“Son silah yerə qoyulana qədər...“ - Davudoğlu


21:37     10 Oktyabr 2015 davut_37_0.jpg

"Son silah yerə qoyulana qədər PKK-ya qarşı əməliyyatlar davam edəcək".


APA-nın xəbərinə görə, bunu Türkiyənin baş naziri Əhməd Davudoğlu "A Haber-ATV" ortaq efirində sualları cavablandırarkən deyib.

PKK terror təşkilatının birtərəfli atəşkəs elan etməyə hazırlaşdığı barədə xəbərləri şərh edən baş nazir bildirib ki, bunun arxasında duran məqamlar hamıya aydındır: "İndiyə qədər atəşkəs elanı ilə bağlı verdikləri bəyanatları necə yerinə yetirmələrini görmüşük. Onların atəşkəslə bağlı bəyanatlarını təhlükəsizlik güclərinin silahları yerə qoyması, özlərinin isə silah anbarlarını doldurmağa davam etmələri kimi başa düşmək olar. Atəşkəs dedikləri budursa, biz bunları keçmişdə gördük. Madam ki, parlamentdə 80 millət vəkili ilə təmsil olunurlar, silahlı mübarizənin bir yol olmadığını və bu yolun bitdiyini elan etməlidirlər. Müzakirə olunacaq yeganə məsələ silahların necə təslim edilməsi ola bilər. Türkiyənin heç bir dağında, vadisində terrorçunun olmayacağı formada həll yolu müzakirə olunmalıdır".

Ə, Davudoğlu Türkiyənin heç bir bölgəsində qanuni təhlükəsizlik qüvvələrindən başqa heç kimin silah saxlama və istifadə haqqının olmadığını vurğulayıb.

Əhməd Davudoğlu sülh prosesinə ("çözüm sürəci") yenidən start verilib-verilməyəcəyi ilə bağlı suala isə sülh prosesinin hər zaman aktual olduğu cavabını verib: "Parlamentdə gəlib düşündüklərini söyləyə bilərlər. Fikir azadlığı bizim üçün əsasdır. Ən tənqidi fikirlərini parlamentdə bölüşə bilərlər, lakin kiçik bir çınqıl daşını belə terror adı ilə istifadə edə bilməzlər. Demokratiyanın qaydası budur. Bu mənada, 2013-cü ilin martında verdikləri sözü tutsalar, yəni bütün terrorçular, silahlı qruplar Türkiyəni tərk edərsə, silahlar yerə qoyularsa, ondan sonra Türkiyənin məsələləri parlamentdə müzakirə edilə və görüşlər təşkil oluna bilər".

Açar sözlər:

Oxunub: 782