Başına tank lüləsi düşdü, əlillik verilmədi - Paşinyana müraciətlər nəticəsizdir


21:33     15 Oktyabr 2018 18_10_15_1539609904.jpg

Erməni əsgərin əlil olmasına səbəb olan komandir günahsız elan edilib.



Ordu.az erməni KİV-lərinə istinadən xəbər verir ki, Ermənistanın Sünik vilayətinin Xot kəndinin sakini, 20 yaşlı Alen Mkrtçyan orduya getmədən öncə tam sağlam olub. Hazırda, o, çətinliklə dayanır, oturur və işləyə bilmir.

Bundan başqa, hərbi xidmətdə olarkən aldığı xəsarət ucbatından sidik kisəsinin kanalı müntəzəm olaraq bağlanır və həkimə müraciət etməyə məcbur olur.

Məlumata görə, o, orduda mexanik-sürücü olub. 2017-ci ilin may ayında tankdan təlim atışı keçirərkən tankın nasaz olması səbəbindən ağır xəsarət alıb. Tankın lüləsi onun üzərinə düşüb və həkimlərin rəyinə görə sol tərəfli qapalı qəlpə yarası alıb, sidik kisəsinin kanalına zədə dəyib. Hospitalda 7 saat əməliyyat olunub və 3 ay tərpənmədən çarpayıya təhkim edilib.

Uzun müddət təbii yolla sidiyə çıxa bilməyən Mkrtçyana sosial tibbi komissiya tərəfindən əlillik verilməyib. Erməni həkimlər hesab edir ki, o, tam sağlamdır. Lakin onun hərbi biletində xidmətə yararsız yazılıb.

Erməni KİV-lərinə müsahibə verən anası, məcbur olub mətbuata müraciət etməli olduğunu qeyd edib. Kənd təsərrüfatı ilə məşğul olan ailəsinin tibbi müalicəyə maddi imkanı çatmadığını qeyd edən anası, Paşinyana yazılı müraciət etdiyini və məsələnin həll edilmədiyini deyib.

Qeyd edək ki, erməni əsgəri tank komandirinin tapşırığını yerinə yetirərkən xəsarət alıb. Təlim zamanı tankın qülləsinin nasaz olduğunu bilən təlim bölüyünün komandiri Levon Meğikyan, tankın nasazlığına baxıb və təmir etməyə çalışıb. Bölük komandirinin digər əsgərə tankın qülləsini avtomatik rejimdə çevirməyə göstəriş verməsi nəticəsində, tankda olan Alen Mkrtçyan sıxılıb-əzilməklə ağır xəsarət alıb.

Əsgər komandirinin qeyri-peşəkarlığı səbəbindən sağlamlığını itirsə də, hər zaman olduğu kimi bölük komandiri günahsız hesab edilib və cinayət işinə xitam verilib.

Açar sözlər:

Oxunub: 502