Valideyn qruplarına polisin adından yalan məlumatları kim göndərir? - AUDİO


12:20     11 Oktyabr 2018 2018/10/43661863_172483110336765_2312640851521568768_n-(1)_1539246078.jpg

Sosial şəbəkələrdə cəmiyyətdə çaşqınlıq yarada biləcək daha bir səs yazısı və foto yayılıb.



Femida.az xəbər verir ki, bir qadının fotosu iddia olunur ki, bu qadın məktəbli uşaqları oğurlayaraq valideynlərindən gizlədir. Daha çox valideynlərin olduğu qruplara göndərilən səs yazısında polisin qadını axtardığı iddia olunur. Məlumatı verən şəxsin polis əməkdaşı olduğu iddia olunur.



Femida.az məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat xidmətindən münasibət öyrənmək istəyib. Mətbuat Xidmətinin rəhbəri Ehsan Zahidov “Whatsappda yayılan hər səs yazısına görə açıqlama verməliyik?”, deyə məsələ ilə bağlı münasibət bildirməkdən imtina edib.

Qeyd edək ki, bu tip səs yazıları son zamanlar tez-tez yayılır.Əksər hallarda məlumatlar həqiqəti əks etdirmir.Rəsmi qurumlar bununla bağlı açıqlamalarında bu tip materialların həqiqətə uyğun olmadığını bildirib.

Femida.az məsələnin digər tərəfinə də aydınlıq gətirib.Polisə yalan məlumat vermə və cəmiyyətdə bilərəkdən gərginlik yaratmaq cəhdləri hansı məsuliyyətə səbəb ola bilər?


Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 296-cı maddəsində Bilə-bilə yalan xəbərçilik etmənin yaratdığı məsuliyyətdən bəhs olunur.Qanuna görə, cinayət edilməsi haqqında bilə-bilə yalan xəbərçilik etmə—min beş yüz manatdan üç min manatadək miqdarda cərimə və ya üç yüz iyirmi saatdan dörd yüz saatadək ictimai işlər və ya bir ildən iki ilədək müddətə islah işləri və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Eyni əməllər şəxsin ağır və ya xüsusilə ağır cinayət törətməkdə ittiham olunması və ya süni ittiham sübutlarının yaradılması ilə bağlı törədildikdə — iki ildən dörd ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.


Bəs əməliyyat-axtarış fəaliyyəti qanunla necə tənzimlənir?


“Əməliyyat-axtarış fəaliyyəti” haqqında Azərbaycan Respublikasının Qanununa görə, əməliyyat-axtarış tədbirləri əməliyyat-axtarış fəaliyyəti subyektinin rəhbərliyinin nəzarəti altında həyata keçirilir. Əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi zamanı informasiya sistemlərindən, video və səsyazmadan, kino və fotoşəkillərdən, həmçinin vətəndaşların həyatı və sağlamlığına, ətraf mühitə zərər vurmayan digər texniki və başqa vasitələrdən istifadə edilə bilər.
Əməliyyat-axtarış tədbirlərinin təşkili və həyata keçirilməsi, habelə əməliyyat-axtarış fəaliyyəti sahəsində qanunvericilikdə nəzərdə tutulmuş digər məlumatlar dövlət sirrinin bir növü kimi müvafiq qanunla müəyyən edilmiş qaydada mühafizə olunur. Əməliyyat-axtarış fəaliyyətini həyata keçirərkən dövlət sirri və xidməti sirr sayılan, əməliyyat-axtarış fəaliyyətinin təşkilinə, əməliyyat məlumatların mənbəyinə, üsul və metodlarına, eləcə də vətəndaşların şəxsi və ailə həyatına aid olan məlumatlar aşkarlanmamalıdır.

Miri Məcidli
Femida.az



Açar sözlər: #kriminal   #Video   #polis   #səs_yazısı   #cinayət  

Oxunub: 4153