“Azərsu”nun saytı istifadəyə verildi


15:22     01 Oktyabr 2018 2018/10/a11538391595_1538393346.jpg

“Azərsu” Açıq Səhmdar Cəmiyyətinin rəsmi internet səhifəsi – www.azersu.az saytı yeni dizaynda və təkmilləşdirilmiş formada istifadəçilərin ixtiyarına verilib.



Saytın təkmilləşdirilməsi “Azərsu” ASC-nin “Açıq hökumətin təşviqinə dair Milli Fəaliyyət Planı” çərçivəsində həyata keçirdiyi addımlardan biridir.

Femida.az xəbər verir ki, Azərbaycan və ingilis dillərində hazırlanmış saytın strukturu təkmilləşdirilərək ictimaiyyətlə və kütləvi informasiya vasitələri ilə əlaqələrə xüsusi önəm verilib.

İnternet səhifəsində “Azərsu” ASC-nin fəaliyyəti, strukturu, su təchizatı və kanalizasiya sektorunun tarixi, həyata keçirilən yeni layihələr, suyun keyfiyyəti, tullantı sularının idarə olunması, su təchizatı sahəsində qanunvericilik, abonentlərlə işin təşkili və s. mövzular barədə ətraflı məlumatlar yer alıb. Saytın interaktiv xəritəsində “Azərsu” ASC-nin su təchizatı və kanalizasiya xidmətləri göstərdiyi yaşayış məntəqələri barədə dolğun məlumatlar öz əksini tapıb.

Müasir dövrün tələblərinə uyğun olaraq saytın hazırlanması zamanı yeni informasiya texnologiyalarının tətbiqinə xüsusi diqqət yetirilib. İstifadəçilər “Azərsu” ASC-nin elektron xidmətlər portalında yerləşdirilmiş bütün elektron xidmətlərindən onlayn rejimdə istifadə edə bilər. Yeni saytda elektron xidmətlərə birbaşa keçidin təmin olunması həmin xidmətlərdən operativ istifadə etməyə imkan yaradır.

İlk dəfə olaraq Dövlət Xidmətləri Portalı yeni sayta inteqrasiya edilib və istehlakçılar bu xidmətlərdən də yararlana bilərlər. www.azersu.az saytını mobil qurğularda (ios, android) tətbiq etmək üçün müvafiq proqramlar işlənilib və istifadəçilərin ixtiyarına verilib. Saytda sosial şəbəkələrə keçid imkanları da təmin edilib.

Yeni formalaşdırılmış foto və video qalereya bölmələri Səhmdar Cəmiyyətin fəaliyyətinə dair geniş məlumat bazası ilə zənginləşdirilib.

Hazırda saytın daha da təkmilləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Femida.az

Açar sözlər:

Oxunub: 601