Prezidentdən Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi ilə bağlı MÜRACİƏT


17:02     22 Oktyabr 2018 18_10_22_1540213351.jpg


Prezident İlham Əliyev Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş mərasimin iştirakçılarına müraciət edib.


Femida.az bildirir ki, müraciətin mətnini Gəmiçiliyin 160 illik yubileyi münasibətilə keçirilən tədbirdə Azərbaycan Prezidentinin İqtisadi məsələlər üzrə köməkçisi - şöbə müdiri Əli Əsədov oxuyub.

Müraciətdə deyilir: "Hörmətli mərasim iştirakçıları, sizi Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yaradılmasının 160 illik yubileyi münasibətilə səmimi qəlbdən salamlayır, hər birinizə ən xoş arzularımı çatdırıram.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi ölkəmizin ən qocaman şirkətlərindəndir. Onun bünövrəsinin qoyulması Bakı şəhərinin XIX əsrin ortalarında iri neft sənayesi mərkəzi kimi şöhrət tapmağa başladığı vaxta təsadüf edir. Dünyada ilk neft daşıyan barjın, ilk daxili yanma mühərrikli və ilk reversli iki mühərriklə çalışan gəmilərin Xəzərdə istismara verilməsi, ilk tankerin Xəzərdə səfərlər etməsi Azərbaycanın bu dövrdə gəmiçilik fəaliyyətinin yaddaqalan səhifələrindəndir. Tarix boyunca hər bir mərhələdə milli iqtisadiyyatın inkişafına qüvvətli təsir göstərən gəmiçilik ölkəmizdə ötən müddət ərzində mühüm hadisələrlə zəngin, şərəfli bir yol keçmişdir. Ümummilli Lider Heydər Əliyev respublikamızın bütövlükdə nəqliyyat sisteminə, o cümlədən iqtisadi əlaqələrin formalaşmasında əvəzsiz rol oynayan dəniz nəqliyyatına daim xüsusi diqqət yetirmişdir. Dənizçilərimizin fədakar əməyini həmişə layiqincə qiymətləndirən Ulu Öndərin gəmiçiliyin donanmasının modernləşdirilməsində müstəsna xidmətləri vardır".

Qeyd olunur ki, məhz Heydər Əliyevin rəhbərliyi ilə həmin illərdə ardıcıl həyata keçirilmiş kompleks tədbirlərin nəticəsində Azərbaycan indi gəmiçilik sahəsində kifayət qədər yüksək potensiala malikdir:

"Ölkəmizin Avrasiyanın əhəmiyyətli nəqliyyat-logistika mərkəzlərindən birinə çevrilməsinə yönəlmiş irimiqyaslı infrastruktur layihələri, o cümlədən iki donanmanın birləşdirilməsi yolu ilə "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin yaradılması, ən yeni texnoloji standartlar səviyyəsində Gəmiqayırma Zavodunun istismara verilməsi, 2017-ci ildə Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı və 2018-ci ildə Xəzərdə ən böyük Bakı Beynəlxalq Dəniz Ticarət Limanının istifadəyə verilməsi son illər Azərbaycanda bu istiqamətdə məqsədyönlü strateji planın uğurla reallaşdırılmasının bariz nümunələridir.

Ənənələrinə sadiq qalan, 160 illik təcrübəsindən lazımınca bəhrələnən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu gün beynəlxalq tələblərə uyğun dəniz nəqliyyatı xidmətləri gerçəkləşdirməklə iqtisadiyyatımızın inkişafına dəyərli töhfələr verir. İnanıram ki, Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yenə də ahəngdar iş rejimində çalışaraq ölkəmizin rəqabət qabiliyyətinin və tranzit potensialının yüksəldilməsi üçün üzərinə düşən vəzifələri müvəffəqiyyətlə yerinə yetirəcək, Xəzərdə özünün aparıcı mövqeyini qoruyacaq".

Dövlət başçısı "Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi" Qapalı Səhmdar Cəmiyyətinin çoxsaylı kollektivinə gələcək işlərində yeni-yeni nailiyyətlər arzulayıb.

Femida.az

Açar sözlər:

Oxunub: 511