Biləsuvarda 33 partlamamış hərbi sursat tapılıb


09:00     29 Sentyabr 2018 2018/09/B0DCC055-1060-4764-BC88-16A85E34EACB_1538193552.jpeg

Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatında 33 ədəd partlamamış hərbi sursat tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Femida.az-a verilən məlumata görə, 2018-ci il 01 Sentyabr tarixində saat 09:32-də Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və saat 09:50-də Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Biləsuvar rayonu, "Mahmudçala" ovçuluq təsərrüfatının ərazisində partlamamış hərbi sursatların tapılması barədə məlumatlar daxil olub.

Məlumatlara əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri və Daxili İşlər Nazirliyinin Biləsuvar rayon Polis şöbəsinin əməkdaşları tərəfindən birlikdə yuxarıda adı qeyd olunmuş əraziyə bu gün də baxış keçirilib. Aparılan təcili təxirəsalınmaz operativ əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 33 ədəd partlamamış hərbi sursat və 1 ədəd korroziyaya uğramış və təkrar istifadəyə yararsız vəziyyətdə RPK-74 avtomatı aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Partlamamış hərbi sursatların tapıldığı yerin ətrafında 2 300 kv.m əraziyə yerüstü baxış keçirilib.

26 gün ərzində ərazidə aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində Agentliyin mütəxəssisləri tərəfindən 1 087 ədəd müxtəlif növ partlamamış hərbi sursat, 1 ədəd pnevmatik tapança, 1 ədəd AK-74 və 1 ədəd RPK-74 avtomatı aşkar olunub, 179 200 kv.m əraziyə yerüstü və 20 000 kv.m əraziyə isə yeraltı baxış keçirilib.

Ərazinin partlamamış hərbi sursatlardan təmizlənməsi əməliyyatı davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 1182