Gömrükçülər tərəfdaşlıq əlaqələrini gücləndirir - FOTOLAR
17:21 16 Oktyabr 2018
Ümumdünya Gömrük Təşkilatının Bakıda yerləşən Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisində ÜGT-nin Avropa regionu üzrə tədris mərkəzləri rəhbərlərinin 9-cu iclası başlayıb.
DGK Mətbuat və İctimaiyyətlə Əlaqələr İdarəsindən Femida.az-a verilən xəbərə görə, tədbirin açılış mərasimində Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin sədr müavini, gömrük xidməti general-mayoru İqbal Babayev, ÜGT-nin əməkdaşları, Rusiya, Qazaxıstan, Qırğızıstan və Macarıstanda yerləşən regional tədris mərkəzlərinin nümayəndələri iştirak edib.
Dövlət Gömrük Komitəsinin sədr müavini İqbal Babayev mərasimdə çıxış edərək bildirib ki, dünyada gedən qloballaşma prosesləri ilə paralel olaraq ticarət dövriyyəsinin artması gömrük işinin təşkili sahəsində də yeni çağırışları, yeni yanaşmaları ortaya qoyur. Gömrük orqanları həm ticarətin asan və sürətli həyata keçirilməsini təmin etməli, həm də ölkənin iqtisadi təhlükəsizliyini, insanların sağlamlığını, əqli mülkiyyət hüquqlarını qorumalı, hüquqpozmalara qarşı mübarizə aparmalıdır. İqbal Babayev gömrük xidmətlərinin potensialın gücləndirilməsi alətlərinin tətbiqi hesabına bu istiqamətdə qarşılaşdıqları problemləri aradan qaldırmasının mümkünlüyünü və tədbirin bu işə töhfə verəcəyinə ümidvar olduğunu deyib.
Komitə sədrinin müavini potensialın gücləndirilməsi və gömrük sistemində elmi nailiyyətlərin tətbiqi istiqamətində Azərbaycan Gömrük Xidmətinin həyata keçirdiyi tədbirlərdən də bəhs edib. Bildirilib ki, ölkədə 2014-cü ildə Beynəlxalq Gömrük Universitetləri Şəbəkəsi (INCU) və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin birgə təşkilatçılığı ilə “Bali sazişindən irəli gələrək ticarətin asanlaşdırılması: siyasətin gerçəkləşməsi” mövzusunda ilk qlobal konfrans, 2015-ci ildə 53 ölkədən 241 nümayəndə, 21 beynəlxalq və regional təşkilatın təmsilçisi, o cümlədən 3 Nobel mükafatçısının iştirak etdiyi ÜGT-nin 10-cu illik PICARD (“Gömrük sahəsində akademik araşdırmalar və inkişaf uzrə əməkdaşlıq proqramı”) konfransı, 2016-cı ildə “Gənclərin dialoqu - beynəlxalq gömrük əməkdaşlığının genişləndirilməsi yolu ilə potensialın artırılması” və 2017-ci ildə isə “Gömrük idarəçiliyində aktual məsələlər və çağırışlar” mövzusunda beynəlxalq tələbə konfransları və digər mühüm tədbirlər keçirilib.
İqbal Babayev daha sonra Dövlət Gömrük Komitəsi Akademiyasının tədris prosesində elmi nailiyyətlərindən, elm mərkəzləri və institutlarla yaradılan əməkdaşlıq əlaqələrindən bəhs edib. O da bildirilib ki, hazırda Azərbaycanın gömrük-sərhəd keçid məntəqələrində ən müasir gömrük nəzarət vasitələri və avadanlıqları tətbiq olunur. Lakin bu avadanlıqlardan daha da səmərəli istifadə etmək üçün gömrük əməkdaşlarının potensialının artırılması vacibdir, bu sahədə ÜGT və qabaqcıl təcrübəyə malik tərəfdaş ölkələrlə qarşılıqlı təcrübə mübadiləsinə ehtiyac var.
Sonra çıxış edən Rusiya Federal Gömrük Xidmətinin nümayəndəsi Valeri Şerbakov, ÜGT-nin əməkdaşı Daşqın Əliyev və ÜGT-nin Bakı şəhərindəki Potensialın Gücləndirilməsi üzrə Avropa Regional Ofisinin rəhbəri Roger Hermann Azərbaycan Gömrük Xidmətinin göstərdiyi dəstəyə görə təşəkkürlərini bildirib, tədbirin qarşılıqlı əməkdaşlığın və potensialın gücləndirilməsində mühüm rol oynayacağına əminliklərini ifadə ediblər. İclas oktyabrın 18-dək davam edəcək. Tədbir müddətində əvvəlki iclasdan sonra görülmüş işlər, 2018-2019-cu illər üçün fəaliyyət planı, elektron ticarət, “bir pəncərə” və rəqəmsal gömrük sahəsində seminarların təşkili və digər məsələlər müzakirə olunacaq.
Femida.az
Oxunub: 458
Oxşar xəbərlər
- Gömrükçülər narkotik qaçaqmalçılığı cəhdinin qarşısını alıb
- Gömrükçülər külli miqdarda dərman vasitələri saxlayıb
- Gömrükçülər ölkə ərazisi ilə Ermənistana yük aparan İran vətəndaşını saxlayıb
- Gömrükçülər 218 kiloqram heroin aşkarladılar
- Gömrükçülər minik avtomobilində tapança aşkarladı
- Gömrükçülər ölkəyə "İphone 12" telefonların qanunsuz gətirilməsinin qarşısını alıb
- Gömrükçülər 12 cinayətkar dəstəni ifşa edib
- Gömrükçülər külli miqdarda narkotik vasitə aşkar edib
- Gömrükçülər qanunsuz yolla telefon və dərman keçirənləri saxladı
- Gömrükçülər külli miqdarda bəyan edilməyən mallar aşkarlayıb