Bankdan qəribə tələb: 8 ildən sonra vətəndaşa bu məktubu göndərdi


15:05     10 Oktyabr 2018 2018/10/IMG_20181010_111554_1539169790.jpg

Bank tərəfindən vətəndaşa 8 ildən sonra kredit borcu olması barədə bildiriş gəlib.


Bu barədə Femida.az -a müraciət edən Bakı şəhər sakini Atayev Zamin Gündüz oğlu məlumat verib.Vətəndaşın bildirdiyinə görə, sahibkarlıq fəaliyyəti ilə əlaqədar 2010- cu ilin yanvar ayının 12 -də Bank Respublikadan 700 manat kredit götürüb. Həmin məbləği 1 il sonra faiz məbləği ilə birgə ödəyib və həmin müddətdə bankdan borcu olmaması barədə arayış alıb.





“Bu gün isə yəni bu ödənişin üstündən 8 il keçməsinə baxmayaraq mənə Respublika Bankdan qeydiyyatda olduğum ünvana bildiriş vərəqəsi gəlir və həmin vərəqədə mənim Respublika Banka 226.60 manat borcum olduğu qeyd olunub. Guya mən 8 il bundan qabaq kredit öhdəliyini icra etməmişəm və 63.70 manat kəsirim qalıb və həmin məbləğ faiz borcu ilə birgə 226.66 manat təşkil edir. “, deyə vətəndaş bildirib.


Bankın tələbindən narazı qalan vətəndaş borcunun olmadığını və bankın nümayəndələrinin bu ötən 8 il ərzində ondan niyə borcu tələb etmədiklərini soruşub.

“Banka bu asualı verdikdə mənə bildirdilər ki, guya 8 il müddətində məni tapa bilməyiblər.Bu,tamamilə absurd bir cavabdır. Mənim ünvanım eyni, zamin duran şəxslərin ünvanı eyni,özüm bu ölkədə yaşayıram. Bizim ölkədə hüquq-mühafizə sistemi o qədər yüksək səviyyədə inkişaf edib ki, axtarışda olan şəxsi bir günə də tapmaq mümkündür.Görünür, burada bank maraqlı olmayıb. Daha çox borc faizi almaq üçün müddəti bu qədər uzadıb”, deyə vətəndaş bildirib.

Femida.az məsələnin hüquqi tərəfini də araşdırıb.Bank hansı müddətdə kredit borcunu tələb edə bilər?

Cavab: Mövcud praktikaya və əsasnaməyə görə,bank verdiyi kredit borcunu tələb etmək üçün müddət tələb olunmur.Yəni, bank istədiyi müddətdə borcu tələb edə bilər. Amma burada bir məsələ var.Bank kredit borcu ilə bağlı vətəndaşı məhkəməyə verdiyi halda vətəndaş Mülki Məcəlləyə istinad edərək iddia müddətinin keçdiyini və məhkəmənin bankın iddiasını təmin etməməsini rəsmi şəkildə məhkəməyə bildirməlidir. Bu halda məhkəmə iddia müddətinin keçdiyini əsas gətirərək bankın vətəndaşa qarşı iddiasını təmin etməyə bilər.

Femida.az məsələ ilə bağlı Bank Respublikanın İctimaiyyətlə Əlaqələr Şöbəsinə sorğu ünvanlayıb.

Miri Məcidli
Femida.az

Açar sözlər: #hüquq   #Vəkil   #hüqşünas   #bank   #şikayət   #Respublika_bank  

Oxunub: 9471