Əli Qafarov dünyasını dəyişib


16:03     24 Oktyabr 2018 2018/10/photo_45630_1540382692.jpg

Azərbaycan Mətbuat Şurası (MŞ) jurnalist, hərbi fotoreportyor Əli Qafarovun vəfatı ilə bağlı nekroloq yayıb.



Şuradan Femida.az verilən məlumata görə, nekroloqda deyilir:

"Azərbaycan jurnalistikasının tanınmış simalarından olan, hərbi fotoreportyor Əli Qafarov dünyasını dəyişib. Mərhumun doğmalarına, əzizlərinə, yaxınlarına və dostlarına dərin hüznlə başsağlığı verir, onların üzüntülərini bölüşür, səbr diləyirik.

Qətiyyətlə demək olar ki, Əli Qafarov Azərbaycanın müasir dövr fotojurnalistikasında məxsusi yeri və çəkisi olan fədaidir. 1943-cü ildə Bakıda doğulmuş sənətkar fotoqrafiya üzrə peşə məktəbində təhsil alıb. Əmək fəaliyyətinə portret fotolar çəkməklə başlamış Ə.Qafarov 1970-ci ildən 1991-ci ilədək "Azərbaycan müəllimi", "Ədəbiyyat və incəsənət", "Azərbaycan idmaçısı" kimi qəzetlərdə fotomüxbir işləyib.

Dövlət müstəqilliyinin ilk illərində "Xalq ordusu" qəzetində çalışmış sənətkarın peşəkar fəaliyyətinə Dağlıq Qarabağ münaqişəsi böyük təsir göstərib. Münaqişənin müharibə alovu hərbi fotoreportyorun yaradıcılıq nümunələrində tam dolğunluğu ilə əksini tapıb. Bu mənada o, bənzərsizliyi və təkrarsızlığı ilə diqqət çəkib.

Ə.Qafarovun sənət yolu misilsiz cəsarət nümunəsidir. Bu yolda çətinliklər, məhrumiyyətlər, qatlaşılması ilk baxışdan mümkün olmayan əziyyətlər var. Əziyyət və çətinliklərə qatlaşmaq əzmi isə onun peşəyə hədsiz bağlılığından və sədaqətindən irəli gələn müstəsna keyfiyyətdir.

Ə.Qafarov şəxsi keyfiyyətlərini həyatının amalına çevirmiş örnəkdir. Onun fotolarında müstəqillik dövrü Azərbaycanının Xocalı vəhşəti, itirilmiş torpaqları ilə yanaşı, qəhrəmanlıq salnaməsi də canlanır. Heç şübhəsiz, bu salnamə dünyaya açılan pəncərəmiz, haqq səsimizdir. Mərhum fotoreportyor sənətinin Vətən üçün döyünən haqq səsini 1998-ci ildə üç dildə nəşr edilmiş "Şahid" fotoalbomunda təqdim edib.

Ə.Qafarovun istər Dağlıq Qarabağ müharibəndəki, istər ondan öncəki, istərsə də müharibədən sonra "Hərbi dəniz qüvvələrini qəzeti"ndəki və Müdafiə Nazirliyinin Sənədli filmlər kinostudiyasındakı əmək fəaliyyəti yüksək zəhmətkeşlik etalonudur. Nəcibliyi, xeyirxahlığı, qayğıkeşliyi və səmimiyyəti isə onu hər kəsin sevimlisinə çevirib. Bu səbəbdəndir ki, Ə.Qafarovun yoxluğu media və fotoqrafiya ictimaiyyəti böyük üzüntü və sarsıntıdır.

Bir daha mərhum fotoreportyorun ailə üzvlərinə, əzizlərinə, qədirbilən sənət dostlarına başsağlığı diləklərinimizi çatdırır, Uca Tanrıdan səbr diləyirik.

Allah rəhmət eləsin!"

Femida.az

Açar sözlər:

Oxunub: 634