12-ci həftədən sonrakı abortlar birbaşa cinayətdir - Baş müşavir

"12-ci həftədən sonrakı abortlar birbaşa cinayətdir" - Baş müşavir


15:47     19 Oktyabr 2018 18_10_19_1539949993.jpg


Son illər Azərbaycanda doğuş sayına görə oğlanların kəskin şəkildə çoxaldığı, qızların isə azaldığı aşkar faktdır. 90-cı illərdən sonra pozulan balans o vəziyyətə gətirib çıxarmışdı ki, doğulan hər 100 qıza 118 oğlan düşürdü. Son dövrlər aparılan islahatlar nəticəsində bu nisbət 100-114 sayına gətirildi. Lakin bu da balansdan çox uzaqdır. Düzdür, bu gün ölkədə hər 1000 kişiyə 1004 qadın düşür. Lakin bu ümumi əhalinin sayına görə balanslı görnüsə də, gənclərin nisbətində belə deyil.

Elə bu gün Bakıda BMT Əhali Fondu və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin təşkilatçılığı ilə “Azərbaycanda gender əsaslı cinsi seçimin qarşısının alınması və aradan qaldırılması üzrə Milli Fəaliyyət Planı” layihəsinin təqdimatı ilə bağlı keçirilən tədbirdə də müxtəlif fikirlər səsləndirildi. Fondun baş müşaviri Fərid Babayev Femida.az-ın mövzu ilə bağlı sualını cavablandırıb.

Azərbaycanda mentalitetdən irəli gələrək, ailələr qız uşaqlarını böyütməkdə maraqlı deyil. Odur ki, övladının qız olduğunu öyrənən valideynlər hamiləlik dövründə onu abort etdirirlər. Sizcə, abortlara görə, həkimlərə qarşı cəza tədbirlərini kəskinləşdirmək, yaxud uşaq doğulana qədər onun cinsinin anonim saxlanması məsələnin həllində nə dərəcədə rol oynaya bilər?



-Nəzərinizə çatdırım ki, hazırda onsuz da formal qaydada uşağın cinsinin anonim saxlanması ilə bağlı qadağa var. Həkimlər hamiləlik dövründə uşağın cinsini valideynlərə deməməlidirlər. Lakin qeyd etdiyim kimi bu formal qadağadır. Valideynlər hər hansı formada doğulacaq uşağın cinsini həkimdən öyrənirlər.

O ki qaldı cəza tədbirlərinə, Cənubi Koreya təcrübəsi göstərir ki, bu cür cəza tədbirləri vəziyyəti daha da pisləşdirə bilər. Valideynlər düşünür ki, qızdırsa, mən onu böyüdəcəm, daha sonra onu itiriəcəm. Biz cəza tədbirləri görməkdənsə, bu düşüncəni dəyişməliyik.
Qanuna əsasən, hamiləliyin 12-ci həftəsinə qədər qadının razılığı ilə uşağı abort etmək olar. 12-ci həftədən sonrakı abortlar birbaşa cinayətdir, insan ölümüdür. Nəzərə alsaq ki, uşağın cinsini 14-15-ci həftədə öyrənmək olur, odur ki, bəzi valideynlər uşağın qız olduğunu öyrəndikdən sonra hansı dövr olmasına baxmayaraq, uşağın həyatına selektiv abortla son qoyurlar. Lakin bununla belə həkimlərə cəza tədbiri görmək çıxış yolu deyil”.

Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin Layihələrin əlaqələndirilməsi şöbəsinin müdiri Səbinə Babazadə də abortlar üçün təkcə həkimi cəzalandırmağın düzgün yanaşma olmadığını müdafiə etdi. O, belə olan halda həkimlərin abort etmək üçün qəsdən şişirdilmiş diaqnozlar verəcəyini bildirib.

Amin Nəzərli

Femida.az

Açar sözlər: #abort   #hamilə   #qadın   #cəza   #Fərid_Babayev   #BMT   #ƏƏSMN   #nazirlik   #gender   #uşaq   #AQUPDK   #DSK   #həkim   #səhiyyə   #valideyn  

Oxunub: 1003