AMEA-da yeni şöbələr yaradılır


15:04     16 Oktyabr 2018 2018/10/amea2_1539687995.jpg

Oktyabrın 16-da Azərbaycan Milli Elmlər Akademiyası Humanitar Elmlər Bölməsinin Büro iclası keçirilib.



Qurumdan Femida.az-a bildirilib ki, tədbirdə bölmə üzvləri, müvafiq elmi müəssisələrin rəhbərləri, elmi katibləri və aidiyyəti üzrə əməkdaşlar iştirak ediblər.

İclasda ilk olaraq elmi-təşkilati məsələlərə baxılıb. Bölmənin qərarları ilə Nizami Gəncəvi adına Ədəbiyyat İnstitutunda Uşaq ədəbiyyatı şöbəsi, Memarlıq və İncəsənət İnstitutunda Təhsil şöbəsi, Nəsimi adına Dilçilik İnstitutunun nəzdində Eksperimental Fonetik Araşdırmalar Laboratoriyasının yaradılması, həmçinin Memarlıq və İncəsənət İnstitutunun Elmi Şurasının tərkibində dəyişiklik edilməsinə dair Rəyasət Heyəti qarşısında vəsatət qaldırılıb.

Azərbaycan Xalq Cümhuriyyətinin 100 illik yubileyinin keçirilməsi müzakirə edilib. Bölmə yubileylə bağlı Humanitar Elmlər Bölməsinin elmi sessiyasının, eləcə də Humanitar və İctimai elmlər bölmələrinin birgə təşkilatçılığı ilə respublika konfransının keçirilməsini qərara alıb.

İclasda akademik Rasim Əfəndiyevin 90 illik yubileyinin keçirilməsi qərara alınıb. Həmçinin, AMEA-nın elmi müəssisələrində 2018-ci ildə aparılmış elmi təqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında AMEA Rəyasət Heyətinin müvafiq qərarının icrası ilə bağlı müzakirə aparılıb.

Sonda kadr məsələlərinə baxılıb.

Femida.az

Açar sözlər:

Oxunub: 556