Hesablama Palatasında beynəlxalq tədbir keçirilib


18:41     09 Oktyabr 2018 hesablama.jpg

Toplantıda ECOSAI-ın Baş Katibinin fəaliyyət hesabatı təqdim edilib


Oktyabrın 9-10-da Hesablama Palatasında ECOSAI-ın İdarə Heyətinin 23-cü, ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısı keçirilir.

Tədbirdən öncə iştirakçılar Fəxri Xiyabanda Heydər Əliyevin məzarını ziyarət ediblər.

Femida.az xəbər verir ki, Hesablama Palatasının sədri Vüqar Gülməmmədov toplantının məqsədi, mövzusu barədə danışıb, ali audit qurumlarının fəaliyyəti üçün əhəmiyyətini qeyd edib.

ECOSAI-ın, eləcə də, Türkiyə Cümhuriyyəti Hesablama Məhkəməsinin prezidenti Seyit Ahmet Baş açılış nitqi söyləyib. Toplantının qəbul edilmiş Gündəliyinə əsasən ECOSAI-ın Baş Katibinin 2017-2018-ci il üzrə fəaliyyət hesabatı və Katiblik tərəfindən 2017-ci il 31 dekabr tarixində bitən il üzrə ECOSAI-ın İllik Hesabları təqdim edilib.

ECOSAI-ın Təlim Komitəsinin 18-ci toplantısına həsr olunmuş iclasda isə Təlim Komitəsinin hesabatından sonra ECOSAI-ın xəbər bülleteninin nəşri haqqında Pakistan AAQ-ının məlumatı dinlənilib, ECOSAI-ın ASOSAI-ın regional üzvü olması istiqamətindəki fəaliyyəti ilə bağlı yeniliklər, üzv AAQ-lar arasında imzalanmış Anlaşma Memorandumları haqqında, bəzi üzv AAQ-ların rəhbərlərinin ECOSAI-ın İdarə Heyətinin toplantısında və Assambleya toplantılarında iştirak etməməsi barədə, ECOSAI-ın təlim fəaliyyətləri üçün İslam İnkişaf Bankından maliyyə dəstəyi alınması (Donor təşkilatlardan maliyyələşmə) istiqamətində görülmüş işlər barədə məlumatlar, eləcə də, birgə auditin (birgə və paralel audit) keçirilməsinin mümkünlüyü məsələsi müzakirə edilib.

Qeyd edək ki, 1994-cü ildə yaradılmış ECOSAI təşkilatının əsas məqsədi üzv ölkələrin Ali Audit Qurumları arasında bilik və təcrübə mübadiləsi, habelə seminar, konfrans, praktik məşğələlər və təlim kursların keçirilməsi ilə dövlət sektorunda auditin inkişafına xidmət etməkdir.

Hesablama Palatası 2002-ci ilin sentyabrından ECOSAI-ın üzvüdür və Təlim və Audit Komitələrində təmsil olunur.

Femida.az

Açar sözlər:

Oxunub: 379