Rusiyalı jurnalistdən İrəvan yalanı - Tarixi HƏQİQƏTLƏR + FOTOLAR


11:00     15 Oktyabr 2018 2018/10/ir3_4618757577.jpg


Rusiyanın "Gazeta.ru" portalı İrəvanın 2800 illik yubileyi ilə bağlı məqalə dərc edib.

“Romadan köhnə: İrəvanı necə qurdular?" adlı məqalədə, şəhərin tarixi və quruluşuna aid məlumatlar yer alıb. Yazının müəllifi Dmitri Okunevdir. Məlumatların nə dərəcədə dəqiq olub-olmadığı şübhə altında olsa da, yazılanları qısa olaraq diqqətinizə çatdırırıq:

“İrəvan keçmiş Sovet İttifaqının ən qədim şəhəridir. 2800 il bundan əvvəl qurulan İrəvan hətta Dərbənd və Səmərqənddən də qədimdir. Ermənistan şəhərinin əsası e.ə. 782-ci ildə Urartu çarı Argişti tərəfindən tikilmiş Erebuni qalası ilə qoyulub. Orta əsrlərdə farslar və Səlcuqlular hökmranlığı altında olan İrəvan sonradan Rusiya imperiyasının nəzarətinə keçib. İrəvanın Roma şəhərindən 29 il əvvəl tikilib. İrəvanda erməni dilində ilk qeydlər hələ 607-ci ilə aiddir. Söhbət "Məktub kitabı" adlı dini kitabdan gedir”.

Maraqlıdır ki, məqalədə İrəvanın Azərbaycanla bağlılığını göstərən ən kiçik fakt belə yer almayıb. Nəticədə yazının hansı prinsiplər əsasında yazıldığı şübhə doğurur.

Dünya alimləri tərəfindən qəbul edilən Azərbaycan versiyasına əsasən, İrəvan toponimi türk dilində "kişi", "igid" mənasını verən "ir" türk etnonimi ilə "ölkə", "yer", "kənd", "şəhər" mənası daşıyan "avan" sözü əsasında əmələ gəlib "igidlər ölkəsi" mənasını ifadə edir. Ermənilər isə əsassız bir şəkildə İrəvan toponimini Nuh peyğəmbərin adı ilə bağlayaraq erməni mənşəli toponim olduğunu iddia edirlər.



İrəvanın Azərbaycan şəhəri olmasını göstərən faktlar

İrəvan tarixi Azərbaycan şəhəridir. İrəvan şəhəri müxtəlif dövrlərdə Çuxursəd vilayətinin, İrəvan xanlığının, İrəvan quberniyasının mərkəzi olub. Eyni zamanda müxtəlif vaxtlarda Sasanilər xanədanın, Ərəb Xilafətinin, Naxçıvanşahlıq dövlətinin, Eldənizlər dövlətinin, Hülakülər dövlətinin, Qaraqoyunlu, Ağqoyunlu, Səfəvilər və Əfşarlar dövlətinin tərkibinə daxil olub. Vaxtilə bu şəhərin əhalisi daim türklərdən ibarət olub. Bunu şəhərdə olmuş səyyahlar, rəsmi yolçular öz qeyd və gündəliklərində göstəriblər.



İrəvanda tarixi adlar da bir daha şəhərin Azərbaycan şəhəri olduğunu göstərir. Çünki şəhər və eləcə də şəhərətrafı yer adları türk dilində olub. Məsələn, İrəvanda tarixi məhəllə adları: Təpəbaşı, Dəmir Bulaq, Toxmaq, Sabunçu, Yoncalıq, Börkçülər, Zal xan meydanı; Məscid adları: Göy Məscid, Zal xan məscidi, Abbas Mirzə məscidi, Qala məscidi, Şəhər məscidi, Novruz Əli məscidi, Günlüklü məscid, Gümbəzli məscid, Hüseynəli məscidi, Hacı bəy məscidi və Qanlı təpə, Üç təpə, Qızıl təpə.

Ermənilərin şəhərə axını digər bölgələrdə olduğu kimi Türkmənçay müqaviləsindən sonra başlayıb. İndi İrəvanda bir vaxt onun əsas əhalisi olan bir türk belə yaşamır. İrəvanın adını dəyişib Yerevan etməklə sanki onun türk adı olması həqiqətinin üzərinə də qara pərdə çəkdilər. Əslində İrəvan sözü ona doğma olan adların cərgəsinə daxildir: Şirvan, Ərkivan, Karaçıvan (Ordubad yax.), Naxçıvan, Ağvan, İrəvan...



