Ərinin pulu ilə sevgilisinə maşın alan qadın Ali Məhkəməyə müraciət etdi


10:10     01 Oktyabr 2018 18_10_01_1538374281.jpg

Ərinin pullarını oğurlayıb sevgilisinə bahalı avtomobil alan qadın cəzasının azaldılması üçün Ali Məhkəməyə müraciət edib.

Femida.az-ın ölkə.az-a istinadən məlumatına görə, cinayət məcəlləsinin 177.3.2-ci maddəsi ilə məhkumluq həyatı yaşayan Abdinova Səbinə Əliqulu qızının məhkəmə prosesinə hakim Fərhad Kərimov sədrlik edəcək.

Xatırladaq ki, 2015-ci ilin 11 dekabr tarixində Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda oğurluqda təqsirləndirilən Yevlax rayon sakini Kənan Bəkirov və Səbinə Abdinovanin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

Hakim Əhməd Quliyevin sədrliyi ilə keçirilən prosesdə K.Bəkirov 9 il, S.Abdinova isə 8 il müddətinə azadlıqdan məhrum edilib.

Qeyd edək ki, Nəsimi Rayon Polis İdarəsi 20-ci Polis Bölməsi və Yevlax Rayon Polis Şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində aprelin 15-də Nağı Abdinovun evindən 90 min manat oğurlamaqda şübhəli bilinən Yevlax rayon sakini Kənan Bəkirov tutulub. Araşdırmalar zamanı məlum olub ki, K.Bəkirov bu pulu Nağı Abdinovun həyat yoldaşı Səbinə Abdinovadan alıb. Belə ki, Səbinə Abdinova ilə Kənan Bəkirov arasında sevgili münasibətləri olub. Səbinə Abdinova əri Nağı Abdinovun pullarını götürərək sevgilisinə verib. Qadın hətta sevgilisinə ərinin pulu ilə 25 min manata “Range Rover” markalı avtomobil də alıb.

Onu da xatırladaq ki, Kənan Bəkirov da evli olub. Onun 4 azyaşlı övladı var. Səbinə Abdinovanın isə 2 övladı olub.

Hər iki şəxs Cinayət Məcəlləsinin 177.3.2-ci ( külli miqdarda oğurluq) maddəsi ilə ittiham olunublar.

Femida.az

Açar sözlər: #məhkəmə   #qadın   #cinayət  

Oxunub: 2792