Gəmiçiliyin 160 illik yubileyi qeyd edilib

Gəmiçiliyin 160 illik yubileyi qeyd edilib


19:51     22 Oktyabr 2018 2018/10/AA386101-3027-40D2-9F6A-C806D6D7F077_1540223588.jpeg

Şanlı, fədakarlıq və qəhrəmanlıqlarla dolu tarixi bir yol keçən, ölkəmizin ən qocaman şirkətlərindən biri sayılan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illik yubileyi ilə bağlı təntənəli tədbir keçirilib.

Qurumdan Femida.az-a verilən məlumata görə, Heydər Əliyev Mərkəzində baş tutan tədbirə Gəmiçiliyin rəhbər və sıravi heyəti ilə yanaşı, müxtəlif dövlət strukturlarının rəhbərləri, qurumun əməkdaşlıq etdiyi yerli və xarici şirkətlərin rəhbər və nümayəndələri, ictimai-siyasi xadimlər, veteran dənizçilər, Azərbaycan Dövlət Dəniz Akademiyasının tələbələri də qatılıblar.

Rəsmi hissədən əvvəl tədbir iştirakçıları Heydər Əliyev Mərkəzində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi ilə bağlı gənc rəssamlar arasında keçirilən təsviri incəsənət müsabiqəsinə təqdim olunmuş əsərlərdən ibarət “Gəmiçilik 160” adlı sərgiyə baxıblar. Burada yer alan 100-dən çox təsviri incəsənət (rəngkarlıq, qrafika, heykəltəraşlıq) nümunələrində Xəzər dənizçilərinin çətin və fədakar əməyi, ölkəmizdə gəmiçiliyin inkişafı və s mövzular əksini tapıb.

Tədbirin rəsmi hissəsinin əvvəlində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin üç əsrlik tarixini özündə əks etdirən qrafik video elementlərdən ibarət şou təqdim olunub.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyinə həsr olunmuş yubiley tədbiri Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə açıq elan edilib.

Daha sonra Prezidentin İqtisadi məsələlər üzrə köməkçisi-şöbə müdiri Əli Əsədov dövlət başçısı İlham Əliyevin dənizçilərə ünvanladığı təbrik məktubunu oxuyub.

Tədbirdə çıxış edən “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin sədri Rauf Vəliyev qonaqları salamlayıb, yubiley münasibəti ilə bütün dənizçiləri təbrik edib. Bildirib ki, Ulu öndər Heydər Əliyevin təməlini qoyduğu və Prezident İlham Əliyevin davam etdirdiyi müasir dövrün iqtisadi islahatları ölkəmizə böyük uğurlar gətirib. İstər Ümummilli liderimiz Heydər Əliyevin ölkənin siyasi rəhbərliyində olduğu dövrlərdə, istərsə də İlham Əliyevin hakimiyyəti illərində gəmiçilik sahəsinin inkişafına daim qayğı göstərilib.

Son beş illik fəaliyyətlə bağlı hesabat verən Rauf Vəliyev bu müddətdə aparılan islahatlardan danışıb. O bildirib ki, sözügedən dövrdə gəmiçilik fəaliyyəti üzrə beynəlxalq sertifikatlar alınıb, əməliyyatların təhlükəsiz və ətraf mühitə zərər vurmadan aparılması istiqamətində xeyli iş görülüb. Rauf Vəliyev Gəmiçilikdə gənclər və kadr siyasətindən, AXDG-nin Xəzərdə aparıcı mövqeyinin qorunub saxlanılması istiqamətində atılan addımlardan, donanmaların yenilənməsindən ətraflı söhbət açıb. Bildirib ki, son beş ildə Gəmiçiliyin donanmasına 20 yeni gəmi daxil edilib. Onlar həm yükdaşımalarda, həm də neft-qaz layihələrində iştirak edən müasir tipli gəmilərdir. Ötən beş ildə Gəmiçiliyin xarici sularda 14 gəmisi istismara verilib. Bunlardan 12-si quru yük gəmisi, 2-si tankerdir.

“AXDG” QSC sədri qeyd edib ki, hazırda Bakı Gəmiqayırma Zavodunda Gəmiçilik üçün daha dörd gəminin, vaqon-TİR və sərnişin daşınması üçün nəzərdə tutulan iki yeni nəsil Ro-Pax/Bərə tipli gəminin və iki tankerin tikintisi həyata keçirilir. Bu günlərdə yeni tikilən ilk tanker suya salınacaq və zavodla daha dörd unikal tankerin tikintisi barədə müqavilə imzalanacaq. Ümumiyyətlə, 2025-ci ilə kimi 50-dən çox gəminin alınması və tikintisi planlaşdırılır.

