Dörd ölkənin müdafiə naziri eyni ərəfədə necə öldü? - Miflər və həqiqətlər


15:19     25 Oktyabr 2018 18_10_25_1540466433.jpg

İşlədiyi bütün rəhbərlərlə münasibətləri tənzimləməyi bacaran, ustalıqla mövqeyini qoruyan, sıravi əsgərlikdən marşal rütbəsinə qədər inamla irəliləyən Dmitri Ustinov öz fəaliyyəti dövründə üç böyük hərbi quruma, 1941-1953-cü illərdə SSRİ Xalq Silah Komissarlığına, 1953-1957-ci illərdə SSRİ Müdafiə Sənayesi Nazirliyinə, 1976-1984-cü illərdə isə SSRİ Müdafiə Nazirliyinə rəhbərlik edib.

Femida.az musavat.com-a istinadən bildirir ki, SSRİ-nin hərb tarixində Ustinov döyüşən zabit kimi deyil, arxa cəbhə zabiti kimi tanınıb. Elə 1976-cı ildə müdafiə naziri, marşal Andrey Qreçko gözlənilmədən öləndə onun yerinə Ustinov təyin olunarkən, bu təyinat siyasi elita tərəfindən birmənalı qarşılanmayıb. Qreçko kimi bir marşaldan sonra Ustinovun bu vəzifəyə gətirilməsi hətta bəzi Siyasi Büro üzvlərinin açıq etirazına səbəb olub. Ancaq Andropovun Ustinovla yaxın münasibətləri bütün etirazlara son qoyub.

Ümumiyyətlə, Dmitri Ustinov bütün vəzifələrə təyin olunarkən mövcud dövrün ən ötkəm, sözü keçən siyasi fiqurlarından dəstək alıb. Onun 1941-ci ildə silah komissarı təyin olunmasının əsas səbəbkarı Lavrenti Beriya olub. Beriyanın oğlu Serqo

Beriya xatirələrində ba haqda yazıb:
“Ustinovun komissar olması atamın Stalinə təqdimatı ilə olub. Atam onu yaxşı tanıyırdı, Ustinovu mütəxəssis kimi qiymətləndirirdi, onun Leninqraddakı fəaliyyətinə yüksək dəyər verirdi...”



Hələ 1937-ci ildə Ustinov Leninqradda “Bolşevik” zavodunda direktor müavini işləyərkən Stalinin göstərişi ilə həmin zavoda xarici avadanlıqlar gətirilib. Həmin avadanlıqların quraşdırılmasında xeyli gecikmə olub. Bununla bağlı Mərkəzi Komitədən zavoda xüsusi komissiya göndərilib. Komissiya qayıtdıqdan sonra boş qalan sexlərin şəkillərini təqdim etməklə Stalinə problemli vəziyyət haqqında məruzə edilib. Stalin iki gündən sonra zavod rəhbərliyini Kremlə çağırtdırıb. Müşavirə başlanan kimi rəhbər avadanlıqların quraşdırılmadığı boş sexlərin şəkillərini zavod rəhbərliyinə göstərərək cavab tələb edib. Bu məqamda söz istəyən Ustinov qovluğundan bir neçə şəkil çıxardaraq Stalinə təqdim edib. Həmin şəkillərdə xarici avadanlıqların artıq sexlərdə quraşdırıldığı əks olunub. Ustinov komissiya zavoddan getdikdən sonra iki gün ərzində problemi həll etməyə nail olub. Bu, Stalinin xoşuna gəlib və Ustinov onun yaddaşında bacarıqlı mütəxəssis kimi qalıb.
Dmitri Ustinov ona göstərilən etimadı ən yüksək səviyyədə doğrultmağı bacarıb. Silahlı Qüvvələrin təçhizat və təminat məsələsində, yeni hərbi-sənaye komplekslərinin yaradılmasında, 1941-ci ildə hərbi obyektlərin təhlükəsiz yerlərə köçürülməsində onun əvəzsiz xidmətləri olub.

Ustinovun iş rejimi həmkarları üçün ağılasığmaz sayılıb. O, sutka ərzində cəmisi 3-4 saat yatıb. Bu yuxu rejimi hər gün, on illərlə belə davam edib. Onun axşam saat 10-11-dən sonra hərbi sənaye obyektlərində peyda olması, gecə yarıdan keçmişə qədər müzakirələr aparması adi hala çevrilib.



İşgüzarlığı ilə daima rəhbərliyin diqqət mərkəzində olan Ustinov Brejnevin hakimiyyəti dövründə hərbi sahədə fəaliyyəti ilə bağlı siyasətdə də kifayət qədər fəallaşıb.

Siyasi Büronun üzvü olan Dmiri Ustinov Breynevin yaratdığı qeyri-rəsmi “kiçik siyasi büro”nun da üzvü olub. Bu büro “5-lik” də adlandırılıb: Brejnev, Andropov, Suslov, Qromıko, Ustinov. Büronun müzakirəsinə çıxarılan məsələlər əvvəl “5-lik”də müzakirə olunub. Və qeyd edək ki, hər iki büroda marşal Ustinov həlledici söz sahiblərindən biri olub.

Marşal Ustinov 1 dəfə Sovet İttifaqı Qəhrəmanı, 2 dəfə Sosialist Əməyi Qəhrəmanı, rekord sayda, 11 dəfə isə Lenin ordeni ilə təltif edilib.

Marşal Ustinovun ölümü bu günə qədər qədər də müəmma və sirr olaraq qalır. Ustinov 1984-cü ildə Varşava Müqaviləsi Təşkilatına üzv olan ölkələrin ordularının hərbi təlimlərindən qayıtdıqdan sonra dekabrın 20-də vəfat edib. Ustinovdan sonra daha üç ölkənin, Almaniya Demokratik Pespublikasının, Macarstanın və Çexoslovakiyanın müdafiə nazirləri də bir-birinin ardınca vəfat ediblər.



Bu müəmma ilə bağlı bir çox versiyalar söylənilib. Baş verən hadisə ilə bağlı Romanovun adı da hallanıb, versiyalarda Siyasi Büronun üzvləri, Ustinovla konfliktdə olan Tixonov və Qrişinin də adı çəkilib. Ancaq mövcud siyasi şəraitdə məsəlinin dərinliyinə gedilməyib, heç bir versiya öz təsdiqini tapmayıb.

Bu müəmmalara baxmayaraq, Dmitri Ustinov ölkənin birinci şəxsi olmadığı halda vəfatı ilə bağlı ölkədə rəsmi matəm elan olunub, dəfni televiziya ilə canlı yayımlanıb.

Marşalın xatirəsinin əbədiləşdirilməsi ilə bağlı İjevsk şəhəri Ustinov adlandırılıb. Ancaq 1987-ci ildə şəhər sakinlərinin kütləvi etirazları nəticəsində əvvəlki adına qaytarılıb.

Femida.az

Açar sözlər: #mif   #sovet   #tarix   #hərbi   #nazir  

Oxunub: 6656