İrəvan ermənilərə necə verildi?

1918-ci ildə Azərbaycan Xalq Cümhuriyyətinin qərarı ilə müvəqqəti olaraq (100 illiyə) İrəvan Ermənistan Respublikasına güzəştə gedilib. Belə ki, 1918-ci il mayın 28-də müstəqilliyini elan edən Ermənistan paytaxtsız qalmışdı. Bu vaxt Azərbaycan Cümhuriyyəti digər bütün ərazilərə, o cümlədən Qarabağa iddialarından əl çəkmələri şərti ilə İrəvanı ermənilərə güzəştə getməyi qərara alır. Bununla bağlı F.X.Xoyski o vaxtkı xarici işlər naziri M.H.Hacınskiyə ünvanladığı məktubda yazır: "Onlar (ermənilər – qeyd) ultimatumu qəbul edirlər və müharibəyə son qoyurlar. Biz İrəvanı güzəştə getdik".


İrəvan, 2018-ci il

May ayının 29-da erməni Milli Şurası ilə danışıqlar barədə Nazirlər Şurasının sədri F.X.Xoyski Azərbaycan Milli Şurasının iclasında məlumat verir. O göstərir ki, Ermənistana siyasi mərkəz lazımdır, Aleksandropol türklər tərəfindən tutulduqdan sonra belə bir siyasi mərkəz, ancaq İrəvan şəhəri ola bilər. Ona görə bu şəhərin ermənilərə güzəştə gedilməsi labüddür. Bu məsələ barəsində X.Xasməmmədov, M.Y.Cəfərov, Ə.Şeyxülislamov, M.Məhərrəmov çıxış edərək İrəvan şəhərinin ermənilərə güzəşt edilməsini qaçılmaz bəla kimi qiymətləndirdilər. Milli Şuranın iclası İrəvan şəhərinin ermənilərə güzəştə gedilməsi barədə öz razılığını bildirir. İki gün sonra İrəvan Milli Şurasının üzvləri Mir Hidayət Seyidov, Bağır Rzayev və Nəriman bəy Nərimanbəyov şəhərin Ermənistana güzəştə gedilməsinə etiraz etsələr də, iyunun 1-də keçirilən Azərbaycan Milli Şurasının iclası bu etirazı qəbul etmir. Danışıqlar iyun ayının 4-də “Sülh və Dostluq” haqqında müqavilələrin imzalanması ilə nəticələnir. Beləliklə İrəvan ermənilərə verilir və Ermənistan Cənubi Qafqazda 10 min km² ərazisi olan dövlət olur.

Bu ilin fevralında Prezident İlham Əliyev YAP-ın qurultayındakı nitqində Azərbaycanın indiki Ermənistan ərazisinə qatılan tarixi torpaqları barədə danışarkən İrəvanın tarixi Azərbaycan torpaqları olduğunu bir daha əminliklə qeyd etmişdi. Həmin sitatı xatırlayaq:



"Bizim tarixi torpaqlarımız İrəvan xanlığıdır, Zəngəzur, Göyçə mahallarıdır. Bunu gənc nəsil də, dünya da bilməlidir. Mən şadam ki, bu məsələ ilə bağlı - bizim əzəli torpaqlarımızın tarixi ilə bağlı indi sanballı elmi əsərlər yaradılır, filmlər çəkilir, sərgilər təşkil olunur. Biz növbəti illərdə bu istiqamətdə daha fəal olmalıyıq və dünyanın müxtəlif yerlərində sərgilər, təqdimatlar keçirilməlidir. Çünki İrəvan bizim tarixi torpağımızdır və biz azərbaycanlılar bu tarixi torpaqlara qayıtmalıyıq. Bu, bizim siyasi və strateji hədəfimizdir və biz tədricən bu hədəfə yaxınlaşmalıyıq".

Amin Nəzərli

Femida.az

Açar sözlər: #Ermənistan   #İrəvan   #Yerevan   #Qarabağ   #Rusiya   #şəhər   #Azərbaycan  

Oxunub: 10041