DGK və Vergilər Nazirliyi birgə kollegiya iclası keçirib
19:09 05 Oktyabr 2018
Dövlət Gömrük Komitəsində (DGK) Azərbaycan Prezidentinin 28 iyun 2018-ci il tarixli 260 nömrəli sərəncamı ilə təsdiq edilmiş “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”nın icra vəziyyətinin müzakirə edilməsi ilə bağlı Dövlət Gömrük Komitəsinin və Vergilər Nazirliyinin birgə kollegiya iclası keçirilib.
Bu barədə Femida.az- a DGK-nin Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən məlumat verilib.
İclasda Dövlət Gömrük Komitəsinin sədri, gömrük xidməti general-leytenantı Səfər Mehdiyev, vergilər naziri Mikayıl Cabbarov, eləcə də müvafiq strukturların rəhbərləri iştirak edib.
İclası açan Dövlət Gömrük Komitəsinin sədri Səfər Mehdiyev Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamı ilə təsdiq edilən “İdxal-ixrac əməliyyatlarına nəzarət sisteminin təkmilləşdirilməsinə dair Tədbirlər Planı”na uyğun olaraq, hər iki qurumun əməkdaşlarından ibarət işçi qrupunun yaradıldığını və kollegiya iclasında görülən işlərin, qarşıda duran vəzifələrin müzakirə olunacağını bildirib. Dövlət başçısı tərəfindən hər iki qurum qarşısında qoyulan tapşırıqların qısa zaman kəsiyində qüsursuz həyata keçirilməsinin vacibliyinə toxunan Komitə sədri onu da qeyd edib ki, artıq Dövlət Gömrük Komitəsi ilə Vergilər Nazirliyi arasında səmərəli əməkdaşlıq əlaqələri qurulub və bu əməkdaşlığın müsbət faydalarını bütün sahibkarlar və biznes subyektləri gündəlik fəaliyyətlərində hiss edəcəklər.
Kollegiya iclasında çıxış edən vergilər naziri Mikayıl Cabbarov geniş formatda görüşün keçirilməsinin qurumlar arasındakı əməkdaşlığın genişləndirilməsinə xidmət etdiyini, Prezident İlham Əliyev tərəfindən qarşıya qoyulan tapşırıqların uğurla icrası üçün birgə fəaliyyətin bundan sonra da davam etdiriləcəyini diqqətə çatdırıb. M.Cabbarov Tədbirlər Planında nəzərdə tutulmuş işlərin intensivləşdirilməsinin vacibliyini vurğulayıb, gömrük və vergi orqanlarının fəaliyyətinin əlaqələndirilməsi baxımından həyata keçirilən tədbirlərin müsbət fiskal nəticələri olacağını qeyd edib.
Daha sonra hər iki qurumun nümayəndələri Tədbirlər Planının icrası ilə bağlı görülən işlərə dair hesabatla çıxış edərək, qarşılıqlı məlumat mübadiləsinin, vahid risk platformasının təşkili, qanunvericilikdə həyata keçirilən dəyişikliklər və digər məsələlər barədə məlumat veriblər.
Sonda Tədbirlər Planında nəzərdə tutulan işlərin icrasının daha da sürətləndirilməsi üçün aidiyyatı strukturlara müvafiq tapşırıqlar verilib.
Femida.az
Oxunub: 424
Oxşar xəbərlər
- DGK ilin əvvəlindən 53 cinayət faktı aşkarlayıb
- DGK külli miqdarda qızıl-zinət əşyalarının ölkədən çıxarılmasının qarşısını alıb
- DGK sədri BMT-nin rezident əlaqələndiricisi ilə görüşüb
- DGK-nın dəstəklədiyi daha bir konfrans yekunlaşıb
- DGK Azərbaycan-Gürcüstan birgə gömrük məntəqəsinin əhəmiyyətini açıqlayıb
- DGK narkotik əməliyyatının görüntülərini yaydı - VİDEO
- DGK və ÜGT gömrük fəaliyyətinin pandemiyaya uyğunlaşdırılmasını müzakirə edib
- DGK gücləndirilmiş iş rejiminə keçir
- DGK-nın yeni binasının tikintisinə 30 mln manat xərclənib
- DGK-nın 60 əməkdaşı Vətən müharibəsində iştirak edib