Ağsuda modul tipli məktəb istifadəyə verilib


17:41     11 Oktyabr 2018 2018/10/15392616174770958654_1000x669_1539264664.jpg

Ağsunun şimal dağlıq ərazisində rayon mərkəzindən 40 kilometr məsafədə yerləşən Hacman kəndində ibtidai məktəb üçün 40 şagird yerlik yeni modul tipli tədris ocağı istifadəyə verilib.


Oktyabrın 11-də keçirilən açılış mərasimində rayon icra hakimiyyəti başçısının müavini Sevil Mirzəliyeva, təhsil şöbəsinin müdiri Səftər Əlabbasov ölkəmizdə təhsilin inkişafına göstərilən dövlət qayğısından danışıblar.

Çıxışlarda respublikamızın bütün bölgələrində olduğu kimi, Ağsu rayonunda da ümumtəhsil məktəblərinin maddi-texniki bazasının möhkəmləndirilməsi ilə əlaqədar görülən işlərdən, həyata keçirilən layihələrdən söz açılıb. Diqqətə çatdırılıb ki, Göydəlləkli kəndində ümumi orta məktəb üçün 90 şagird yerlik modul tipli yeni bina da istifadəyə hazırdır. Bundan başqa, Abasxanlı kəndində tam orta, Sarvan və Sanqalan kəndlərində ümumi orta məktəblər üçün də 90 şagird yerlik modul tipli təzə binaların quraşdırılması üçün dövlət vəsaiti ayrılıb və yaxın vaxtlarda işlərə başlanılacaq.

Açılış mərasimində kənd bələdiyyəsinin sədri Tərlan Səmədov, habelə valideynlər çıxış edərək təhsilin inkişafına, maddi-texniki bazasının möhkəmləndirilməsinə göstərdiyi diqqət və qayğıya görə ölkə rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

Sonda qonaqlar yeni binada müasir inventar və avadanlıqla təchiz olunmuş sinif otaqları, fənn kabinetləri ilə tanış olublar.

Femida.az

Açar sözlər:

Oxunub: 698