" Poroşenkonun namizəd olacağı hələ bəlli deyil " - Ukraynalı politoloq


10:15     28 Sentyabr 2018 2018/09/15380904485860860531_1000x669_1538116219.jpg

Ukraynada siyasətdə olan 5-6 nəfər var ki, onlar prezidentliyə daha şanslı namizədlərdir.

Femida.az xəbər verir ki, bu fikri AZƏRTAC-a açıqlamasında Ukraynanın Siyasi Analiz və İdarəetmə İnstitutunun direktoru Ruslan Bortnik deyib.

Onun sözlərinə görə, prezident seçkiləri zamanı daha şanslı namizədlər sabiq Baş nazir, “Batkivşina” partiyasının lideri Yuliya Timoşenko, hazırkı dövlət başçısı Petro Poroşenko, sabiq müdafiə naziri, “Qrajdanskaya pozitsiya” partiyasının rəhbəri, deputat Anatoliy Qriçenko, 2012-2014-cü illərdə ölkənin baş nazirinin müavini işləmiş, Ali Radada müxalifət blokunun lideri Yuriy Boyko, deputat Oleq Lyaşko olacaq. Bunların yığacağı səslər bir-birilərindən o qədər də ciddi fərqlənməyəcək.

R.Bortnik bildirib ki, digər iddialıların prezident olmaq şansları yoxdur. Ukraynanın daxili siyasi vəziyyətinin çox mürəkkəb olduğunu deyən ekspert ölkəsinin Qərblə Rusiya arasında qarşıdurma məkanına çevrildiyini vurğulayıb. Bu qarşıdurma Ukraynada martda keçiriləcək prezident və parlament seçkilərində özünü açıq büruzə verəcək. Onun sözlərinə görə, ABŞ, Avropa və Rusiya seçkilərə müdaxilə etməyə cəhdlər göstərəcək.

“Qərbin hansı namizədə dəstək olacağı hələ ki bəlli deyil. Bu ilin sonuna ABŞ-ın dəstəkləyəcəyi namizəd bəlli ola bilər. Düşünürəm ki, ABŞ siyasi elitasında da Ukraynada prezidentliyə namizədlərin dəstəkləməsində fərqli mövqelər var. Tramp Administrasiyası bir namizədi, “Respublikaçılar” digərini, “Demokratlar”ın isə üçüncü namizədi dəstəkləməsi gözləniləndir”,- deyə Bortnik əlavə edib.

O qeyd edib ki, hakimiyyətdən Poroşenkonun namizəd olacağı da hələ bəlli deyil. Hakimiyyət daxilində bu məsələdə fərqli düşünənlər, qruplar mövcuddur. Hazırda iqtidarda olan Poroşenkonun bloku ilə “Xalq cəbhəsi” partiyasının parlament və prezident seçkilərinə namizədlərdə fərqli mövqe hiss olunmaqdadır.

“Çətin iqtisadi durum, əmək haqlarının aşağı olması, kriminal vəziyyət, hakimiyyətin apardığı islahatların sosial effekt verməməsi Ukrayna cəmiyyətinin böyük əksəriyyətində ümidsizlik yaradıb”, - deyə ekspert vurğulayıb.

Femida.az

Açar sözlər: #Poroşenko   #ukrayna   #politoloq  

Oxunub: 434