Oğlu faciəli şəkildə ölən anadan nazirə ürəkdağlayan MÜRACİƏT


15:27     26 Oktyabr 2018 2018/10/44804657_262157631312858_5110465028687921152_n_1540553401.jpg

Sentyabrın 23-də Sumqayıt şəhər sakini Mirsəfər Əliyevin faciəvi şəkildə dünyasını dəyişməsi barədə məlumat vermişdik.

Xatırlatma üçün qeyd edək ki, 28 yaşlı Mirsəfər yaşadıqları binadan naməlum şəkildə yıxılaraq həyatını itirib. Keçən il ailə həyatı quran gəncin bir azyaşlı övladı var. Təfərrüatlı linkdə

Femida.az xəbər verir ki, Mirsəfər Əliyevin atası Mirabdulla Əliyev bir neçə il bundan əvvəl törətdiyi avtomobil qəzasına görə həbs olunub. Hazırda cəzasını çəkir. Ailənin durumu olduqca acınacaqlı olduğu üçün Mirsəfər Əliyevin anası Ənibəs Əliyeva ədliyyə naziri cənab Fikrət Məmmədova müraciət edib. Oğlunu faciəli şəkildə itirən, həyat yoldaşı həbsxanada olan köməksiz qadın Cənab nazirdən həyat yoldaşının oğlunun 40 mərasimində iştirak etməsi üçün müvəqqəti azadlığa buraxılmasını xahiş edib. Həmin müraciəti təqdim edirik:

“Hörmətli cənab nazir! Mən iki övladım üçün odlara girən bir ana olmuşam. Gecələr yatmayıb, rahat yuxu görmədim. Onları cəmiyyətimizə layiq bir insan olmaq üçün böyüdüb, tərbiyə elədim. İndi həyatda ümidim, dayağım olan yeganə oğlumu itirdim. Bu həyatın mənim üçün artıq mənası qalmayıb. Lakin balamın balası böyüyür. İki aylıqdır indi. Özüm onkoloji xəstəyəm. Həyat yoldaşım Mirabdulla Əliyev də, təsadüfən ehtiyatsızlıqdan yol qəzası törədib. Əlbəttə, bir insanı həyatdan məhrum etmək ağır günahdır. Mənim həyat yoldaşım bu hadisəni bilərəkdən törətməyib. Mirsəfər ona telefon açanda “Oğul, səsinə qurban olum” deyirdi. Mən türmədə görüş alıb, ərimin yanına getdim. Nəvəsini ilk dəfə qucağına verdim. Mirsəfəri soruşanda dedim ki, o daha yoxdur!!! Siz özünüz də atasınız, yəqin ki, oğul atasının həmin sözü eşidərkən hansı dəhşətli hisslər keçirməsini yaxşı anlayarsınız. Və nə qədər ağır olsa da, mən Mirsəfərin atasına o xəbəri verdim...İndi türmədə psixoloqlar, həkimlər Mirabdullaya nəzarət edirlər. İnsan kimi ondan qayğılarını əsirgəmirlər. Axı mənim həyat yoldaşım cinayətkar deyil, ehtiyatsızlıqdan qəza törədib. Noyabrın 2-də Mirsəfərimin 40 mərasimidir. Sizdən acizanə surətdə xahiş edirəm ki, onun oğlunun yas yerində iştirak etməsinə icazə verəsiniz. Artıq mənim gücüm qalmayıb. Mən heç Mirsəfərin yadigarını da qucağıma götürməyə gücüm yoxdur. Gəlinim də, mən də, atası da Mirsəfərin hesabına dolanırdıq. İndi bizim çörək gətirənimiz də yoxdur. Sizdən ikinci bir xahişim də odur ki, Azərbaycanın humanist qanunları çərçivəsində, Siz humanistlik göstərib, ərimin cəzasının çəkilməmiş hissəsindən azad edib, evə göndərin. Bəlkə o evdə olarsa, gəlinim və nəvəmə kömək edər. Biz köməksiz və kimsəsiz qalmışıq! Lakin mən dövlətimizə, prezidentimizə və qanunlarımıza inanıram. İnanıram ki, mənim bu böyük və həlli çətin olan problemimin həll olunmasında mənə və körpə balama, cavan gəlinimə bir ata qayğısı, böyük qayğısı göstərib, bizi nəzərdə saxlayacaqsınız. Tanrı Sizi gözlənilməyən qəzalardan hifz etsin!”

Məhkumların müvəqqəti azadlığa buraxılması hansı qaydada həyata keçirilir?

Femida.az xəbər verir ki, cəza çəkən məhkumların yaxınları, qohumları, ailə üzvləri vəfat edərkən onların dəfn, yas mərasimlərində iştirakı Azərbaycan Respublikası ərazisində praktikada geniş tətbiq olunub. Məhkumun müvəqqəti azadlığa buraxılması qanunla məcburi deyil. Bu hal yalnız Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin rəhbər şəxslərinin humanist addımı nəticəsində mümkün olur. Yəni, məhkumun müvəqqəti azadlığa buraxılması daxili qərar əsasında həyata keçirilir. Qeyd olunan humanist addımlar dəfələrlə Ədliyyə Nazirliyi tərəfindən atılıb.



Miri Məcidli
Femida.az

Açar sözlər: #Ədliyyə_naziri   #Fikrət_məmmədov   #Müraciə  

Oxunub: 2741