Senat Trampın qalmaqallı namizədini dəstəklədi


19:00     06 Oktyabr 2018 18_10_06_1538834475.jpg

ABŞ-da bir həftədir davam edən qalmaqallı Konqress dinləmələrindən sonra, Senat Ali Məhkəmənin təqaüdə çıxan hakimi Entoni Kennedinin yerinə namizədliyi ABŞ prezidenti Donald Tramp tərəfindən irəli sürülən Brett Kavanonun təyin olunmasını təsdiqləyib.

AzVision.az “Reuters”ə istinadən xəbər verir ki, bu gün Senatda keçirilən səsvermə zamanı respublikaçıların hər biri – 51 senator Kavanonun Ali Məhkəməyə hakim təyin olunmasının lehinə səs verib. Senatdakı 49 demokratın hamısı isə birmənalı şəkildə Kavanonun əleyhinə səs veriblər.

Kavanonun qələbəsində ona qarşı irəli sürülən ittihamlardan sonra tərəddüd edən 2 respublikaçının son anda fikirlərindən daşınması böyük rol oynayıb. Belə ki, ABŞ Ali Məhkəməsi hakimlərinin namizədliyi mütləq şəkildə Konqresin yuxarı palatası Senat tərəfindən təsdiq edilməlidir və bunun üçün namizəd 50 səs toplamalıdır. Hazırda isə Senatda respublikaçıların 51, demokratların isə 49 səsi var. Kavanonun təyin olunacağı təqdirdə Ali Məhkəmədə daha bir mühafizəkar hakimin mövcudluğu hakimiyyətin üçüncü və ən müstəqil qolunda balansı respublikaçıların xeyrinə dəyişdirəcəyindən, demokratlar digər senatorları da Kavanonun namizədliyini bloklamağa çağırıblar.

Hətta dindirilmə zamanı Stenford və Palo Alto Universitetlərinin psixologiya professoru Kristina Blasi Ford və daha bir neçə qadın Kavanonu tələbə olduğu dövrlərdə və işlədikləri zaman onlara qarşı cinsi təcavüz etməkdə, hətta qrup şəklində təcavüzdə iştirakda ittiham ediblər.



Bu cür iddialar Amerika cəmiyyətində böyük səs-küyə səbəb olub, bir neçə senat hətta Federal Təhqiqatlar Bürosunun Kavanoya qarşı istintaq başlatmasını tələb ediblər.



Lakin Kavano gənc yaşlarında bəzi pis vərdişlərinin olması etiraf etsə də, qadınların iddia etdiyi əməlləri törətmədiyini bildirib. Prezident Donald Tramp da namizədinə dəstək çıxaraq, bütün bunların demokratların oyunu olduğunu bəyan edib.



Amerikalı bəzi ekspertlərin fikrincə, demokratlar noyabrda Konqressə keçiriləcək aralıq seçkilərədək Kavanonun təyinatını yubatmaq üçün onun nüfuzuna xələl gətirəcək ittihamlar irəli sürüblər. Məqsəd seçkilərdən sonra senatda üstünlüyü ələ almaqla, demokratların liberal namizədini Ali Məhkəməyə hakim təyin etməkdir. Lakin Senatda bugünkü səsvermə nəticəsində məqsədlərinə nail ola bilmədilər.



Qeyd edək ki, hələ Kavanonun namizədliyi elan edilərkən o, Senatdakı demokratlar tərəfindən sərt müqavimətlə üzləşib. Demokratlar hesab edir ki, onun təyinatı ilə milyonlarla amerikalının əmək, vətəndaşlıq və insan hüquqları ələrindən alınacaq. Əsl səbəbsə Ali Məhkəmədə balansın Respublikaçıların xeyrinə dəyişəcəyidir. Çünki Ali Məhkəmə ABŞ siyasi və ictimai həyatındakı debatlarda önəmli rol oynayır, qanunlara əhəmiyyətli təsir göstərir. Son 2 ildə məhkəmənin qərarı ilə eynicinsli nikahlar qanuniləşdirilib, Obama dövründə Ağ Evin miqrantlarla bağlı sərəncamlarından şikayət vermək hüququ təsbit edilib, həmçinin Trampın immiqrasiya ilə bağlı fərmanının qanuniliyi təsdiqlənib. Ali Məhkəmənin 9 hakiminin hamısının ömürlük təyin edilməsi isə, namizədlik məsələsinin respublikaçılar və demokratlar arasında qızğın mübahisələrinə səbəb olur və ABŞ daxili gündəminin ən vacib mövzularından birinə çevrilir.



Onu da xatırladaq ki, Brett Kavano ABŞ-ın və dünyanın ən nüfuzlu təhsil ocaqlarından olan Yel universitetində hüquq təhsili alıb. Ata və anası da hüquqşünasdır. Harvard, Yel və Corctaun kimi tanınmış universitetlərdə hüquqdan dərs deyən 53 yaşlı Kavano sabiq prezident Corc Buşun məsləhətçisi olub. O həmçinin, yalan danışdığına görə sabiq prezident Bill Klintonun vəzifəsindən uzaqlaşdırılmasını təklif edən qanun layihəsini hazırlayan hüquqşünaslardan biridir.

Açar sözlər:

Oxunub: 533