Kamran Əliyev beynəlxalq tədbirdə iştirak edib


16:26     24 Oktyabr 2018 2018/10/iclas-6161529624_1540384104.jpg

Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən həyata keçirilən islahatlar çərçivəsində Azərbaycanda beynəlxalq standartlar səviyyəsində mütərəqqi antikorrupsiya qanunvericiliyi formalaşdırılmaqla yanaşı, ölkəmizin bu sahədə beynəlxalq əlaqələri daim inkişaf etdirilir.


Baş Prokurorluqdan Femida.az-a verilən məlumata görə, qeyd edilən səmərəli əməkdaşlıq əlaqələrinin davamı olaraq cari il oktyabrın 22-dən 24-dək Avstriyanın Rust şəhərində Korrupsiyaya qarşı Avropa Tərəfdaşları Təşkilatı (EPAC) və Korrupsiyaya qarşı Avropa Əlaqələndiricilər Şəbəkəsinin (EACN) 18-ci illik Peşəkar Konfransı və Baş Assambleyasının iclası keçirilib. Tədbirlərdə ölkəmizi Baş prokurorun müavini - Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin rəisi Kamran Əliyevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Bir sıra mötəbər beynəlxalq, regional və qeyri-hökumət təşkilatlarının, eləcə də müxtəlif dövlətlərin 100-dən artıq nümayəndəsinin iştirak etdiyi “Mürəkkəb problemlər onların davamlı və kompleks həllini tələb edir” mövzusunda keçirilən mötəbər tədbiri giriş söz ilə açan təşkilat sədri Andreas Vieseltaler və Avstriya Respublikasının dövlət katibi Karolina Edstadler çıxış edərək tədbirin əhəmiyyəti və qarşıda duran vəzifələrdən danışıblar. Tədbirdə dünyanın korrupsiyaya qarşı mübarizə aparan qurumlarının nümayəndələri arasında müsbət təcrübə, habelə bu istiqamətdə yaranan problemlər müzakirə edilmiş, paralel panellər çərçivəsində korrupsiya cinayətlərinin istintaqı zamanı insan və vətəndaş hüquqlarının müdafiəsi, müraciətlərə baxılması mexanizmi, səhiyyə sektorunda korrupsiya və “Avropa Şurasında dürüstlük” layihəsinin icrası məsələri ətrafında fikir mübadiləsi aparılıb.

İxtisaslaşmış anti-korrupsiya qurumlarının rəhbərlərinin iştirak etdiyi panel müzakirələrində Kamran Əliyev geniş təqdimatla çıxış edərək korrupsiya amilinin qlobal müstəvidə cəmiyyətlərin sabitliyinə, davamlı iqtisadi inkişafa və demokratik təsisatların qurulması prosesinə göstərdiyi mənfi təsirlərdən danışmış, hər bir ölkənin bu sahədə daxili imkanları ilə yanaşı, beynəlxalq əməkdaşlıq əlaqələrini də səfərbər etməsinin əhəmiyyətini qeyd etmişdir. Korrupsiyaya qarşı mübarizənin Prezident cənab İlham Əliyevin Azərbaycanda həyata keçirdiyi dövlət siyasətinin başlıca istiqamətlərindən biri olduğunu vurğulayan nümayəndə heyətinin rəhbəri, ölkəmizin bu sahədə beynəlxalq əməkdaşlığın gücləndirilməsinə xüsusi diqqət yetirdiyini bildirmiş, müxtəlif beynəlxalq və regional təşkilatlar, o cümlədən digər ölkələrin ixtisaslaşmış anti-korrupsiya qurumları ilə qurulmuş səmərəli əməkdaşlıq əlaqələri barədə iştirakçılara ətraflı məlumat verib.



Tədbir çərçivəsində nümayəndə heyəti tərəfindən Beynəlxalq Anti-Korrupsiya Akademiyası (IACA), Avropa Komissiyasının Dələduzluğa qarşı Mübarizə İdarəsi (OLAF), Avropa Şurasının Korrupsiyaya qarşı mübarizə aparan Dövlətlər Qrupu (GRECO) və digər beynəlxalq təşkilatların, habelə bir sıra ölkələrin nümayəndələri ilə ikitərəfli görüşlər keçirilməklə qarşılıqlı əməkdaşlıq perespektivləri müzakirə olunub. Konfransda iştirakçılara korrupsiyaya qarşı mübarizə sahəsində ölkəmizdə həyata keçirilmiş tədbirləri, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin fəaliyyətini əks etdirən buklet, bülleten və kitabçalar təqdim edilib. Tədbirin yekununda təşkilati məsələlərə baxılaraq qurumun rəhbər heyətinə seçkilər keçirilmiş və korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlığın daha da gücləndirilməsinə dair Bəyannamə qəbul edilib.

Femida.az

Açar sözlər:

Oxunub: 414