maraq göstərirlər. Bunu, sentyabrda Moskvada keçirilən beynəlxalq qida sərgisində 30-dan çox Azərbaycan şirkətinin iştirak etməsi də sübut edir. Rusiya və Azərbaycan birgə infrastruktur layihələri də həyata keçirirlər. Konkret olaraq, hazırda İran, Azərbaycan və Rusiyadan keçməklə Avropa və Asiya bazarlarını daha da yaxınlaşdırmağa hesablanan “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizinin yaradılması üzərində iş gedir.”

İkitərəfli qarşılıqlı iqtisadi-ticari əməkdaşlığın dinamik inkişafı və böyük perspektivlərindən danışan Putin xüsusilə vurğulayıb ki, Rusiya və Azərbaycan öz münasibətlərini qarşılıqlı hörmət və maraqlar balansının axtarışı üzərində qururlar.

“Bütövlükdə, Rusiya və Azərbaycan arasındakı münasibətlərdən danışarkən vurğulamaq istərdim ki, bizim ölkələrimiz arasındakı əlaqələr, sözsüz ki, mehriban qonşuluq və qarşılıqlı hörmət prinsipləri əsasında qurulur. Biz həmişə maraqların balansını axtarırıq və onu tapırıq” – deyə, Putin bildirib.


Femida.az

Açar sözlər:

Oxunub: 427