Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimlərlə bağlı HÜQUQİ MAARİFLƏNDİRMƏ


10:40     04 Oktyabr 2018 18_10_04_1538635281.jpg


Femida.az hüquqi maarifləndirmə layihəsi çərçivəsində növbəti yazını təqdim edir. Redaksiyamıza müraciət edən Süleyman Tarverdi əmək qanunvericiliyi ilə bağlı sual ünvanlayıb:

Müddətsiz əmək müqaviləsi ilə işləyən müəllimə işdən çıxarılmasına dair xəbərdarlıq olunmalıdırmı?

Müraciətə aydınlıq gətirmək üçün vəkil Ziya Bağırova müraciət etdik. Vəkil bildirdi ki, əgər işə götürən ixtisarla və ya əmək şəraitinin dəyişməsi ilə bağlı işçini işdən çıxardırsa bu zaman 1 ay qabaqdan işçiyə xəbərdarlıq etməlidir:

“İşə götürən şəraitin dəyişməsi ilə bağlı işçini işdən azad edirsə, bu zaman əmək müqaviləsinə Əmək Məcəllənin 68-ci maddəsinin ikinci hissəsinin «c» bəndində nəzərdə tutulan əsasla xitam verilə bilər.

Ümumiyyətlə işə götürən tərəfindən əmək müqaviləsinin ləğv edilməsinin əsasları Əmək məcəlləsinin 70-ci maddəsində qeyd olunur. Əmək müqaviləsi işəgötürən tərəfindən aşağıdakı əsaslarla ləğv edilə bilər:

a) müəssisə ləğv edildikdə;
b) işçilərin sayı və ya ştatları ixtisar edildikdə;
c) peşəkarlıq səviyyəsinin, ixtisasının (peşəsinin) kifayət dərəcədə olmadığına görə işçinin tutduğu vəzifəyə uyğun gəlmədiyi barədə səlahiyyətli orqan tərəfindən müvafiq qərar qəbul edildikdə;
ç) işçi özünün əmək funksiyasını və ya əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədikdə, yaxud bu Məcəllənin 72-ci maddəsində sadalanan hallarda əmək vəzifələrini kobud şəkildə pozduqda;
d) sınaq müddəti ərzində işçi özünü doğrultmadıqda;
e) dövlət büdcəsindən maliyyələşən müəssisənin işçisi çalışmanın yaş həddinə çatdıqda”




Vəkilin sözlərinə görə, 12 iyun 2018-ci il tarixli 1188-VQD nömrəli Azərbaycan Respublikasının Qanununa əsasən Əmək Məcəlləsinə 67-2 maddəsi əlavə olunub. Bu maddəyə əsasən Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədi ilə həmin işçilər “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada sertifikatlaşdırmaya cəlb edilirlər:

“Həmin maddənin 4-cü bəndində isə qeyd olunur ki, “Təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq sertifikatlaşdırmadan təkrar keçməyən işçinin pedaqoji fəaliyyətə buraxılmaması onunla bağlanmış əmək müqaviləsinin Əmək Məcəllənin 70-ci maddəsinin “c” bəndinə müvafiq olaraq işəgötürən tərəfindən ləğv edilməsi üçün əsas ola bilər.

Əmək Məcəlləsinin 70-ci maddəsinin «c» bəndində «səlahiyyətli orqan» dedikdə, işçilərin ixtisasına, peşə dərəcəsinə, təcrübəsinə, peşəkarlıq səviyyəsinə görə tutduğu vəzifəyə uyğun olduğunu müəyyən etmək məqsədi ilə yaradılan və müvafiq səlahiyyətlərə malik olan attestasiya komissiyası, Azərbaycan Respublikasında dövlət ümumi təhsil müəssisələrində işləyən təhsilverənlərin sertifikasiyasını həyata keçirən müvafiq icra hakimiyyəti orqanı başa düşülməlidir”.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #hüquq   #qanun   #müəllim   #əmək   #məcəllə   #təhsil   #maarifləndirmə   #vəkil   #Ziya_Bağırov  

Oxunub: 2746