“Mən türkəm, bu qədər” - Nobel mükafatçısının HƏYAT HEKAYƏTİ


16:44     09 Oktyabr 2015 nobel3.jpg

Kimya üzrə Nobel mükafatına layiq görülmüş Aziz Sancar BBC-nin “Siz ərəbsiniz?” sualına “Mən türkəm, bu qədər. Mardində doğulsam da, Qarsda doğulsam da, Cizrədə doğulsam da, mən türkəm” cavabını verdi.


Aziz Sancar uzun illərdir ABŞ-da yaşasa da, o, heç vaxt öz türk kimliyini danmayıb. Belə ki, o, dəfələrlə öz “Twitter” hesabı vasitəsilə türk olduğunu və Mardində doğulduğunu izləyicilərinə bəyan edib. Paylaşdığı şəkillərdən isə türk bayrağı heç vaxt əksik olmayıb. O, daima türk gənclərini dünyanın nüfuzlu universitetlərində təhsil almağa çağırsa da, sonda doğma Türkiyəyə gəlmələrini məsləhət görüb. Özü də Mardin üçün çox darıxdığını və qısa bir zamanda buraya qayıdacağını “Twitter” vasitəsilə izləyicilərinə çatdırmışdı.



İllərcə verdiyi əməyin ardından böyük mükafata layiq görüldüyü üçün məmnun olduğunu bildirən Aziz Sancar ilk olaraq bu fikirləri səsləndirdi:

“Ən çox ölkəm üçün sevindim. Avropa səviyyəsinə yüksəlməsi üçün Türkiyəyə elm, təhsil lazım idi. Dövlətimə bu istiqamətdə xidmət göstərdiyim üçün çox sevincliyəm”.

Chapel Hil qəsəbəsindəki Şimali Karolina universitetinin Biokimya və Biofizika Fakultəsində araşdırmalar aparan Aziz Sancar mükafat sonrası duyğularını paylaşdı. Aziz Sancar bildirir ki, səhər saat beşdə ev telefonuna zəng gəldi. Həyat yoldaşı telefonu götürür. Telefonda ona Stokolmdan zəng elədiklərini və təcili surətdə Aziz bəylə danışmaq istədiklərini bildirdilər:

“Yuxudan oyandım. Telefona cavab verdim. Mənə Kimya üzrə nobel mükafatı verdiklərini dedilər. Mən də yuxulu vəziyyətdə təşəkkürümü bildirdim”.

Sonra bildiriblər ki, yarım saat içində bütün nobel mükafatçılarının adları media üzərindən dünya ictimaiyyətinə açıqlanacaq. Telefon danışığından sonra o, həmişəki kimi tədqiqat apardığı labarotoriyaya yollanır.

“Bu mükafatı gözləmirdim”....

Mükafatı bu il gözləmədiyini vurğulayan Sancar daha çox tibbi istiqamətdə araşdırmalar apardığını və kimya üzrə mükafat alacağını gözləmədiyini qeyd etdi:

”Tədqiqatlarım həm tibb, həm də kimya sahəsindədir. Tibb sahəsində mükafat alacağımı düşünürdüm. Lakin gözlədiyimin əksinə, kimya sahəsində mükafata layiq görüldüm. Bu mənim üçün gözlənilməz sürpriz idi”.




Mükafatı aldığı üçün böyük qürur hissi keçirdiyini bildirən Sancar aşağıdakı fikirləri vurğuladı:

“Apardığım geniş araşdırmaların ardından belə bir mükafat aldığım üçün çox sevincliyəm. Ailəm üçün çox sevinirəm. Biz böyük bir ailəyik. Səkkiz doğma, iki ögey qardaş və bacılarım var. Onlar üçün çox sevindim. Amma ən çox vətənim Türkiyə üçün sevindim. Çünki Türkiyənin elmə ehtiyacı var idi. Avropa səviyyəsində inkişafa nail olmaq üçün Türkiyənin elmə, təhsilə ehtiyacı var. Bu istiqamətdə vətənim üçün nəsə etdiyimə görə çox sevincliyəm”.

“Liderlər zəng edib təbrik etdilər”....

Aziz Sancar nüfuzlu rəsmi şəxslərin ona zəng edərək təbrik etdiklərini bildirir:

“Türkiyədən çox zəng edən oldu. Baş nazir Əhməd Davudoğlu mənə zəng edib təbrik etdi. Çox məmnun oldum. Sonra preziden Rəcəp Tayyib Ərdoğan zəng etdi. Lakin təəssüf ki, onunla əlaqə saxlaya bilmədik. Daha sonra hörmətli Kamal Kılıçdaroğlu zəng edərək təbrik etdi”.

“Mən türkəm, bu qədər”....



Mükafatı aldığı ictimaiyyətə açıqlandıqdan sonra bir çox nüfuzlu media orqanlarınıonunla əlaqə saxladığını bildirən Sancar BBC-nin ona ünvanladığı sualdan çox narahat olduğunu bildirdi. “Mənə ərəbsinizmi, yoxsa qismən türksünüz?” deyə sual verildi. Mən isə “Ərəbcə danışmıram, kürtcə danışmıram, mən türkəm” dedim. Hansı tədqiqatlarına görə mükafat aldı?

Ona böyük mükafatı qazandıran tədqiqatları barədə məlumat verən Sancar aşağıdakı fikirləri bildirdi:

“DNT müalicəsi insan orqanizminin xərçəngə qarşı mübarizəsi üçün geniş imkanlar açır. İnsanın xərçəng xəstəliyinə tutulması DNT-nin pozulması fonunda baş verir. Biz isə “DNT insanı xərçəngdən necə qoruyur, hüceyrlər özünü xərçəngdən necə müdafiə edir?” sualı ətrafında araşdırmalar apardıq. Nəticələrimiz isə çox uğurlu oldu”.



Davam edən başqa çalışmalarının da olduğunu bildirən Sancar sözlərinə bu cür davam etdi:

“Mən Nobel mükafatını DNT müalicəsi ilə bağlı aldım. Başqa tədqiqatlarımız da var. Bu gündəlik yuxu nizamımızla bağlıdır. İçimizdə gündəlik yuxumuzu nizamlayan bir saat mexanizması var. Əslində bu proses düzgün tədqiq etməklə insanların xərçəng xəstəliyinə tutulma riskini azalda bilərik. Hazırda bu istiqamətdə çalışmalarımızı davam etdiririk”.

Aziz Sancarın həyat yoldaşı Gwen də Şimali Karolina Universitetinin biofizika və biokimya fakultəsində çalışır. Gwen prosesi belə izah etdi:



“Səhər saat beş idi. Zəng gəldi və Sancarı istədilər. Mən isə onlara “Saatın necə olduğundan xəbəriniz varmı” deyə soruşdum. Onlar mənə işlərinin təcili olduğunu bildirdilər. Stokolmdan zəng etdiklərini bildirəndə nə baş verdiyini anladım. Sancarı oyatdım. Telefon danışığının ardından ikimiz də təəccüblənmişdik. “Bu həqiqətdirmi?” deyə bir birimizə suallar verirdik. İkimiz də çox sevinmişdik”.

Qeyd edək ki, Aziz Sancar ömrünün 40 ilini bu sahə üzrə tədqiqatlara sərf edib. Bu illər ərzində 400-dən artıq elmi məqaləsi dərc olunub.

Ceyhun Əhmədli
Femida.az

Açar sözlər:

Oxunub: 3981