Bakıda 19 nəfəri aldadan bağça müdiri hakim qarşısında


16:35     22 Oktyabr 2018 1398947325_mehkeme.jpg

Bakıda külli miqdarda dələduzluqda təqsirləndirilən “Safay” uşaq bağçasının müdiri Tərlan Bağırova, müdir müavini Aləmzar Əliyeva və Azər Əliyevin cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.


Oxu.Az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən iclasda təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məlum olub ki, iş üzrə 19 zərərçəkmiş, 91 nəfər şahid var.

Hazırlıq iclası oktyabrın 29-da davam etdiriləcək.

İttihama görə, Bakının Yasamal rayonu, Əhməd Cəmil küçəsində hündürmərtəbəli binanın birinci mərtəbəsində fəaliyyət göstərən “Safay” uşaq bağçasının müdiri xeyli sayda qadını işlə təmin etmək adı ilə aldadaraq pullarını mənimsəyib.

Zərərçəkmişlərin sözlərinə görə, özünü bağçanın müdiri kimi təqdim edən Tərlan Bağırova və müdir müavini Aləmzar Əliyeva “Şamaxinka” adlanan ərazidə yeni açılacaq uşaq bağçasına onlardan işə qəbul edəcəklərinə dair söz verərək pul alıb.

T.Bağırova və A.Əliyeva işə düzəldəcəyi qadınlara iki gündən sonra səliqəli geyimdə bağçanın açılışına gəlmələrini deyib. Təxminən 19 qadın deyilən vaxt həmin ünvana gəlib. Lakin məlum olub ki, uşaq bağçası kimi təmir edilən obyektdə şəkillər və reklam lövhələri sökülüb.

Dələduzluğa məruz qalan vətəndaşların sözlərinə görə, Tərlan Bağırova və Aləmzar Əliyeva bu şəkildə 75 şəxsə külli miqdarda ziyan vurub.

Açar sözlər:

Oxunub: 374