Rauf Vəliyev Gəmiçiliyin 160 illik yubileyi ilə əlaqədar keçirilən silsilə tədbirlərdən də danışaraq qeyd edib ki, hazırda Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində “160 il -160 mənzil” adlı layihənin icrasına başlanılıb. Layihə çərçivəsində Gəmiçiliyin hələ SSRİ dövründən növbəyə duran 160 əməkdaşı ilin sonuna kimi mənzillə təmin olunacaq. Bu istiqamətdə işlər davam etdiriləcək və qısa müddətdə mənzil sevincini yaşayan dənizçilərimizin sayı 490 nəfərə çatacaq.

Bununla yanaşı, ilin sonuna kimi Xəzərdə ilk gəmi muzey istifadəyə veriləcək, qəhrəman və cəsur dənizçilərimizin şərəfinə abidə ucaldılacaq. Həm gəmi muzey, həm də abidənin dənizkənarı bulvarda, Bayraq meydanına yaxın ərazidə yerləşdirilməsi nəzərdə tutulub.

Rauf Vəliyev onu da qeyd edib ki, 160 illik yubiley çərçivəsində Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi ilə Gəmiçiliyin tarixinin qorunub saxlanılması, gələcək nəsillərə ötürülməsi məqsədilə tarixi araşdırma əsasında elmi kitab yazılıb və sənədli film çəkilib.

QSC sədri 5 illik fəaliyyəti dövründə Gəmiçiliyin mövcud infrastruktur və maddi-texniki bazasının da xeyli yeniləndiyini bildirib. Həm üzən, həm də sahil heyətinin iş şəraiti tam müasir tələblərə uyğunlaşdırılıb. Hazırda, Bakının gözəl guşələrindən birində, Bayraq meydanı yaxınlığında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin yeni inzibati binasının tikintisi işləri aparılır və həmin binanın növbəti ilin sonuna istifadəyə verilməsi planlaşdırılır.

Çıxışdan sonra beynəlxalq sularda da fəaliyyət göstərərək Azərbaycan bayrağını öz gəmilərində şərəflə dalğalandıran, müxtəlif yerli və xarici şirkətlərlə əməkdaşlıq edən Gəmiçiliyin yeni ad və loqosu ictimaiyyətə təqdim olunub. Beləliklə, şanlı tarixinin 160 illinə yekun vuran Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi yeni dövrə yeni brendlə qədəm qoyub.

Brendinq elementlərinə yeni nəfəs, müasirlik və eyni zamanda milli kolorit gətirən şirkət rəsmi internet səhifəsinin də yeni dizayn və yeni “www.asco.az” adı ilə fəaliyyətə başladığını açıqlayıb.

Daha sonra tədbirdə iştirak edən Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar naziri Ramin Quluzadəyə söz verilib.

Nazir bildirib ki, müasir nəqliyyat infrastrukturu dövlətin iqtisadi inkişafının əsas göstəricilərindən biri sayılır. Son illər Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkədə nəqliyyat sektoruna və onun əhəmiyyətli sahələrindən olan gəmiçiliyə də xüsusi diqqət ayrılır və mühüm işlər həyata keçirilir. O, nəqliyyat sektoru ilə bağlı Azərbaycanda gerçəkləşdirilən dinamik islahatlar, beynəlxalq səviyyəli layihələr barədə danışıb.

“Topaz Energy and Marine” şirkətinin baş icraçı direktoru cənab Rene Kofod-Olsen Gəmiçiliyin rəhbərliyinə və dənizçilərə 160 illik yubiley münasibəti ilə təbriklərini çatdırıb.

Amerika Gəmiçilik Bürosunun Xəzər dənizi regionu üzrə meneceri Seyfəttin Tatlı Gəmiçiliyin fəaliyyətini beynəlxalq standartların tələblərinə tam uyğun qurduğunu bildirib. O qeyd edib ki, müvafiq təsnifat cəmiyyətlərindən müsbət rəy və uyğunluq sertifikatları alan Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi bu istiqamətdə Amerika Gəmiçilik Bürosu ilə də uğurlu əməkdaşlıq həyata keçirir.

