Notariat sahəsində islahatlara beynəlxalq maraq artır


10:40     12 Oktyabr 2018 18_10_12_1539326604.jpg


Azərbaycan Ədliyyəsinin 100 illiyi ərəfəsində Ədliyyə Nazirliyinin təşkilatçılığı ilə Bakıda "Daşınmaz əmlakla bağlı əqdlər: rəqəmsallaşma və notariat üçün yeni perspektivlər" mövzusunda iki günlük beynəlxalq elmi-praktiki konfrans təşkil olunub.

Femida.az xəbər verir ki, Rusiya Federal Notarial Palatası prezidentinin, Belarus və Qazaxıstan notariat palataları sədrlərinin, Almaniyanın Qalle-Vittenberq Universiteti nümayəndələrinin, Ədliyyə Nazirliyinin və Əmlak Məsələləri Dövlət Komitəsinin məsul şəxslərinin, həmçinin Azərbaycan, Rusiya, Belarus və Qazaxıstanın notariuslarının iştirakı ilə keçirilən bu tədbirdə ədliyyə sahəsində əldə olunan nailiyyətlər, müasir ədliyyənin tətbiq etdiyi innovativ mexanizmlər, o cümlədən vətəndaş məmnunluğunun təmin edilməsinə yönəlmiş xidmətlərin çevikliyinin və rahatlığının artırılması üzrə görülmüş tədbirlər qeyd edilib.

Konfransda əşya hüququna dair Almaniya qanunvericiliyinin xüsusiyyətləri, ölkəmizdə daşınmaz əmlakla bağlı əqdlərin rəsmiləşdirilməsinin hüquqi aspektləri, elektron notariat informasiya sistemlərinin imkanları barədə ətraflı məlumat verilib, təqdimatlar keçirilib.

Səfər zamanı ədliyyə naziri Fikrət Məmmədov Rusiya, Belarus və Qazaxıstan notariat palatalarının rəhbərləri ilə görüşüb.

Nümayəndə heyəti ilə Ədliyyə Nazirliyində notariusların beynəlxalq əlaqələrinin genişləndirilməsi, onların tədrisinin səmərəli təşkili, yaxşı təcrübələrin bölüşülməsi ilə bağlı müzakirələr keçirilib, ədliyyə nazirinin müavini Toğrul Musayev ilə bu sahədə islahatlara, qarşılıqlı fəaliyyətin prioritetlərinə dair faydalı fikir mübadiləsi aparılıb, notariuslarla keçirilən beynəlxalq seminarın əhəmiyyəti qeyd olunub.

Qonaqların diqqəti həmçinin, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin acı nəticələrinə, Ermənistan tərəfindən torpaqlarımızın 20 faizinin işğalı, bir milyondan çox soydaşımızın qaçqın və məcburi köçkün vəziyyətinə düşməsi faktına cəlb edilib.

Notariat palatalarının rəhbərləri ölkələrimiz arasında əlaqələrin yüksək səviyyəsini qeyd edib, respublikamıza səfərlərindən məmnunluqlarını bildirib, Azərbaycanda notariat institutunun inkişafına dövlətin diqqətini, vətəndaşların notariat xidmətlərinə əlçatanlığının asanlaşdırılması, məmnunluğun yüksəldilməsi ilə bağlı görülən tədbirləri, müasir İKT-lərin, o cümlədən elektron notariatın tətbiqini təqdir edib, ölkəmizin bu sahədə nailiyyətlərini nəzərə alaraq MDB çərçivəsində notariuslar üçün Bakıda tədris mərkəzinin yaradılması ilə bağlı niyyətini ifadə ediblər. Həmçinin demokratik cəmiyyətlərdə Ədliyyə Nazirliyinin mühüm rol oynadığını qeyd edərək Azərbaycan Ədliyyəsinin 100 illik yubileyi münasibətilə təbriklərini çatdırıblar.

Qonaqlar nazirlikdə Ədliyyə tarixi muzeyi ilə tanış olublar.

Səfər zamanı nümayəndə heyəti, həmçinin Azərbaycan brendi olan və notariat orqanlarının da fəaliyyət göstərdiyi "ASAN xidmət" mərkəzinin vətəndaş məmnunluğunu təmin edən çoxşaxəli fəaliyyəti, eləcə də paytaxtın tarixi-mədəni abidələri ilə tanış olublar.

Ədliyyə Nazirliyi Mətbuat xidmətinin məlumatı

Femida.az

Açar sözlər: #ədliyyə   #asan   #notariat   #nazir  

Oxunub: 642