Rusiyanın Azərbaycanlı Gənclər Birliyi ilə - Memorandum imzalandı


14:53     28 Sentyabr 2018 2018/09/IMG_4428_1538132400.jpg

Sentyabrın 28-də İqtisadiyyat Nazirliyinin tabeliyində Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) ilə Rusiyanın Azərbaycanlı Gənclər Birliyi (AMOR) arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb. Sənədi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov və Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Emin Hacıyev imzalayıb.



Nazirlikdən Femida.az-a verilən məlumata görə, gənc sahibkarlığın inkişafı istiqamətində təşəbbüslərin reallaşdırılmasını nəzərdə tutan memoranduma əsasən, KOBİA və AMOR gənclərin sahibkarlıq fəaliyyətinə təşviq edilməsi, bu məqsədlə onlar arasında Azərbaycan və Rusiyanın biznes mühitinə dair məlumatlandırma işlərinin aparılması, azərbaycanlı gənc mütəxəssislərin və tələbələrin təcrübə proqramlarının hazırlanması, qabaqcıl təcrübə mübadiləsi istiqamətlərində əməkdaşlıq edəcəklər.

Bununla əlaqədar keçirilmiş tədbirdə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov Agentliyin gənclər arasında sahibkarlığın inkişafı və təşviqi sahəsində dövlət qurumları ilə yanaşı, ictimai təşkilatlarla da sıx əməkdaşlıq etdiyini vurğulayıb, əməkdaşlığa görə AMOR-a təşəkkür edib. Qeyd olunub ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə yaradılmış və rəhbərlik etdiyi təşkilat Azərbaycan və Rusiya arasında əlaqələrin möhkəmləndirilməsinə mühüm töhfələr verir və bu baxımdan, imzalanmış Memorandum gənclərin hər iki ölkədə reallaşdırılan iqtisadi layihələrin fəal iştirakçısına çevrilməsində əhəmiyyətli olacaq.



Rusiyanın Azərbaycanlı Gənclər Birliyinin sədr müavini Emin Hacıyev təşkilatın fəaliyyəti barədə məlumat verərək 2009-cu ildə yaradılmış AMOR-un Rusiya Federasiyasının 50-dən çox federal subyektində fəaliyyət göstərdiyini və ətrafında minlərlə azərbaycanlı gənci birləşdirdiyini qeyd edib, imzalanmış sənədin gənclər arasında sahibkarlığın təşviq olunmasında önəmini vurğulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 1343