Dənizçiləri Azərbaycan neftçiləri adından SOCAR-ın I vitse-prezidenti Xoşbəxt Yusifzadə təbrik edib. Görkəmli neftçi qeyd edib ki, dünyada dəniz neftinin erası məhz Azərbaycanda başlayıb. 1949-cu ildən Xəzərin dərin qatlarından da neft və qaz hasil edilir. Gəmiçiliyin Xəzər Dəniz Neft Donanmasının dənizçiləri Xəzər şelfində, dənizin Azərbaycan sektorunda qiymətli enerji daşıyıcıları hasil edilən ilk gündən neftçilərlə çiyin-çiyinə çalışırlar.

Rusiya Dəniz Gəmiçiliyi Registrinin baş direktoru Konstantin Palnikov “AXDG” QSC və RDGR arasında qarşılıqlı əməkdaşlıqdan danışıb. Azərbaycanın 160 illik tarixə malik Gəmiçilik şirkətində müasir idarəetmə sisteminin tətbiqində qazanılan uğurların təqdirəlayiq olduğunu deyən baş direktor belə bir şirkətlə təsnifat cəmiyyəti olaraq əməkdaşlıqdan məmnunluğunu ifadə edib.

Daha sonra bu il Azərbaycan Dövlət Dəniz Akademiyasını fərqlənmə diplomu ilə bitirən Cəmilə Məmmədova çıxış edib. 2018-ci ildə ADDA-nın “Gəmi sürücülüyü” fakültəsinin yeganə xanım məzunu olan gənc dənizçi bildirib ki, Azərbaycan Dövlət Dəniz Akademiyasında təhsil almaq qürurvericidir. Burada tələbələr üçün hər cür şərait yaradılıb, təhsildə uğur qazananlar “AXDG” QSC-nin “Zəmanət Məktubu” ilə işlə təmin edilirlər. Elə bu fürsətdən yararlanaraq Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin əməkdaşları sırasına daxil olan Cəmilə Məmmədova gələcək hədəflərindən danışıb.

Yubiley tədbirində Azərbaycan dənizçilərinin hər zaman dövlətin qayğısı ilə əhatə olunduğu xüsusi vurğulanıb. Bildirilib ki, hər il əməkdə fərqlənən dənizçilər Prezident İlham Əliyevin sərəncamı ilə müxtəlif ali mükafatlara layiq görülürlər. 160 illik yubiley ərəfəsində gəmiçilik sahəsində fəaliyyətə görə iki yeni – “Gəmiçilik sahəsində xidmətlərə görə” Azərbaycan Respublikasının medalı və “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi (1858-2018)” Azərbaycan Respublikasının yubiley medalının təsis edilməsi də dənizçilərə diqqətin əyani sübutudur.

Oktyabrın 20-də Prezident İlham Əliyev imzaladığı sərəncamlarla Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin 160 illiyi və dəniz nəqliyyatında xidmətlərinə görə daha bir qrup dənizçini dövlətin ali mükafatlarına layiq gördü.

“160 illiyini qeyd edən Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi tarixin unudulmaması üçün müxtəlif layihələr həyata keçirir. Bunlar arasında Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi əsasında yazılan kitablar mühüm yer tutur”. Bu sözləri isə Gəmiçiliyin tarixi haqqında kitabların müəllifi olan Əməkdar mədəniyyət işçisi Müsəllim Həsənov deyib. O qeyd edib ki, istər “Azərbaycanda Gəmiçilik - sənədli tarix”, istərsə də “Azərbaycanda gəmiçilik - şəkillərdə yaşayan tarix” adlı kitabı xarici və yerli arxivlərdə yer alan faktlar əsasında ərsəyə gəlib.

160 illik şanlı tarixin araşdırılması, onun öyrənilməsi və qorunub saxlanılması istiqamətində görülən işlərdən biri də Azərbaycan Xəzər Dəniz Gəmiçiliyinin sifarişi əsasında Gəmiçiliyin tarixi haqqında hazırlanan “Azərbaycanda gəmiçilik: Tarixin səhifələri” sənədli filmidir. Bu barədə isə filmin müəllifi, araşdırmaçı Fuad Axundov danışıb.

Yubiley tədbiri “Dənizçilər var olsun!” marşı ilə yekunlaşıb. Xalq artisti Mübariz Tağıyevin ifa etdiyi marşın sözləri Zəminə Xınalıya, musiqisi isə xalq artisti Faiq Sücəddinova məxsusdur.


Femida.az

Açar sözlər:

Oxunub: 198