Bağçada uşaqları döyən tərbiyəçi ilə bağlı QƏRAR


16:41     03 Oktyabr 2018 18_10_03_1538570549.jpg

Yasamal Rayon Məhkəməsində “Kids Studio Uşaq Mərkəzi”nin tərbiyəçisi Firuzə Tağıyevanın cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Hakim Azər Tağıyevin sədrliyi ilə baş tutan prosesdə hökm oxunub.

Hökmə əsasən, Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 70-ci (şərti məhkum etmə) maddəsi tətbiq edilib.

Ona bir il sınaq müddəti təyin olunmaqla, barəsində şərti cəza verilib. O, məhkəmə zalından azadlığa buraxılıb.



Firuzə Tağıyevanın barəsində Cinayət Məcəlləsinin 133.2.1-ci (işgəncə vermə, iki və ya daha çox şəxsə qarşı törədildikdə) və 133.2.4-cü (işgəncə vermə, təqsirkar şəxs üçün aşkar surətdə yetkinlik yaşına çatmayan, habelə köməksiz vəziyyətdə olan şəxsə qarşı törədildikdə) maddələri ilə ittiham elan edilib.

İttihama görə, bu il iyunun əvvəllərində Yasamal rayonunda yerləşən “Kids Studio Uşaq Mərkəzi”nin bağçasında uşaqlar tərbiyəçi tərəfindən zorakılığa məruz qalıb.

Bu barədə videogörüntülər sosial şəbəkədə yayılandan sonra cinayət işi açılıb.

Görüntülər müxtəlif tarixlərdə müşahidə kameraları tərəfindən lentə alınıb.

Video ictimailəşdikdən sonra Yasamal rayon İcra Hakimiyyətinin nümayəndələri “Kids studio” uşaq bağçasında olub.

Bağçanın müdiri Nigar Müseyibova bildirib ki, bağça bundan sonra fəaliyyət göstərməyəcək. Məlum olub ki, tərbiyəçi Firuzə Tağıyeva üç uşağa işgəncə verib.

Araşdırma aparılması üçün Nigar Müseyibova və Firuzə Tağıyeva Yasamal rayon Polis İdarəsinin 26-cı polis bölməsinə dəvət olunub. Dindirilmə zamanı Firuzə Tağıyevanın bağçada uşaqlara işgəncə verməsi sübuta yetirilib.

Rayon məhkəməsinin qərarı ilə onun barəsində həbs-qətimkan tədbiri seçilib. (oxu.az)

Femida.az

Açar sözlər:

Oxunub: 1596